“Uşaq evi qalıb kənarda, düşüblər yeniyetmənin üstünə” – İnternatlarla bağlı SENSASİON FAKTLAR

Hazırda oxunan: “Uşaq evi qalıb kənarda, düşüblər yeniyetmənin üstünə” – İnternatlarla bağlı SENSASİON FAKTLAR

129037

“Mən onu uşaqların içinə qoymayacağam, qoymayacağam”, “Sonra yenə mənim üstümə gələcək, hara gedəcək?”. “Ondan sonra necə gələcək?” “Heç kim götürmədi. Yenə mənim üstümdə qaldı”.

Qəribə olduğu qədər eqoistcəsinə olan bu fikirləri Bakı Şəhər Xətai rayonunda yerləşən 3 saylı Uşaq Evinin rəhbəri Məhbubə Hüseynova bu günlərdə gündəm olan 17 yaşlı Məhəmməd Hacıyev haqqında səsləndirib.
 

MÖVZU İLƏ BAĞLI:

İşdən çıxarılan baş həkimdən ÖZƏL AÇIQLAMA: “Uşaq haqqında nə demişəmsə, düz demişəm”


Uşaq Evinin rəhbəri verdiyi açıqlama zamanı o qədər gərgin, aqressiv hərəkətlər edir, 17 yaşlı yeniyetmə haqqında o qədər əsəbi danışır ki, sanki qarşısında xalq düşməni dayanıb. Üstəlik onu uşaq evinə qoymayacağını deməklə dövlət müəssisəsini özəlləşdirir.

Uşaq evindən ərzaqların aparıldığını, uşaqların ac qaldığını deyən yeniyetmənin danışığı ilə direktorun nitqini müqayisə edəndə ikincinin psixoloji yardıma daha çox ehtiyacı olduğu görünür.

Məhəmməd Hacıyevin 17 illik həyatında qarşılaşdığı sınaqlara qısaca nəzər salaq:

2018-ci ildə övladlığa verildiyi ailədə yaşadığı problemlərdən sonra 2020-ci ildə övladlığına xitam verilir. Sonra Sosial Xidmətlər Agentliyinin sığınacağına göndərilir, oradan yeniyetməni 1 saylı Respublika Psixiatriya Xəstəxanasına, bir müddət sonra Reabilitasiya Mərkəzinə yerləşdirirlər.
Daha sonra “Ümid” Cəmiyyətinə göndərilən Məhəmmədi sığınacaq növbəti dəfə qəbul etmir. Bundan sonra usaq 3 saylı Uşaq Evinə qaytarılır. 

Direktor bu vəziyyəti belə izah edir: “Sonra yenə qaldı mənim üstümə”. 

Qeyd edək ki, bir müddət əvvəl sözügedən uşaq evinə verilən qurban ətinin və s. satılması ilə bağlı tərbiyəçi köməkçilərindən biri sosial şəbəkələrdə məlumatlar yaymışdı. 

Onu da əlavə edək ki, Məhəmmədin yerləşdirildiyi xəstəxananın artıq sabiq baş həkimi, Əməkdar həkim Ağahəsən Rəsulov uşağın psixologiyasında cüzi pozğunluqlar olsa da, ruhi xəstə olmadığını açıqlamışdı. Məlum olduğu kimi, bu açıqlamadan sonra həkim vəzifəsindən azad olunub.

Bu hadisə, əslində məlum faktları, uşaq evləri, baxçalarında yaşananları bir daha gün üzünə çıxardı. Çünki bu cür məkanlarda verilən ianələrin direktorlar tərəfindən aparılması kimi problemlər yeni deyil. Hətta direktorların bu qənimətlərdən yaxın rəfiqələrinə də pay verməsi ilə bağlı məlumatlar var.

Bəs, bu qədər problemlərin gün işğına çıxmasına baxmayaraq nəyə görə bu cür direktorlar haqqında tədbirlər görülmür? 

Onu da deyək ki, Bakı şəhər İcra Hakimiyyətindən bu məsələ ilə bağlı uşaq evinin açıqlamasının olacağı bildirildi. Uşaq evinin açıqlamasında nələrin sadalanacağı təxminən məlumdur. İcra hakimiyyətindən o da bildirildi ki, bu söz-söhbəti mətbuat və bir qrup insanlar özləri üçün yaradır.

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən tanınmış sosioloq Əhməd Qəşəmoğlu uşaq evlərində vaxtilə nələr baş verdiyi haqqında məlumatlı olduğunu bildirib: 

“Uşaq evlərində elə hadisələr baş verir ki, buna ancaq heyrət etmək olar. Bir hadisə danışım. Azərbaycanda yaşayan səfirlərin həyat yoldaşlarının xeyriyyə cəmiyyəti var idi. Bir dəfə onlar uşaq evlərinə yardım etmək məqsədilə, QHT-də təmsil olunduğum üçün mənə müraciət etdilər.

Sumqayıt şəhərində olan uşaq evinin dam örtüyünü dəyişdilər, müxtəlif bu cür işlər gördülər. Daha sonra uşaq evlərinə kömək etmək istədiklərini, amma əvvəlcə qəfil gedib vəziyyətlə yerində tanış olacaqlarını dedilər. Uşaq evlərindən birinə getdik. Hansı ki bizə orada 120-yə qədər uşaq olduğu deyilmişdi. 

Amma axtardıq, cəmi 20-yə qədər uşaq tapdıq. Uşaqların vəziyyəti ürəkaçan deyildi. Nəticədə cəmiyyət uşaq evinə kömək etməkdən imtina etdi. Sonra araşdırdım və məlum oldu ki, bu cür uşaq evlərində adətən çox uşağın adı yazılır, həqiqətdə isə az uşaq olur. Amma paltar, ərzaq və s. üçün vəsait yazılan uşaqların sayı qədər xərclənir. 

Sonra uşaq evlərinə direktorların necə götürüldüyünü də araşdırdıq. Onun da aydın mənzərəsi ortaya çıxdı…”. 

Sosioloq bildirib ki, bu gün istənilən uşaq evində vəziyyətin necə olduğunu aydınlaşdırmaq üçün xəbərsiz ora getmək olar. Onun sözlərinə görə, həmin müəssisənin rəhbərliyinin həyat şəraiti, istifadə etdiyi avtomobil , ev-eşiyi və güzaranı araşdırılsa, hər şey daha çox aydın olar.

Ə.Qəşəmoğlu Məhəmməd Hacıyevin məsələsi ilə bağlı da fikirlərini bölüşüb: 

“Uşağın xəstəliyi ilə bağlı mübahisə yaranıb. Əslində, burada uşağın xəstə olması ikinci plandadır. Uşaq müəyyən faktlar irəli sürüb. Əvvəlcə həmin faktların doğru olub-olmadığı yoxlanmalıdır, sonra uşaq. Amma nəyə görəsə uşağın səsləndirdiyi faktlar qalıb kənarda, əvəzində özünü yoxlayırlar.

Ona görə də ortada cavabsız suallar var. Ölkədə müəyyən islahatlar gedir. Bu cür islahatların vacib olduğu sahələrdən biri uşaq evləridir. Belə yerlərə seçilənlər nəyinsə xətrinə deyil, mütəxəssis olduqları üçün seçilməlidirlər”. 

Aygün İbrahimli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin