31 mart Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar Quba şəhərindəki Heydər Əliyev mərkəzində "Etnik təmizləmə və soyqırım cinayətlərinin hüquqi aspektləri: tarixi faktlar kontekstində" mövzusunda konfrans keçirilib. Konfrans Quba rayon İcra Hakimiyyəti, Ombudsman Aparatı və Qərbi Azərbaycan İcması tərəfindən təşkil olunub.
Konfransda Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev, Ombudsman Səbinə Əliyeva, Qərbi Azərbaycan İcmasının sədri, millət vəkili Əziz Ələkbərli, millət vəkilləri Vahid Əhmədov, Hikmət Məmmədov və digər natiqlər zaman-zaman azərbaycanlıların ermənilər tərəfindən soyqırıma məruz qalmasından ətraflı söz açıblar.
Beynəlxalq tədbirə Türkiyə İnsan Hüquqları və Bərabərlik Qurumu rəhbərinin müavini Nimet Özkaya Sevim və Türkiyənin Nəcməddin Ərbakan Universitetinin dosenti Yusuf Sayın videokonfrans formatında qoşulub.
Sonda Ombudsmanın 31 mart - Azərbaycanlıların Soyqırımı günü ilə bağlı bəyanatı səslənib.
Qeyd edək ki, Qubada konfrans iştirakçıları tədbirdən əvvəl Heydər Əliyevin Quba şəhərindəki abidəsini və "Soyqırımı Memorial Kompleksi"ndə soyqırım qurbanlarının xatirəsinə salınmış abidəni xiyarət ediblər.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu