Şanlı Aprel döyüşlərinin simalarından biri idi Şükür Həmidov. O, düşmənin təxribat törətdiyi ön xətt briqadasının komandiri vəzifəsində xidmət edirdi. Lələtəpə ətrafında gedən döyüşlərə komandir kimi qatılmışdı. Məhz Lələtəpə yüksəkliyi və ətraf ərazilər azad edildikdən sonra Ali Baş Komandan onu Milli Qəhrəman adına layiq görmüşdü. Dostcanlı, çalışqan və ən əsası Vətənpərvər olan zabitimizlə tez-tez görüşürdüm. Onların birində Aprel döyüşlərindən söhbət düşdü.
Bizim.Media xəbər verir ki, polkovnik Həmidov həmin döyüşdə Azərbaycan əsgərinin vətənpərvərliyini daha qabarıq şəkildə diqqətə çatdırdı:
MÖVZU İLƏ BAĞLI:
Milli Qəhrəman Şükür Həmidov anıldı - FOTO
“Yeni azad edilən ərazilərdə heç bir şərait yoxuydu. Hava şəraitinə görə əsgərlərin hamısı səngərdə islanmışdı. Qərar verdim ki, əsgərlər növbəli şəkildə arxaya gedib orada həm yuyunub paltarlarını dəyişsinlər, həm də istirahət etsinlər. Qaranlıq idi. Postda suyun içində, əlində silah, özü də titrəyən çəlimsiz əsgərə yaxınlaşıb: “Əsgər bala, arxaya əvvəlki bölməmizə gedib paltarlarınızı qurudub gəlin, sizi əvəz edəcəklər” dedim.
Əsgər susdu və tərpənmədi. Sonra bir də qolundan tutub deyəndə o mənə tərəf dönüb:
“Komandir, bura qardaşlarımızın qanı bahasına gəlmişik, mənə geriyə yox, irəli əmri verin” dedi. Əsgəri bağrıma basdım, həmin ana qədər elə bilirdim ki, bizimlə döyüşən düşmən çox zəifdir, sən demə elə deyilmiş. Əsgərimiz çox güclüymüş”.
Milli Qəhrəman, şəhid polkovnik Şükür Həmidov aramızda olsaydı, yenə bir əsgərinin qəhrəmanlığından danışardı. Aprel döyüşlərinin qələbə ilə sonlanmasında haqq sahibi olan zabitimiz 44 günlük Vətən müharibəsində şəhid oldu. Ehtiramla anırıq!
Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu