“Çiyninin yarası dərin idi. Altı əzələsi tikilib, ona görə də bir qədər ağrı hiss edir”.
Bizim.Media xəbər verir ki, bu sözləri oxu.az-a yaşadığı evin qarşısında sui-qəsd cəhdinə məruz qalan Milli Məclisin deputatı Fazil Mustafanın qardaşı İlqar Mustafayev deyib.
MÖVZU İLƏ BAĞLI:
Millət vəkili: “Yoldaşım qapını açanda dedim ki, məni vurdular” - VİDEO
O bildirib ki, güllə yarası dərin olduğu üçün əməliyyatdan sonra F.Mustafa həkim nəzarətində qalmalıdır:
“Ümumi vəziyyəti çox yaxşıdır. Ayağındakı yara demək olar ki, sağalıb. Gəzir, rahat oturub-durur. Amma çiyni onu bir az incidir. Tikiş qoyulub, altı əzələsi tikilib. Həkimlər reabilitasiya prosesini davam etdirirlər. Heç bir narahatlıq olmasa, iki-üç günə evə buraxılmasını gözləyirik”.
Xatırladaq ki, Fazil Mustafa aprelin 7-də yenidən cərrahi əməliyyat keçirib. Əməliyyat zamanı onun ayağına və çiyninə tikiş qoyulub.
Qeyd edək ki, hadisə martın 28-i saat 21:51-də paytaxtın Sabunçu rayonu, Zabrat-1 qəsəbəsi, Babək küçəsi ev 2 “Z” ünvanında qeydə alınıb. Belə ki, Milli Məclisin deputatı Mustafa Fazil Qəzənfər oğluna yaşadığı evin qarşısında “Kalaşnikov” avtomat silahından atəş açılaraq terror aktı törədilib. Nəticədə F.Mustafa sağ çiyin qurşağını və sağ budun aşağı üçdəbirini dəlib-keçən güllə yarası alıb. Ona zəruri tibbi xidmətlər göstərilib.
Xatırladaq ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, Fazil Mustafaya qarşı cinayət hadisəsi ilə əlaqədar Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun birgə keçirdiyi əməliyyat-axtarış, əməliyyat-istintaq tədbirləri çərçivəsində dörd nəfər müəyyən olunaraq saxlanılıb.
Bizim.Media