3 dövlət qurumunun birləşdirilməsi su probleminə çözüm olacaqmı? – Ekspertdən PROQNOZ

Hazırda oxunan: 3 dövlət qurumunun birləşdirilməsi su probleminə çözüm olacaqmı? – Ekspertdən PROQNOZ

128173

Xəbər verdiyimiz kimi ötən gün Prezident İlham Əliyev Su ehtiyatları, su təsərrüfatı və meliorasiya sahələrində idarəetmənin təkmilləşdirilməsi haqqında Fərman imzalayıb. Fərmana əsasən, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yaradılıb. Eyni zamanda, Fövqəladə Hallar Nazirliyinin Su Ehtiyatları Dövlət Agentliyi “Azərsu” ASC və Meliorasiya və Su Təsərrüfatı ASC-nin əmlakları ilə birlikdə Agentliyin tabeliyinə verilib.  

Bəs, bu struktur islahatı hansı zərurətdən yarandı?

Məsələ ilə bağlı danışan iqtisadçı ekspert Eldəniz Əmirov bildirib ki, bu fərmanın 3 məqsədi əsas göstərib:
 

MÖVZU İLƏ BAĞLI:

“Azərsu” və Meliorasiya və Su Təsərrüfatı yeni Agentliyin tabeliyinə VERİLDİ


“Bunlardan birincisi su ehtiyatları, su təsərrüfatı və meliorasiya sahələrində idarəetməni təkmilləşdirməkdir. Bura xərclərin optimallaşdırılması, effektiv idarəetmə, şəffaflıq və s. daxildir. Ölkə başçısı ikinci məqsəd olaraq su ehtiyatlarından səmərəli istifadə etmənin təmin olumasını əsas götürür. Mən deyərdim ki, hazırda nəinki bu qurum üçün, hətta bütün ölkə üçün ən vacib məqsədlərdən biri məhz budur. Çünki, su ehtiyatlarından səmərəli istifadə təmin edilməsə, həyatın bütün sahələri fəlakətə gedir. 

İçməli su problemi insanların, çayların suyunun qeyri-bərabər və ədalətsiz bölünməsi kənd təsərrüfatının, bu da bütün regionun fəlakəti deməkdir.

Bu gün bəlkə də hiss edilmir, amma su ehtiyatlarının belə ədalətsiz bölgüsü 20-25 il sonra həlli olmayan ciddi problemlər yarada bilər. Buna görə də fərmanda qeyd edilən bu məqsədə çatmaq yeni qurumun ali məqsədi olmalıdır. 

Üçüncü məqsəd isə torpaqların meliorasiyası və irriqasiyası işlərinin təşkilini yaxşılaşdırmaqdır ki, bu da regionaların inkişafının “olmazsa olmaz”ıdır.

Ümid edirik ki, yeni yaradılan qurum qarşıya qoyulmuş bu üç məqsədə çatmaqla həm ölkə rəhbərinin etimadını doğruldacaq, həm də kənd təsərrüfatının, dolayısı ilə regionların inkişafında ən böyük problemlərdən birinin qismən də olsa həllinə nail olacaq”.

Eldəniz Əmirov bəzi mühüm məqamlara da toxunub:

“Əgər bu qurumlar birləşəndən sonra yenə də büdcə vəsaitləri səmərəli istifadə edilməyəcəksə, yenə də korperativ idarəçilik ana prinsipləri formalaşmayacaqsa, şəffaf fəaliyyət və ciddi nəzarət mexanizmi olmayacaqsa, o zaman iki qurumun birləşməsinin yeganə faydası iki aparat rəhbəri, iki “odelkadr” və digər iki-iki təkrarlanan ştatlardan birinin maaşına edilən qənaət olacaq. Adətən belə hallarda əməkdaşların ixtisar edilməməsi iki yeni ştatların yaradıldığını nəzərə alsaq, deməli əslində heç onda da maaşlara da qənaət olmur.

Amma həqiqi korperativ idarəçilik yaradılarsa, şəffaf fəaliyyət və ciddi nəzarət mexanizmi olarsa və xərclərin səmərəli istifadəsi həyata keçirilərsə, o zaman həqiqətən ciddi faydalar əldə edilə bilər. Bəzən xərclərin səmərəli istifadəsi adı ilə elə gülməli addımlar atılır ki, adam sadəcə söz tapmır deməyə. 

Məsələn, 5-6 il əvvəl ölkənin ən böyük şirkətlərindən birinin böyük bir idarəsində xərclərin azaldılması üçün otaqlarda olan daxili telefonları yığışdırıb, otaqdakı 5 işçiyə cəmi 1 daxili telefon saxladılar.

Nəticədə xərclərin optimallaşdırılması “müvəffəqiyyətlə” aparılmış hesab edildi. Halbuki, telefon xərcləri bəlkə də illik xərcin 0,00000001% -i idi. Amma işçilərin teleonla bağlı yaşadıqları mübahisələr, diskomportlar, itirilən zaman, əsəb və işçilərə qarşı hörmətsizliyin mənfi təsirləri isə hesablana bilmirdi. 

Odur ki, nə qədər ki, xərclərin optimallaşdırılması şou xarakterlı olacaq, dillənən hər 5 dövlət şirkətindən 3-ü “xərcləri optimallaşdırsaq da ili zərərlə başa vurduq” deyəcək. Sonra da küçə süpürən anaların süpürgəçi maaşından tutulan vergiləri bu şirkətlərə dotasiya olaraq cəlb edəcəklər”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin