Yemi bol olub yəqin, yenə kişnəyir atın,
Nəbzini tuta bilmir, sahibitək həyatın...
Qiymətini bilən var, atın da, yəhərin də,
Səni heç görmədilər atının yəhərində...
Sənmi atını mindin, atınmı səni mindi,
Bunu görən olmadı, söyləmək çox çətindi...
Səni alqışladılar, ceyranlarla gəzəndə,
Şəklini də çəkdilər katerində üzəndə...
Buludlara yüksələn təyyarən müasirdi,
Buludlar da ağladı, bilmədik bu nə sirrdi...
Kater, gəmi, təyyarə, bax, o qara limuzin,
Benzinini bol elə, sürünsün dizin - dizin...
Amma at...dəmir deyil, bilir kimə yaraşır,
Əsl kişi görəndə, fərəhdən aşıb - daşır...
Cavanşirin köhləni, Koroğlunun Qıratı,
Bozat, Dürat, Kəhər at...duyurdular həyatı...
Ta qədimdən atları, kişi minər, mərd minər,
Eşşək başqa məsələ, sənintək namərd minər...
Eşşəyini çulla sən, düz sözə əməl eylə,
O, sənə eşşək desin, sən ona eşşək söylə...
Sizi bir yerdə görüb, gülən də tapılacaq,
İki eşşəyin arpasın, bölən də tapılacaq...
Məzahir Süleymanzadə, tanınmış publisist-jurnalist

































































































