İslamda saqqal qırxmaq və ya qırxdırmaq HARAMDIR? – İlahiyyatçılardan MARAQLI YANAŞMA

Hazırda oxunan: İslamda saqqal qırxmaq və ya qırxdırmaq HARAMDIR? – İlahiyyatçılardan MARAQLI YANAŞMA

128088

İranın tanınmış radio və televiziya eksperti Hüseyn Vahidpur İslamda saqqal qırxmağın günah və haram olduğunu açıqlayıb. O, hesab edir ki, saqqalını qırxan kəs aşkarcasına günah etmiş sayılır. 

“Bərbərlərin kişi saqqalı qırxmaqla qazandıqları pul haramdır. Yəni, üzünü qırxdıran şəxs günah edir və həmçinin qırxan bərbərin də qazandığı pul haramdır”, deyə Hüseyn Vahidpur qeyd edib.

Müsahibin İslamla əlaqələndirdiyi və qalmaqala səbəb olduğu məsələ Azərbaycan ictimaiyyətində də ciddi müzakirəyə çevrilib. 

Maraqlıdır, saqqalla əlaqəli Quranı Kərimdə hər hansı bir hökm varmı? Saqqal qırxmağın və ya qırxdırmağın haram olması fikri doğrudurmu? 

İlahiyyatçı Elşad Miri Bizim.Media-ya açıqlamasında saqqal qırxmağın haram olması məsələsində yanaşmanın doğru olmadığını bildirib:

“Bunlar boş-boş məsələlərdir. Bunun İslama nə aidiyyəti var? Bu açıqlamanı verən tanındığı sahədən çıxış etsin. Qurani-Kərimin 16-cı surəsinin 116-cı ayəsində deyilir: “Dilinizin uydurduğu yalana əsasən o halaldır, bu haramdır deməyin”.
Harda var ki, bərbər kişi saqqalını qırxa bilməz və yaxud kişi saqqal saxlamalıdır? 

Ümumiyyətlə, İslamda belə şeylər yoxdur. Bunlar sadəcə olaraq adət-ənənə ilə əlaqəli olan məsələlərdir. Günümüzdə də o qədər saqqal saxlayan insanlar var. Bunların hamısını dinlə əlaqələndirək? İnsan var saqqal saxlayır və ya saxlamır. Bu, niyə müzakirə mövzusu olmalıdır?

Peyğəmbərin özü və o dövrdə yaşayan insanlar da saqqal saxlayırdılar. Dinə görə deyil, adət-ənənəyə uyğun olaraq saqqal saxlayırdılar.  Peyğəmbərin özünün saqqalı var idi, ona qarşı çıxanlar saqqalsız idilərmi? Çox absurd bir yanaşmadır. Hesab edirəm, belə məsələləri ciddiyə almaq lazım deyil”. 
İlahiyyatçı Tural İrfan da qeyd edilən fikrin tamamilə yanlış olduğunu və heç bir əsasa söykənmədiyini bildirib:

“Quranda saqqal barədə vacib əmr yoxdur. Sadəcə Peyğəmbərin zamanında o özü və digərləri saqqal saxladıqları üçün sonrakı alimlər də bunu dinin bir əlaməti kimi qoruyublar.

Saqqal qırxmaq və ya uzatmaq insanın öz zövqünə görədir. Qısa saqqal saxlamaq dinimizə görə müstəhəb sayılır, yəni Peyğəmbərin adətlərindəndir. Yoxsa onu qırxmağın haram olması üçün Quranda ayə, dəlil olmadığı üçün, səhabələrdən, Əhli Beytin böyük İmamlarından kəskin əmr və ya yasaq olmadığı üçün qəti hökm vermək doğru deyil. Bərbərin qazancı o zaman haram olar ki, zəhmətindən artıq pul alsın.

Sadəcə, İslam alimlərinin əksəriyyətinə göyə saqqalı dibindən, ülgüclə qrıxmaq bəyənilmir.

Bunu tibb müəssisələri də deyir ki, dərinin tez qocalmasına səbəb olur. Lakin bununla yanaşı bu işin haram olması anlamına gəlməz”.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin