“Həmin vaxt gözüm Polad Həşimovun gözlərinə sataşdı...”  – Döyüş yoldaşının generalla bağlı XATİRƏLƏRİ – FOTO

Hazırda oxunan: “Həmin vaxt gözüm Polad Həşimovun gözlərinə sataşdı...”  – Döyüş yoldaşının generalla bağlı XATİRƏLƏRİ – FOTO

129080

“Aprelin 3-dən 5-nə qədər onunla bir yerdə oldum. Tapqaraqoyunlunun qarşısında Talış yüksəkliyi var idi. Orada görüşdük. 

Ordu birliyinin qərargah rəisi olmasına baxmayaraq əsgər və zabitlərdən ibarət qüvvə ilə yeni azad edilmiş yüksəkliyin müdafiəsini təşkil etmişdi”.

Bu fikirləri Qadir Vəlişov Milli Qəhrəman, mərhum general Polad Həşimovla bağlı xatirələrini Bizim.Media ilə bölüşərkən deyib.  

Vəlişov Qadir Saday oğlu silahlı qüvvələrin ehtiyatda olan polkovnikidir. O, aprel döyüşləri zamanı cəbhənin Tərtər-Goranboy istiqamətində əməliyyatlara qoşulub.



Məhz elə döyüşün əsas simalarından biri olan, Azərbaycanın Milli Qəhrəmanı, şəhid general-mayor Polad Həşimovla bir səngərdə döyüşüb. Deyir ki, Həşimovun birlik komandirinin müavini olduğunu da bilmirmiş: 

“Onun yüksək vəzifədə olduğunu biləndən sonra dedim ki, “komandir, bəlkə siz qayıdasınız, biz burada idarə edərik”. Razılaşmadı, əsgər və zabitləri göstərib “döyüşçülərimin yanında olacağam. Buradan bir qarış geri çəkilmək olmaz, mən bura ölməyə gəlmişəm”, - dedi. Bundan sonra biz onunla bərabər hərəkət etdik. 
Səngər qurşağa qədər idi. Daşlıq olduğuna görə qazmaq mümkün deyildi. Düşmən minaatan bölmələri bizə çox dəqiq zərbələr endirirdi. O, həmin gənc əsgərləri sanki bir-bir əli ilə gizlədirdi. İstiqamət verirdi. Əgər rəhmətlik Polad olmasaydı orada itkilərimiz çox olacaqdı. Çünki minaatan bölmələri ilə yanaşı düşmən tankları da bizə atəş açırdı”.



Döyüşdə cəsurluğu ilə yanaşı qayğıkeşliyi, diqqətcilliyi ilə də yadda qalıb Polad Həşimov. Yaralanan hər kəsin təxliyəsində iştirak edib, onlara təskinlik verirmiş: 

“Səngər çox dayaz idi. Hərdən səngər boyu axıra qədər gedirdim ki, uşaqların ayıq-sayıqlığını yoxlayım, həm də səngərdən çıxmamağına nəzarət edim. Həmin epizodların birində - aprelin 5-i günü çiynimdən snayperlə vuruldum. Yerə yıxıldıqdan sonra yanıma minaatan mərmisi düşdü. Ağır yaralandım.

Partlayışın yaratdığı bir neçə saniyəlik şokun təsirindən ayılanda baxdım ki, qanın içindəyəm və Polad yanımdadır. Uşaqlar qorxmasın deyə özümü toxtaq tutmağa çalışdım. Həmin vaxt gözüm Poladın gözlərinə sataşdı.

Bir neçə damla göz yaşı axıtdı. Bilirsiniz necə qürurlu görünürdü?... O, əsl zabit idi, döyüşçü idi. Təxliyə vaxtı ağrılar o qədər şiddətli idi ki, öləcəyimi zənn etdim və Polada vəsiyyətimi dedim. Həmin vaxt övladımın toyu olacaqdı”... 



Bundan sonra, atəşkəs təmin olunana qədər qəhrəman zabitimiz Polad Həşimov əsgərlərlə çiyin-çiyinə yüksəkliyin müdafiəsini uğurla təşkil edir. Məhz elə buna görə də azad edilmiş həmin yüksəklikdə qurulan posta onun adını veriblər. 
Qeyd edək ki, aprel döyüşləri zamanı cəbhənin Tərtər-Goranboy istiqamətində aparılan hərbi əməliyyatlar nəticəsində 7 strateji yüksəklik işğaldan azad olunub, Ermənistan ordusunun 13 döyüş postu tamamı ilə darmadağın edilib. Goranboy rayonunun Tapqaraqoyunlu kəndi işğalçı ordunun atəşi altından qurtarılıb. 






















Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin