Elmimizin inkişafına mane olan SƏBƏBLƏR – 90 yaşlı alimlər, qohumbazlıq...

Hazırda oxunan: Elmimizin inkişafına mane olan SƏBƏBLƏR – 90 yaşlı alimlər, qohumbazlıq...

128899

Dünyada olan elmi yenilikləri öyrənmək və ölkəndə tətbiq edə bilmək üçün bu barədə hansısa nəşrdən, internetdən oxumaq kifayət etmir.

Bu sahədə olanlar yerində araşdırılmalı, öyrənilməlidir. Bu yolla həm də universitetlərimizin reytinqini, elmi mühiti inkişaf etdirə bilərik. Mütəxəssislər də bu fikirdədir. 

Məsələn, bir çox sahələrdə həyata keçirdiyi layihələrindən nümunə götürdüyümüz Türkiyə doktorantlar üçün necə şərait yaradır?  

Bu günlərdə Türkiyə Ali Təhsil Şurası (YÖK) doktorant və tədqiqatçıların beynəlxalq standartlarda araşdırma aparması üçün yeni layihələrə start verib.

Belə ki, 100 doktorant son 3 ildə reytinqdə ilk 700-ə daxil olan universitetlərdə araşdırmaların aparılması üçün təşviq ediləcək. Onlar üçün dövlət tərəfindən ayda 20 min lirəyə qədər dəstək veriləcək. 1 aydan 3 aya qədər davam edəcək tədqiqatlar boyunca ayda 10 min lirə nəqliyyat dəstəyi də göstəriləcək.
Bəs, biz nələr edə bilərik?

Bu gün universitetlərimizin dünya reytinq sıralamasında yer almamasından, elmi mühitimizin zəifliyindən cəmiyyətdə narazılıqların olduğu məlumdur. 

Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri, fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru İlqar Orucov mövzu ilə bağlı fikirlərini Bizim.Media ilə bölüşüb.  
 

MÖVZU İLƏ BAĞLI:

Bakıdakı yüksək səs-küy ölümə necə yol açır? – Alimdən HƏYƏCAN TƏBİLİ


O bildirib ki, Azərbaycanda bu sahədə müəyyən layihələr reallaşdırılıb: 

“AMEA-nın həm Gənclərin İntellektual İnkişaf Mərkəzinin, həm də Akademiyanın Gənc Alimlər Şurasının sədri olanda ilk dəfə bu istiqamətdə işlərə başladıq. Avropa İttifaqının “Gənc doktorantların mübadilə proqramı” çərçivəsində, Azərbaycan hökümətinin də dəstəyi ilə, təxminən 20-dən çox gənc doktorant Avropanın ən nüfuzlu elmi mərkəzlərində tədqiqat aparmaq məqsədilə göndərildilər.

Onlar fəlsəfə doktoru elmi dərəcələrini əldə etmək üçün iki il müddətində tədqiqatları Avropada həyata keçirdilər. Sonra Azərbaycana qayıtdılar. 2013-cü ilə qədər gənc tədqiqatçıların dünyanın müxtəlif ölkələrində tədqiqatlara qoşulmalarını təşviq etdik”.
Müsahibimiz hazırda Azərbaycanda bu istiqamətdə  görülən işlərə də toxunub və gənclərin  xaricdə doktorantura pilləsində təhsil alması ilə bağlı 2019-2023 cü illəri əhatə edəcək Dövlət Proqramını xatırladıb: 

“Proqram çərçivəsində doktorantura pilləsində təhsil alan gənclər mütləq şəkildə gəlib Azərbaycanda işləməli, universitetlərdə tədrislə məşğul olmalıdırlar. Bu istiqamətdə işlər görülür. Bu proqram da Prezidentin Azərbaycanda insan kapitalının inkişafı ilə bağlı hədəflədiyi məqsədli proqramlardan biridir.

Azərbaycan gənclərinin xaricdə təhsil alması ilə bağlı iki proqram mövcuddur. 2007-2015-ci illəri əhatə edən proqramdan sonra növbəti dövlət proqramına start verilib ki, bundan da magistrlar daha çox yararlanacaqlar. Proqram bitdikdən sonra nəticəsini görəcəyik. Gənclər üçün bu cür şəraiti yaratmaq çox vacibdir”. 

