Sahibkarlar səkiləri işğal edir, aidiyyəti qurumlar isə SUSUR... – FOTO

Hazırda oxunan: Sahibkarlar səkiləri işğal edir, aidiyyəti qurumlar isə SUSUR... – FOTO

128042

Yazın gəlişi ilə həyat canlanır. Paytaxtımızda bu canlanmanı daha çox ticarət və iaşə obyektlərində artan hərəkətlilik fonunda müşahidə edirik. 

Digər tərəfdən isə şəhərin mərkəzi küçələrindəki obyektlərin sahibləri yavaş-yavaş səkiləri zəbt edir, alverlərini daha çox küçəyə daşıyırlar. Əslində qışda da bu işi görənlər az deyil. Amma yaz və yay aylarında bu, adi hala çevrilir. 

İndiki günlərdə Yasamal, Nəsimi, Nərimanov, Binəqədi, Nizami və digər rayonlarda bu sahədə böyük “canlanma” var. Ötən gün şəhərin bəzi küçələrində, o cümlədən Nizami küçəsində,  Fəvvarələr meydanı və Sahil metrostansiyasına yaxın küçələrin əksəriyyətində apardığımız müşahidələr, bu cür halların kifayət qədər olduğunu deməyə əsas verir.
Bu özbaşnalığa nəzarət edənlərə isə rast gəlmirik.

Məsələ ilə bağlı Bakı şəhəri İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Qurumdan Bizim.Media-ya bildirilib ki, səkilərə nəzarət sırf yerli rayon icra hakimiyyətlərinin səlahiyyətinə aid məsələdir. 

Nəqliyyat üzrə ekspert Eldəniz Cəfərov da açıqlamasında Bakı şəhərində səkilərin, yol kənarlarının zəbt edilməsinin adi hal aldığını bildirib:

“Müxtəlif kafe-restoranlar, alış-veriş mərkəzləri və hətta bəzi təşkilatlar binanın qarşısındakı səkini zəbt edirlər. Oraya müxtəlif reklamlar və aksesuarlar yerləşdirirlər. Bununla da piyadaların sərbəst və təhlükəsiz hərəkətlərinə problem yaradırlar. 

İnzibati Xətalar Məcəlləsi ilə səkilərin fiziki və hüquqi şəxslər tərəfindən zəbt edilməsinə, eləcə də buna şərait yaradılmasına görə cavabdeh şəxslər üçün müəyyən cərimələr nəzərdə tutulub. Amma bu cərimələrə rəğmən paytaxtın səkiləri qanunsuz olaraq zəbt edilir. Bu işi tənzimləməli olan qurumlarsa nədənsə buna çox laqeyd yanaşır. Bu və digər səbəblərə görə Bakıda piyadaların hərəkəti çox təhlükəlidir. Belə deyək ki, Bakı bu gün piyadalar üçün təhlükəli şəhərə çevrilib”. 
Ekspert şəxsi müşahidələrini də bizimlə bölüşüb:

“Fikir vermişəm, ticarət şəbəkələrininin sahibləri avtomobillərini də obyeklərinin qarşısında saxlayırlar. Bu da küçədə avtomobillərin hərəkətinə maneə yaradır. Üstəlik, həftədə bir dəfə obyekt sahibinin avtomobili küçənin ortasında işçilər tərəfindən yuyulur.

Yəni ərazidən həm də avtoyuma məntəqəsi kimi istifadə edilir. Bu isə dünya praktikasında görünməyən haldır. Bəzi “xozeyin”lər hətta avtomobillərini səkilərdə belə parklayırlar. Bu özbaşnalığı isə sözlə ifadə etmək çox çətindir. Ən pisi də odur ki, buna qarşı şəhərdə tədbir görən qurum yoxdur”.



Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin