Sabiq daxili işlər nazirləri indi haradadır? – ARAŞDIRMA 

Hazırda oxunan: Sabiq daxili işlər nazirləri indi haradadır? – ARAŞDIRMA 

129073

Müstəqil Azərbaycanda daxili asayişin qorunmasına cavabdeh qurum Daxili işlər Nazirliyidir. Müstəqilliyin bərpasından sonra DİN-ə indiyə qədər 8 fərqli məmur rəhbərlik edib. 2019-cu ilin iyunun 20-si tarixindən bu günə qədər həmin vəzifəni general-polkovnik Vilayət Eyvazov icra edir. 

Bəs, sabiq daxili işlər nazirləri indi haradadır?

Bizim.Media bu suala cavab axtarıb:
 

MÖVZU İLƏ BAĞLI:

Vəzifəsini itirəndən sonra yatağa düşən MƏMURLAR – ARAŞDIRMA


Məhəmməd Əsədov

General-mayor Məhəmməd Əsəddov 1941-ci ilin dekabrın 5-də Zəngilan rayonunun Baharlı kəndində anadan olub. O, 1990-1991-ci illərdə Azərbaycanın daxili i̇şlər naziri olub.

20 noyabr 1991-ci ildə Xocavənd rayonu yaxınlığında, bir sıra digər dövlət xadimi ilə birgə içində olduğu Mi-8 vertolyotunun erməni hərbi birləşmələri tərəfindən vurulması nəticəsində şəhid olub. 

Tofiq Kərimov 

Məhəmməd Əsədovu nazir postunda Tofiq Kərimov əvəz edib. O, 1937-ci ildə anadan olub. 1991-ci ilin 18 noyabrından 1992-ci ilin martın 17-nə kimi DİN-ə rəhbərlik edib. Tofiq Kərimov daxili işlər naziri olaraq cəmi 4 ay fəaliyyət göstərib. 1995-ci ildə vəfat edib. 
Tahir Əliyev

17 mart 1992-ci ildən 25 aprel 1992-ci ilə qədər daxili işlər naziri vəzifəsini Tahir Əliyev icra edib. Tahir Əliyev 1954-cü ildə anadan olub. Bu vəzifəni tutmamışdan əvvəl müdafiə naziri olub (24 fevral 1992 – 17 mart 1992).

30 iyul 1993-cü ildən 10 yanvar 1995-ci ilə qədər isə T.Əliyev Dövlət Gömrük Komitəsinin sədri olaraq çalışıb. Hazırda ehtiyatda olan generaldır. 

İsgəndər Həmidov

İsgəndər Həmidov 1948-ci ildə Kəlbəcər rayonunun Bağlıpəyə kəndində anadan olub. 16 may 1992-ci ildən 16 aprel 1993-cü ilə qədər daxili işlər naziri postunu tutub. Həmçinin siyasətlə məşğul olaraq, 1990-1995-ci illərdə Milli Məclisin deputatı olub. 

İ. Həmidov 17 mart 1995-ci ildə 1992-ci ilin avqust-oktyabr aylarında 701 nəfər məhbusun həbsdən azad etmək, "İstiqlal" qəzetinin redaktorunu və əməkdaşını döymək, 400 min dolları mənimsəmək və israf etmək ittihamları ilə 14 il müddətinə azadlıqdan məhrum edilib.
O, 2003-cü ildə Prezident İlham Əliyevin imzaladığı sərəncamla əfv olunub. 26 fevral 2020-ci ildə vəfat edib.  

Abdulla Allahverdiyev

Abdulla Allahverdiyev DİN rəhbəri gələnə kimi Bakı şəhər Baş Polis İdarəsinin rəisi işləyib. A.Allahverdiyev 1993-cü ilin aprelin 16-dan iyunun 17-dək Azərbaycanın daxili işlər naziri olub. Hazırda təqaüddədir. 

Vaqif Novruzov

Vaqif Novruzov 1993-cü ilin iyulun 3-də Azərbaycanın daxili işlər naziri təyin edilir. V.Novruzov 1994-cü ilin aprelin 29-da vəzifəsini təhvil verib. O, sonuncu dəfə 2012-ci ildəki müsahibələri ilə gündəmə gəlməyi bacarıb.

Həmin dövrdə V.Novruzov daxili işlər naziri olduğu illərdə baş verən siyasi proseslər, eləcə də bir sıra vəzifəli şəxslərlə bağlı sensasion açıqlamalarla yadda qalmışdı.

Ramil Usubov 

General-polkovnik Ramil Usubov 1948-ci il dekabrın 22-də Xocalı şəhərində anadan olub. O, 29 aprel 1994-cü ildə daxili işlər naziri təyin olunub. R.Usubov 20 iyun 2019-cu ildə Prezident İlham Əliyevin sərəncamı ilə daxili işlər naziri vəzifəsindən azad edilib.
Həmin tarixdən bu günə qədər Azərbaycam Respublikasının Prezidenti yanında Təhlükəsizlik Şurasının katibi vəzifəsində çalışır. 

Rüfət Sultan, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin