Xətai rayonunda yerləşən 3 saylı Uşaq evinin sakini 17 yaşlı Hacıyev Məhəmməd Eldəniz oğlunun səsləndirdiyi iddialar ictimaiyyətdə əks-səda doğurub. Kimin haqlı olduğu bəlli deyil.
Maraqlısı odur ki, 17 yaşlı yeniyetmə uşaq evində baş verən haqsızlığı dilə gətirəndən sonra onun psixoloji durumunda problemlərin olduğu iddia edilib və Psixiatriya xəstəxanasına yerləşdirilib. Məhz bu addım cəmiyyətdə birmənalı qarşılanmayıb.
Azərbaycan Uşaqlar Birliyinin rəhbəri Kəmalə Ağazadə Bizim.Media-ya açıqlamasında 17 yaşlı yeniyetmənin məlum üsyanının ictimailəşməsində 3 saylı Uşaq Evinin rəhbərliyini qınayıb.
MÖVZU İLƏ BAĞLI:
“Uşaq evində bizə ətin sümüyünü verirlər” deyən yeniyetmə Psixiatriya Xəstəxanasına salındı - VİDEO
Onun sözlərinə görə, məsələnin bu həddə gəlib çatmasına səbəb uşaq evlərində təlim-tərbiyə prosesinin düzgün qurulmaması ilə bağlıdır:
“Bu gün uşaq müəssisələrində təlim-tərbiyə məsələsində boşluqlar var. Uşaqlar müəssisəyə düşməzdən öncə düzgün qiymətləndirmə aparılmır. İstənilən uşağın psixoloji durumu, aldığı travma müəyyən olunursa, davranış pozuntusu üzə çıxırsa, demək ki, bunun vaxtında müalicəsinə ehtiyac vardı və uşaqla işləmək lazım idi. Demək ki, əsas məqam buraxılıb.
Mən o videoya baxanda və verilən suallara uşağın cavablarını eşidəndə onun kimsə tərəfindən idarə olunmasını da müşahidə etdim. Əlbəttə ki, müəssisə rəhbərliyi zamanında hadisənin bu həddə gəlib çatmasını gözləməməli idi. Əgər direktorun dediyi kimi bu uşağın davranışlarında hər hansı qanunazidd və cinayət əməlləri var idisə, o zaman niyə qərar verib yeniyetmənin islah olunması istiqamətində iş aparılmamışdı? Məsələyə birtərəfli yanaşmaq düzgün deyil”.
Kəmalə Ağazadə uşaq müəssisələrində sosial işçilərin olmamasından da gileylənib. O, deyib ki, uşaqların qiymətləndirilməsi məhz sosial işçi və psixoloq tərəfindən həyata keçirilməlidir:
“Gəlin, uşaq evlərindəki psixoloqları monitorinq edək, görək onlar nə vəziyyətdədir? Bu, çox önəmlidir. Başqa bir problem də var. Uşağın o həddə gəlib çatması ailəsi ilə uşaq evinin arasında heç bir koordinasiyanın olmaması ilə əlaqədardır. Uşağın bu gün Psixiatriya xəstəxanasında olmasını qəbul etmirəm.
O uşağın ailəsi tərəfindən nəzarətə alınmasına ehtiyac var. Davranış pozuntusu bir çox hallarda şəxsiyyət pozuntusuna da gətirib çıxarır. Amma bunun hamısı bir günün içərisində yaranan bir şey deyil. Aylarla, illərlə yaranmış, formalaşmış və aqressivləşmiş bir fərdin üsyanının ortaya çıxmasıdır. Yenə deyirəm, burada kiminsə əli var”.
Hüquq müdafiəçisi hesab edir ki, uşaq evlərində uşaqların qiymətləndirilməsinə başlanılması lazımdır:
“Təbii ki, fərqli uşaqlar var. Amma uşağı incidən məqamları axtarıb, tapmaq lazımdır. Demək ki, bu məsələdə də həqiqətən sümüyün üstündə ətin olmaması məqamı var ki, uşaq bunu dilə gəririb. Davranış pozuntusu olan uşaqlarla vaxtında işləmək lazımdır. Yaxşı olar ki, uşaq müəssisələrinin tabe olduğu instansiya da hansısa addımlar atsın”.
Qeyd edək ki, sosial şəbəkələrdə 3 saylı Uşaq evində qalan Hacıyev Məhəmməd Eldəniz oğlunun videosu yayılıb. Videoda yeniyetmə müəssisədə uşaqlara quru çörək verildiyini iddia edir:
“Ətin sümüyünü bişirirlər, özünü aparırlar. Meyvələri, südü aparırlar”.
Xatırladaq ki, uşaq bu hadisədən sonra 1 saylı Respublika Psixiatriya Xəstəxanasına yerləşdirilib.
Alçina Amilqızı, Bizim.Media