Uşaqlar danışdıqları yalanın başqalarına zərər verə biləcəyini başa düşmürlər. Hətta mütəxəssislərin fikrincə, məktəbəqədər yaşda olan uşağın yalan danışmağını onun inkişafının əlaməti kimi qəbul etmək olar.
Bəs, uşaqlar niyə yalan danışır? Yalan danışan uşağa necə yanaşmaq lazımdır?
Bizim.Media Türkiyə mətbuatına istinadla məktəbəqədər müəllim və təhsil mütəxəssisi Əminə Özənin mövzu ilə bağlı açıqlamasını təqdim edir.
O bildirib ki, təcrübə qazanarkən sosiallaşan uşağın yalana istiqamətlənməsinin səbəbləri arasında oyunlarını daha rəngarəng etmək istəyi, cəza və məsuliyyətdən qaçmaq və ya oynadığı oyundan aldığı həzzin müddətini uzatmaq ola bilər:
“Bundan başqa kifayət qədər diqqət verilməyən uşaq da yalan danışa bilər. Bu, həm də onların çətinlik çəkdikləri mənfi hiss və düşüncələrin öhdəsindən gəlmək və cəmiyyətdə qəbul olunmaq istəyindən də ola bilər”.
Ekspert açıqlayıb ki, hər yaş qrupu üçün yalanın fərqli mənası var. Belə ki, 3 yaşına qədər olan uşaqlar gerçəkləşəcəyini ümid etdikləri xəyallarla bağlı yalan danışa bilir:
“3-5 yaş arasında xəyalla gerçəyi seçə bilmədikləri üçün yalan danışma davranışı başlayır. Uşaqlar oyun prosesi zamanı təxəyyüllərinin təsiri ilə yalan danışa bilirlər ki, bu da duyğularının ifadəsində böyük əhəmiyyət kəsb edir.
Bu dövrdə qeyri-real söhbətlər çox olur. 5-6 yaşından başlayaraq yalan anlayışı ilə bağlı şüur yaranmağa başlayır. Uşaqlar artıq kimisə aldatmağın yaxşı davranış olmadığını başa düşür. 10-11 yaşdan sonra isə onların yalan danışmaq bacarığı artır”.
Uşaqları yalandan necə çəkindirməli?
Ekspert uşaqları yalandan çəkindirmənin yollarından da bəhs edib.
“Uşağa mənfi davranış nəticəsində hansı cəzanı verəcəyinizdən danışmaq yerinə, müsbət davranışların ona nələr qata biləcəyindən bəhs edin. Onları öz yalanlarınız üçün istifadə etməyin. Yalanlarını tutanda saatlarla sorğu-sual etməyin. Yaxşı dinləyici olun və sonra bu davranışın sizə nə hiss etdirdiyini səmimi şəkildə söyləyin.
Həddindən artıq sorğu-sualla uşağınızı yalan danışmağa məcbur edə bilərsiniz. Qışqırmaq, döymək olmaz. Şiddətə məruz qalan uşaqlar özlərini güvən altına almaq üçün səhvlərini yalanlarla ört-basdır etməyə çalışırlar.
Xüsusilə, yeniyetməlik dövründə olan uşaqlardan nəyi soruşmalı və nəyi soruşmamalı olduğunuzu yaxşı ayırd etməlisiniz. Uşağınıza onun "yalançı" olduğunu söyləməkdən çəkinin. Bu etiket onun özünə inamı üçün yaxşı deyil və onu daha da yalan danışmağa vadar edə bilər.
Yəni uşağınız yalançı olduğuna inanırsa, yalan danışmağa davam edə bilər. Mənfi davranışları haqqında danışmaq günahlandırmaqdan daha faydalıdır”.
Ekspert bildirib ki, yalanın əhəmiyyətsizi yoxdur, çünki vərdiş halına gəlmək riski var. Pedaqoq onu da vurğulayıb ki, yalan danışmaq patoloji xüsusiyyətlər göstərdikdə mütəxəssis dəstəyi vacibdir:
“Patoloji yalanın ən mühüm xüsusiyyəti inandırma gücünün çox güclü olmasıdır. Valideynlərin ən çox diqqət etməli olduğu yalanlar bunlardır. Patoloji yalanın məqsədi həqiqətdən uzaqlaşıb eqoist nəticəyə nail olmaq ola bilər. Ətrafındakı insanların əslində mövcud olmayan şeylərə inandığını görmək uşaq üçün əyləncəli ola bilər.
Əgər uşaq danışdığı yalandan həzz alırsa və yalan olduğu sübuta yetirildiyi halda israrlı davranırsa, uşağa psixi sağlamlıq mütəxəssisi tərəfindən dəstək göstərilməlidir”.
Aygün İbrahimli, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
08:30 / 31.03.2023
Uşaqlar niyə yalan danışır? – Bu əqli inkişafın göstəricisidir, yoxsa...
Hazırda oxunan: Uşaqlar niyə yalan danışır? – Bu əqli inkişafın göstəricisidir, yoxsa...
Hazırda oxunan: Uşaqlar niyə yalan danışır? – Bu əqli inkişafın göstəricisidir, yoxsa...
128086
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.