"Divar qəzeti" ifadəsi indi elə də böyük əhəmiyyət kəsb eləmir. Müasir gənclərin divar qəzetləri barədə təsəvvürü belə yoxdur. Amma mənim ilk yazılarım divar qəzetində dərc olunub, redaktor kimi təşkilatçılıq təcrübəmi divar qəzetlərində qazanmışam. Divar qəzetləri, bir qayda olaraq, ayda bir dəfə hazırlanırdı. Mən isə bəlkə də ölkədə yeganə olan gündəlik divar qəzetinin redaktoru olmuşam. Heç bilirsiniz hər gün divar qəzeti buraxmaq nə deməkdir? Axşamlar yatmırdım. Radio kanallarından topladığım ən maraqlı xəbərləri oxuculara çatdırmaq, onları ökənin mədəni, ictimai - siyasi, idman həyatında baş verən hadisələrdən xəbərdar etmək mənim üçün çox maraqlı idi. Müəllimlərin, şagirdlərin, valideynlərin hazırladığım qəzetin qarşısına toplaşması, yazıları oxuması, mübahisə etməsi məndə məmnunluq yaradırdı...
Oxuduğum S.M.Qənizadə adına 1 nömrəli Şamaxı şəhər orta məktəbində "Elm uğrunda", "İdman", Azərbaycan Dövlət Universitetində "Gənc jurnalist", Şamaxı rayon mədəniyyət şöbəsində "Mədəniyyət işçisi", M.Ə.Sabir adına Şamaxı mərkəzi rayon kitabxanasında "Şəlalə", xidmət etdiyim hərbi hissədə "Sovetski voin" divar qəzetlərinin redaktoru olmuşam. Səmimi deyirəm, bu qəzetlərin hamısı oxunurdu. Çünki mən onları vacib informasiya daşıyıcısı hesab edirdim və materialların hazırlanmasına çox ciddi yanaşırdım. Dərk etmədiyim və razılaşmadığım bir məsələ var idi ki, o da divar qəzetlərinin adlarının üstündə yazılan "Bütün ölkələrin proletarları, birləşin!" şüarı idi. Məktəb qəzetinin, yaxud, idman, mədəniyyət qəzetlərinin dünya proletarlarına nə dəxli vardı? Hər halda, tələb edirdilər, biz də bunu problemə çevirmirdik. Əsas odur ki, oxucunu təmin edəsən, ona istədiyi informasiyanı verməyi bacarasan...
Məni Azərbaycan mətbuatında uğurlu redaktorlardan biri hesab edirlər. Əgər belədirsə, heç şübhəsiz, bu uğur öz başlanğıcını həmin o divar qəzetlərindən götürür. Məqalələri də özüm yazırdım, şəkilləri, karikaturaları da özüm çəkirdim. Üstəlik, radio qovşağı ilə efirə verilən verilişləri də özüm hazırlayırdım. Nəticədə orta məktəb şagirdinin respublika mətbuatına göndərdiyi məqalələr, xəbərlər "Kommunist", "Sovet kəndi", "Azərbaycan gəncləri" qəzetlərində sərlövhəsi dəyişdirilmədən, nöqtəsinə, vergülünə toxunulmadan, mübtədasına - xəbərinə əl vurulmadan dərc olunurdu...
...Mən bu barədə tələbələrimə söhbət açanda hiss elədim ki, söylədiklərimə o qədər də inanmırlar. Məcburiyyət qarşısında qalıb hələ şagird ikən böyük mətbuatda dərc olunmuş yazılarımın bir qismini onlara göstərdim. Saralmış qəzet parçalarına maraqla baxdılar...
Zaman dəyişib...İndi divar qəzetləri buraxılmır. Əvəzində kompüterin bir düyməsini basmaqla dünyada baş verən bütün hadisələr göz önündə canlanır. Bu, çox yaxşıdır. Amma mənim üçün divar qəzetləri ilə bağlı xatirələr daha şirindir...
Məzahir Süleymanzadə, tanınmış publisist-jurnalist


































































