Müsahibimiz bildirib ki, xaricdə yüksək təhsil alan gənclər Azərbaycanın  elmi mühitinin bərpa olunmasında rol oynayacaqlar: 

“Bu baxımdan elmimizin gələcəyinə nikbin baxa bilirəm. Amma onu da deyim ki, gənclərin xarici ölkələrdə tədqiqatlara cəlb edilməsi üçün dövlət başçısı səviyyəsində aparılan işlərlə yanaşı, bu istiqamətdə müvafiq qurumlar da ciddi strategiyalar işləyib ortaya qoymalıdırlar.

Milli aviakampaniyalar mütləq şəkildə xaricdə təhsil alan, tədqiqat aparan gənclərlə bağlı əlçatan yanaşmanı ortaya qoymalıdır. Nəqliyyat xərclərində endirimlər vacibdir. Yəni, bu sahədə işlər kompleks şəkildə həyata keçirilməlidir. 

Əvvəllər AMEA-da bu sahədə münbit mühit var idi. Amma təəssüf ki, 2013-cü ildən sonra bu mühit söndürüldü. Hesab edirəm ki, yeni rəhbərlik gənclərə yönəlmiş strategiyalar hazırlayacaq. İstedadlı gəncləri tapıb onları xarici ölkələrdə tədqiqatlara cəlb edəcəklər.

Heç ali təhsil müəssisələrində də bunu görümürük. Univeristetlər müəyyən büdcəyə malikdir. Onlar beynəlxalq elmi qrant layihələrində aktiv iştirak etməlidirlər. Hansı ki, böyük hissəsi birgə tədqiqatlara hədəflənir. 

Təəssüf ki, Azərbaycanda elmi mühit xeyli korlanıb. Əslində, bu mühitdə qohumbazlıq, tanışlıq, yalançı lobbiçilik olmamalıdır. Lobbiçilik savadlı, gələcəkdə elmimizi dünya səviyyəsinə qaldıracaq gənclər naminə olmalıdır. Hər universitet ildə 5-6 doktorantını xaricdə oxutsa, qabaqcıl elmi mərkəzlərə göndərsə, bəlli müddətdən sonra elmi potensialımızı bərpa edə, universitetlərin simasını dəyişə bilərik.
Amma hamımız başa düşürük ki, Azərbaycanda yaxşı elmi-tədqiqat mühiti yoxdur. Elm adamları qocalıb, o həddə çatıb ki, elmi-tədqiqat müəssisələrinə 80-90 yaşlı direktorlar rəhbərlik edir. Onlar dünyada gedən elmi proseslərdən xəbərsizdirlər. Bu baxımdan yaxşı mənada gəncləşmənin tərəfdarıyam”. 

İlqar Orucov bildirib ki, elmi tədqiqat müəssisələrində faydasız işlə məşğul olan insanlar yer alır. İnstitutların böyük bir hissəsinin Elm və Təhsil Nazirliyinə verildiyini xatırladan müsahibimiz  nazirliyin bu istiqamətdə ciddi işləməsinin vacibliyini də vurğulayıb: 

“İnstitutlar nazirliyin tərkibinə ona görə verilməyib ki, elə əvvəlki formatda, görüntü xatirinə elmlə məşğul olsunlar. Hesab edirəm ki, nazirlik məsuliyyətdən irəli gələrək, korlanmış elmi mühiti, uzun illər kök salmış, zədələnmiş elmi mühiti düzəldə biləcəklər.

Bu istiqamətdə ən yaxşı təcrübələr mənimsənilməlidir. Artıq elm sərhəd tanımır.

Müxtəlif ölkələrdən olan tədqiqatçılar başqa-başqa ölkələrdə tədqiqat aparır. Bütün bunlar mübadilə proqramları çərçivəsində aparılır. Universitetlərin reytinqinə çox ciddi təsir edən vacib faktorlardan biri də orda elmi mühitin sağlam olması, elmi tədqiqatların dünya səviyyəsində aparılmasıdır. Universitetlərimiz bu məsələdə kifayət qədər axsayır. Elmi tədqiqat müəssisələrindən isə danışmağa dəyməz”. 
İlqar Orucov sonda onu da vurğulayıb ki, nazirliklərin nəzdindəki müxtəlif sahə institutlarının da kifayət qədər imkanları var: 

“Bu institutlar da beynəlxalq nüfuzlu mərkəzlərə gəncləri göndərə bilərlər”. 

Aygün İbrahimli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin