Bakıdakı yüksək səs-küy ölümə necə yol açır? – Alimdən HƏYƏCAN TƏBİLİ

Hazırda oxunan: Bakıdakı yüksək səs-küy ölümə necə yol açır? – Alimdən HƏYƏCAN TƏBİLİ

128271

İngiltərənin Leicester Universitetində aparılan tədqiqatlar səs-küylə hipertoniya riskinin artması arasında əlaqə olduğunu ortaya çıxarıb. 

Tədqiqatçılar təzyiq xəstəliyi olmayan 40-69 yaş arası 240 mindən çox insanın məlumatlarını təhlil ediblər.

Məlum olub ki, səs-küylü yolların yaxınlığında yaşayan insanlarda hipertoniyaya daha çox rast gəlinir. Eyni zamanda bu risk “səs-küyün dozası” ilə paralel olaraq artıb.

Leicester Ətraf Mühitin Sağlamlığı və Davamlılıq Mərkəzinin nümayəndəsi Samuel Cayi, 8 illik izləmə müddətinə əsaslanan araşdırmanın Böyük Britaniyada səs-küyün hipertoniyaya təsirini birbaşa araşdıran ilk uzunmüddətli araşdırma olduğunu deyib.

Təbiətlə iç-içə olan şəhərlərdə yüksək nəticələr ortaya çıxırsa, səs-küyü yüksək olan, şadlıq saraylarında kifayət qədər yüksək səsli musiqidən istifadə olunan  paytaxt  Bakıda bu sahədə vəziyyətin necə olduğu maraqlıdır.

Bizdə bu problem araşdırılırmı?

Mövzu ilə bağlı Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitutunun Ekocoğrafiya şöbəsinin rəbəri Ənvər Əliyevə müraciət etdik.

Şöbə rəhbəri Bizim.Media-ya açıqlamasında dünyada, eləcə də ölkəmizdə bu sahədə olan ciddi problemlərdən danışdı: 

“İnsan sağlamlığına mənfi təsir edən səs-küy problemi dünyanı narahat edən aktual problemlərdən biridir. Uzun illər boyu səs-küyün insanın sadəcə eşitmə orqanlarına təsiri öyrənilib. Ancaq hazırda səs-küyün çoxsaylı sinir, mədə-bağırsaq, ürək-damar xəstəlikləri, xroniki yorğunluq, diqqət və yaddaşın zəifləməsi kimi problemlərə yol açıdığı ortaya çıxır. Hətta, insan ömrünün orta hesabla 10-12 il azalmasına təsiri müəyyən edilib”. 

Alim bildirib ki, yüksək səs xüsusilə zehni əməklə məşğul olan insanlara daha çox təsir edir. Müsahibimizin sözlərinə görə, Dünya Səhiyyə Təşkilatı səsə qarşı çoxdan həyəcan təbili çalır:

“Təşkilat göstərir ki, ətrafın səs-küylə çirklənməsi allergik xəstəliklər, tənəffüs orqanları, qan dövranı, dəri və dərialtı hüceyrə xəstəliklərinin artmasına səbəb olur. Bu amilin də təsiri nəticəsində Avropanın şəhərlərində kiçikyaşlı uşaqlarda bir sıra xəstəliklər artıb. Bunlardan bronxial astma 2,6 dəfə, dermatit 2,5 dəfə, anadangəlmə ürək çatışmazlığı, o cümlədən onkoloji xəstəliklər 71 faizə qədər artıb. Bu xəstəliklərdən ölüm faizi Avropada 86, Azərbaycanda isə 79,6 faizə qalxıb. Təşkilat səs-küy miqdarının norması kimi 50 desibel (dB) qəbul edib. Bizim Səhiyyə Nazirliyi isə bu normanı 56 dB kimi müyyənləşdirib”.

Müsahibimiz deyir ki, dünyanın sivil ölkələrində bu problem elmi cəhətdən öyrənilib və öyrənilir. Eləcə də keçmiş MDB ölkələrində də bu problemə çox diqqət ayrılıb.

