Bakıda azyaşlıların işgəncələrə məruz qaldığı iddia olunan “Sevgi evi” qadın və uşaq sığınacağında qalan N. Məmmədova barədə Cinayət Məcəlləsinin 133-cü (əzab vermə) maddəsi ilə başlanılan cinayət işinin istintaqı yekunlaşıb.
Bu barədə məlumatı Bizim.Media-ya özəl açıqlamasında Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev bildirib.
MÖVZU İLƏ BAĞLI:
Körpənin döyüldüyü iddia edilən sığınacaq sahibi: “Məni heç kim yıxa bilməz”
Onun sözlərinə görə iş üzrə toplanmış materiallar baxılması üçün Sabunçu Rayon Məhkəməsinə göndərilib.
Xatırladaq ki, 10 may 2022-ci il tarixində Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən sığınacaqda keçirilmiş monitorinq zamanı uşaqlara işgəncə verilməsi faktları üzə çıxıb.
Qeyd edək ki, Cinayət Məcəlləsinin 133-cü (əzab vermə) maddəsinə görə nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzası 2 il, ağırlaşdırıcı hallarda 2 ildən 5 ilədək, işgəncə verməklə törədildikdə də 2 ildən 5 ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur.
Alçina Amilqızı, Bizim.Media