“Facharzt” qrupunun təşəbbüsü və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) təşkilatçılığı ilə Almaniyada təhsil alan və çalışan bir qrup azərbaycanlı həkim yerli mütəxəssislərlə görüşüb.
TƏBİB-dən Bizim.Media-ya verilən məlumata görə, görüşdə TƏBİB-in icraçı direktorunun müavini Araz Nəsirov, “Yeni klinika”nın direktor vəzifəsini icra edən, baş həkim Cavid Paşayev, TƏBİB-in Proseslərin optimallaşdırılması və inkişaf şöbəsinin müdiri Ziya Məmmədzadə, Tibb müəssisələrinin kadr idarəetməsi şöbəsinin müdiri Emin Xasıyev, aparatın məsul şəxsləri, Almaniyada çalışan azərbaycanlı həkimlər və “Yeni klinika”nın aidiyyəti şöbələrinin rəhbərləri iştirak ediblər.
TƏBİB-in icraçı direktorunun müavini Araz Nəsirov icbari tibbi sığortanın tətbiq edilməsi ilə ölkəmizdə səhiyyənin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu bildirib. O, vətəndaş məmnunluğunun artırılması, tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində yerli mütəxəssislərin daim inkişaf etdirilməsinin mühüm əhəmiyyət kəsb etdiyini qeyd edib.
Gələcəkdə bu istiqamətdə həyata keçirilən təcrübə mübadiləsinin daha da artırılacağı, xarici ölkələrdə, xüsusilə Almaniyada çalışan azərbaycanlı həkimlərlə koordinasiyalı işin qurulmasının inkişaf etdiriləcəyi vurğulanıb. A.Nəsirov Qafqazın ən böyük tibb müəssisəsi olan “Yeni klinika”nın müasir standartlara cavab verən avadanlıqlarla təmin edildiyini, burada Türkiyə və digər ölkələrdə təhsil almış həkimlərin çalışdığını qeyd edib.
Bildirib ki, ölkə səhiyyəsinin inkişafı naminə gənclərin xaricdə təhsil alması və işləməsi TƏBİB-in fəaliyyətinin əsas istiqamətlərindən biridir.
Daha sonra Almaniyada yaşayan həkimlərin adından danışan Cavid Hüseynzadə xaricdə yaşayan azərbaycanlı həkimlərin ölkə səhiyyəsində yenilikləri hər zaman yaxından izlədiklərini bildirib. O, hazırda tibb müəssisələrində ixtisaslaşmış kadrların çalışdığını və bunun səhiyyəmizə qısa zamanda böyük uğurlar qatacağına əmin olduğunu qeyd edib.
Görüşdə yerli mütəxəssislərlə fikir mübadiləsi də olub.
Sonda qonaqlar “Yeni klinika”nın fəaliyyəti və göstərdiyi tibbi xidmətlərlə yaxından tanış olublar. Tibb müəssisəsinin kardiologiya, pediatriya, radiologiya, terapiya, təcili tibbi yardım, reanimasiya, urologiya, ginekologiya və digər şöbələrinə baxış keçirilib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
21:54 / 31.03.2023
Almaniyada təhsil alan və çalışan həkimlərimiz “Yeni klinika”da olublar - FOTO
Hazırda oxunan: Almaniyada təhsil alan və çalışan həkimlərimiz “Yeni klinika”da olublar - FOTO
Hazırda oxunan: Almaniyada təhsil alan və çalışan həkimlərimiz “Yeni klinika”da olublar - FOTO
128308
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.