O bildirib ki, səs-küyün əsas mənbəyi dünyada, eləcə də ölkəmizdə sürətlə artan avtonəqliyyat vasitələridir: 

“Təəssüf ki, ölkəmizdə bu problem tərəfimizdən ilk dəfə araşdırılıb.  Problemin ciddiliyini nəzərə alaraq, ilkin olaraq şəhərin bir sıra mərkəzi küçələrində, magistral yollarda saat 19:00-dan 20:00-a qədər tədqiqat işi aparmışıq. Lazım olan məlumatları mətbuata açıqlamağı vacib hesab edirik. 

Belə ki, Xarici İşlər Nazirliyi binası yaxınlığında axşam saatlarında səs-küyün miqdarı 70-75 dB-ə kimi yüksəlir. Dövlət Dram Teatrı tərəfdə təxminən 60-62  dB-dən  başlayaraq 70-73 desibelə (avtomobillərin sürətli hərəkəti, siqnalı verməsi və s. hallarda yüksəlir)  qədər yüksələ bilir.

“Sabir bağı”nın qarşısında 72-74, heykəlin arxasında 66-68 desibelə qədər olur. Bağın divara yaxın hissəsində isə 52-54 desibeldir. Orada oturmaq daha rahatdır. İstiqlaliyyət küçəsində, İçərişəhər metrostansiyası ətrafında 70-75, Filarmoniya bağının yol tərəfində 58-61, içəri hissələrdə 54-55 desibel təşkil edir. Azneft meydanında 69-75, Nefçilər prospektində 73-77 desibelə kimi qalxır. Yolboyu irəli getdikcə artıq 75-80 desibelə qədər yüksəlir”.

Ə.Əliyev bildirib ki, səs-küyün miqdarı işlənmiş nəqliyyat vasitələrinin, eləcə də sovet istehsalı olan maşınların hesabına durmadan artır. 

Belə ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2020-ci ilin sonunda 1 milyon 491 min avtomobil qeydə alınıb ki, bunun da 85-ə qədəri minik avtomobilləridir. Bu say ildən-ilə artır. Respublikada 1992-ci ildə hər min nəfərə 52 avtomobil düşdüyü halda, 2020-ci ildə göstərici 135 avtomobilə çatıb. 

Bunlarla bərabər, binaların tikintisi, təmiri və s. kimi amillər də şəhərdə səsin artmasına səbəb olur: 

“Azərbaycan Prezidenti 2008-ci il 8 iyulda 796 saylı “Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri normaları” haqqında Fərman imzalayıb. Təəssüf ki, bu məsələyə o qədər də ciddi yanaşılmır.  Nə elmi axtarışlar aparılır, nə də tədbirlər görülür”.

Tədqiqatlar göstərib ki, səs-küyün miqdarı 30-40 desibel olanda insan üçün adidir, rəqəm 85-90 olduqda eşitmə həssaslığı azalır, hətta eşitmə qabiliyyəti itir. Tibbi baxımdan insan üçün səsə dözüm həddi 80 desibeldir. 150 desibel səs-küy isə ölümcül təsirə malikdir. Yol verilən hədd gündüz 56, gecələr isə 40 desibel hesablanır. 

Dünya Səhiyyə Təşkilatının qənaətinə görə, səsin təsirinə reaksiya insanın yaşı, cinsi və sağlamlığından çox asılıdır.

Belə ki, uşaqlara, yaşlılara, qadınlara, xüsusilə hamilə qadınlara səsin təsiri daha çoxdur. Uşaqlar yatan zaman onların oyanması üçün 50, yaşlıların oyanması üçün həta 35-45 desibel səs bəs edir.  

Müsahibimiz deyir ki, magistral yollarda yüksək sürətlə keçən avtomobillərin təsiri nəticəsində yaranan səs-küyün miqdarı 50 metrdə 1,4, 100 metrdə isə 1,3 dəfə azalır.

Buna görə də səs-küy çox olan ərazilərdə, bu zərərləri heç olmasa bir az aşağı salmaq üçün məktəb, baxça və s. vacib binaları yoldan kənarda tikmək vacibdir.

Göründüyü kimi, şəhərdə onsuz da səs-küy bizdən asılı olmayan səbəblərdən çoxdur. O zaman əlimzdə olan kiçik imkanlardan istifadə edə bilərik. Dincəlmək üçün daha sakit küçələr, musiqi səsi zəif olan məkanlar seçməklə özümüzü “müdafiə” edə bilərik. 

Aygün İbrahimli, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin