Onlar nə qədər gəlmə olsalar da, yaşadıqları ölkəni, torpağı Vətən sayırlar.
Qaraçılar haqqında nəinki ölkəmizdə, eləcə də dünyada formalaşan bir fikir var. Onlar hara getsələr, əksər hallarda dilənməklə, qapılardan sədəqə yağmaqla dolanırlar. Onların falçılıqla məşğul olanları, fırıldaqla pul qazananları da az deyil.
Bizim.Media olaraq bu gün Qax rayonun Qapıçay və Güllük kəndlərində məskunlaşan qaraçılar haqda söhbət açmaq istəyirik.
Doğrusu, onlar içlərinə kənar kiminsə gəlməsini, onları öyrənməsini, araşdırmasını istəməsələr belə, dostların köməyindən faydalanaraq, günlər sonra kəndə bir qədər yaxınlaşmağa nail oluruq. Yeri gəlmişkən, onlar şəkil çəkdirmək, obyektiv qarşısında dayanmaq barədə qəti düşünmürlər. Lakin bir istisna var.
Bu barədə bir qədər sonra...
Qaxın Güllük kəndində 70, Qapıçayda 80 ailə yaşayır. Qapıçay kəndi Güllük inzibati dairəsinə daxil olduğundan elə icra nümayəndəsi İlqar Məmmədova müraciət edirik. Birinci Qarabağ Savaşının iştirakçısı olan İlqar Məmmədov qaraçılarla bağlı söhbəti eşidən anda bir qədər tərəddüd etsə də, işimizə mane olmur. Sadəcə, “Bir qədər ehtiyatlı davranın. Bəziləri gəlib onları qızışdırır. Ya hansısa təxribatçı suallar verib, narahat edir” deyir.
Kənd icra nümayəndəsindən onu da öyrənirik ki, qaraçılar Qapıçaya və Güllüyə İrandan sürgün olunanların əsl-nəcabətləridir. Elə Qapıçay kəndində yaşayanları götürsək burada mesxeti türkləri ilə uzun illərdir birgə yaşayış mövcuddur və insalar dövlətə, xalqa bağlıdır. Xeyr-şərləri də birdir.
Baron, yoxsa tayfa başçısı, ya da obanın ağsaqqalı?
Dostların məsləhəti ilə kəndin ağsaqqalı Oruc kişi ilə görüşürük. Niyə məhz Oruc dayı? Yəqin, düşünə bilərsiz ki, qaraçılarda Baron deyilən və orda yaşayanların bütün işinə cavab verən birini nəzərdə tuturlar.
Xeyr, qətiyyən elə deyilmiş. Oruc dayı ilə elə ilk salam-kəlamdan “Şərti şumda kəsirik”. Deyir ki, “Sayıb ağsaqqal kimi qapımı döymüsünüzə elə ağsaqqal olaraq da qəbul edin. Yox, başqa yerə yozacaqsınızsa, söhbətimiz alınmaz”.
“Əlbəttə, fikrimiz yozmaq deyil, tanış olmaqdır” deyib, kişinin bozaran və qatılaşan səsini yumşaltmağa nail oluruq.
Müsahibim deyir ki, onlar da bu kəndə sonradan gəlib. Lakin hər elin-obanın bir qaydası olduğu kimi Qaxın da ab-havası, təbiəti kimi insanları var. “Nə yaxşı ki, burada məskən salmışıq. Sağ olsunlar, özüm ağır oturub, batman gələn insanam. Gənclər də mənə ağsaqqal kimi dəyər verir”.
Qapıçay balaca bir kənd olduğundan hamı hər kəsi tanıyır. Oruc kişi deyir ki, kəndin başında qışqıranda aşağıda eşitmək mümkündür. Ona görə sakitlikdir. Hər kəs öz işi ilə məşğuldur.
Məktəb və bağça onların həyatını dəyişir.
Oruc kişi ilə danışarkən bizi çaya qonaq edən xanımın söhbətimizə maraqlı replikaları ilə yön verməsi diqqətimizdən yayınmır. Kişinin yanında səsini ucatlmasa belə deyir ki, onların həyatında kənddə məktəbin və uşaq bağçasının fəaliyyət göstərməsi mühüm dəyişiklklərə səbəb olub. Qadın özünün də baxçada çalışdığını və uşaqların, ailələrin təhsildən sonra nə qədər Vətənə bağlı olduğunu diqqətimizə çatdırır. Ailə üzvləri ilə söhbət əsnasında öyrənirik ki, əvvəllər kənddə uşaqların əksəri dərsdən yayınar və getməzdilər. İndi isə valideynlər könüllü olaraq uşaqları baxçaya aparır.
Şəhidi var bu kəndin...
Oruc dayı ilə sağollaşıb ayrılarkən “Biz dövlətə, xalqa bağlı insanlarıq. 44 günlük müharibədə gənclərimiz iştirak edib. Şəhidimiz də var”-deyir. Əlbəttə, bu məqam diqqətimizdən yayına bilməzdi. Kəndin girişində şəhid bulağının olması da bundan xəbər verirdi.
Məlum oldu ki, Vətən Müharibəsinə bu kənddən də xeyli könüllü qatılıb. 19 yaşlı Samsun Babayev də onlardan biridir. Onunla yanaşı böyük qardaşı da döyüşlərdə iştirak edib. Babayevlər ailəsi də atası İrandan, anası isə Gürcüstandan olan azərbaycanlıdır.
Məlum oldu ki, bulağın arxa tərəfi elə Babayevlərin evidir. Şəhidimizn anası Çimnaz Babayevaya başsağlığı verib, şəhidlərə dua etdikdən sonra bir-iki kəlmə söhbətləşirik. Deyir, uşaqları vətənpərvərdir. Hər ikisi döyüşlərə könüllü qatılıblar. İndi böyük oğlu da hərbi xidmətdə müqavilə ilə işləmək üçün sənəd hazırlayır.
Bax belə...
Çoxmillətli, çoxkonfessiyalı Azərbaycanımızın ucqar bir yaşayış məntəqəsində eşidib-gördüklərimizi qələmə almağa çalşdıq. Elə olduğumuz Qapıçay kəndində bir neçə xalqın nümayəndəsinin artıq bir ailə kimi formalaşdığının canlı şahidiyik.
Xüsusən qaraçılar haqda dolaşan söz-söhbətlər bu kənddə artıq nağıla çevrilir. Çünki onlar qaynayıb-qarşır, çünki onlar dostla-düşməni ayırd edə bilirlər...
Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu
- A-
- A
- A+
Cəmiyyət
12:00 / 08.04.2023
Gəlmə olsalar da, yaşadıqları ölkəni Vətən sayırlar... – Qaxın qaraçılar yaşayan kəndindən FOTOREPORTAJ
Hazırda oxunan: Gəlmə olsalar da, yaşadıqları ölkəni Vətən sayırlar... – Qaxın qaraçılar yaşayan kəndindən FOTOREPORTAJ
Hazırda oxunan: Gəlmə olsalar da, yaşadıqları ölkəni Vətən sayırlar... – Qaxın qaraçılar yaşayan kəndindən FOTOREPORTAJ
129501
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.