İnsanları din adı altında zərərli təbliğata necə cəlb edirlər? – Deputatdan AÇIQLAMA

Hazırda oxunan: İnsanları din adı altında zərərli təbliğata necə cəlb edirlər? – Deputatdan AÇIQLAMA

129919

İnsanları yönləndirməkdə, düşüncələrini tora salmaqda ən təsirli vasitələrdən biri din pərdəsi altında çıxış etməkdir. Dini təbliğatın gücü ilə ən yaxın insanları bir-birinə qarşı qoymaq, düşmənə çevirmək mümkündür. İstər İslam, istərsə də digər dinlərdə insanları dinə dəvət etmək, onlar arasında dini yaymaq əsas qəbul olunub. 

Təəssüf ki, dinə dəvət yolunu seçənlərin hansı niyyətlə bunu etdiyini, onun özünün bu dəvəti həyata keçirməyə mənəvi haqqı çatıb-çatmadığını bilmək çətindir.

Bəzən ictimai nəqliyyatda, istirahət parklarında öz “ovlarını” gözaltı edən bu cür insanlar qısa bir söhbətdən sonra əsl məqsədini açır. Ya oxumaq üçün bir kitab, ya da söhbətlərə gəlməsi üçün hansısa bir ünvan verir. 

İnsanların zəhərlənməsi də bundan sonra başlayır. Bu gün ölkəmizdə dini təbliğat aparanlar küçələrdən yığışdırılsa da, sosial şəbəkələrdə, müəyyən ünvanlarda işlərini aparmağa fürsət tapa bilirlər.

Bəs, zərər gətirən dini təbliğatın aparıldığı məkanlardan necə uzaq durmalı, bu cür insanların toruna düşməmək üçün nə etməliyik?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən Milli Məclisin üzvü, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov bildirib ki, adətən insanların “dinə dəvət edilməsi”, din adı altında zərərli təbliğata məruz qalması əvvəlcə onların müxtəlif ünvanlara dəvət edilməsi ilə başlayır. 
 

MÖVZU İLƏ BAĞLI:

İran Azərbaycana qarşı təxribatlarından niyə əl çəkmir? – TƏHLİL 


Ceyhun Məmmədovun sözlərinə görə, bu işi həm müsəlman, həm də digər dinin nümayəndələri edir: 

“Bu cür dəvətləri həm müsəlman dini nümayəndələri, həm xristianlar, həm də Azərbaycanda fəaliyyət göstərən digər din və təriqətlər də edirlər. Dəvət olunan məkanlarda insanlara müxtəlif dini təriqətlərlə bağlı təbliğat aparılır. Əsasən zərərli və zəhərli təbliğatlar insanların dəvət edildiyi  belə məkanlarda həyata keçirilir. 

Ona görə də insanlarımız bu cür yerlərə getməkdən çəkinməli, bu cür evlərə, toplantı yerlərinə getməməli, uzaq olmağa çalışmalıdırlar. Xüsusilə, bir sıra təriqətlərin fəaliyyətində özünü göstərən müəyyən xüsusiyyətlər var. Məsələn, Bakının mərkəzində bəzi sektaların nümayəndəsi əllərində kitablar paylayırlar. Daha sonra da həmin insanları verdikləri ünvanlara dəvət edirlər. Ora gedən insanlar isə müəyyən bir təbliğata məruz qalırlar. Ona görə də insanlarımız diqqətli olmalı, din adı ilə təqdim olunan hər bir vasitəyə inanmamalıdırlar”.

Müsahibimiz bildirib ki, əgər insanlar İslam dini haqqında dəqiq məlumatlar əldə etmək istəyirlərsə, bunun üçün Azərbaycanda fəaliyyət göstərən məscidlər var: 

“Din xadimlərinin rəsmi şəkildə təyinatı həyata keçirilən məscidlərimiz var. Bu cür məscidlərimizdə dini biliklər etibarlı, tanınan, bu sahə üzrə mütəxəssis olan şəxslər tərəfindən verilir. Onlar bu məscidlərimizə gedə bilərlər. İnsanların diqqətli olması ilə yanaşı, hüquq-mühafizə orqanları, dövlət qurumları da bu məsələlərə ciddi nəzarət etməli və bu cür fəaliyyətlərin qarşısını qətiyyətlə almalıdırlar”.  

Aygün İbrahimli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin