Ermənilərin 120 ildə törətdikləri bütün vəhşiliklər sənədləşdirilməlidir - TARİXÇİ

Hazırda oxunan: Ermənilərin 120 ildə törətdikləri bütün vəhşiliklər sənədləşdirilməlidir - TARİXÇİ

128022

“Erməni terrorçuları 200 ildən artıqdır ki, türk xalqlarına qarşı düşmənçilik siyasəti həyata keçirir. Ermənilər azərbaycanlılara qarşı tarix boyu apardığı soyqırımı siyasəti nəticəsində xalqımız ağır faciələr yaşayıb”.

Bu barədə Bizim.Media-ya Quba Soyqırımı Memorial Kompleksinin şöbə müdiri Lətafət Beybutova nankor qonşularımızın zaman-zaman törətdiyi dəhşətli soyqırımlarından danışarkən deyib.

Onun sözlərinə görə, XIX əsrin sonunda, XX əsrin əvvəllərində, xüsusən 1905-1907-ci illərdə Bakıda və digər bölgələrdə dinc azərbaycanlılara qarşı həyata keçirilən qətliamlar ermənilərin soyqırımı siyasətinin ilkin mərhələsi idi:

"1915-ci ildən 1920-ci ilədək olan dövrə təsadüf edən ikinci mərhələdə erməni quldur dəstələri yenə Bakıda və qəzalarda misli görünməmiş soyqırımları törədiblər. Həmin dövrdə minlərlə azərbaycanlı, həmçinin etnik azlıqlar soyqırıma məruz qalıb, yüzlərlə kənd dağıdılıb, dinc əhali köçkün düşüb.

Ermənilərin azərbaycanlılara qarşı soyqırımı və deportasiya siyasəti sonrakı illərdə də davam edib. 1948-1953-cü illərdə SSRİ Nazirlər Kabinetinin qərarı ilə indiki Ermənistan ərazisindən öz ata-baba yurdlarında yaşayan azərbaycanlıların deportasiyasına nail olan ermənilər 1988-ci ildə yüz minlərlə azərbaycanlını Ermənistandan qovmaqla etnik təmizləmə siyasətini başa çatdırdılar”. 
Kompleksin şöbə müdirinin fikrincə, bu müddətdə Avropa ölkələrində, xüsusən türk diplomatlarına qarşı çoxlu sayda terror həyata keçirən ermənilər ötən əsrin 90-cı illərindən başlayaraq Azərbaycanda da terrorçuluq dalğasını genişləndiblər: 

"Soyqırımı siyasətinin növbəti mərhələsi 1992- ci ilin fevralında Xocalıda həyata keçirilib. Azərbaycanda Xocalı soyqırımı ilə əlaqədar informasiya blokadasını yarmaq sahəsində çoxlu işlər görülsə də, digər faciələr haqqında bunu etmək, çox təəssüf ki, hələ də mümkün olmayıb. Bunlara Malıbəyli, Quşçular, Ağdaban, Başlıbel, Ballıqaya, Qaradağlı və digər faciələri göstərmək olar.

Diqqətdən kənarda qalmış və az tədqiq edilmiş  belə faciələrdən biri Xocavənd rayonunun  Qaradağlı kəndində törədilib. Xocalı faciəsindən 9 gün əvvəl Xocavənd rayonunun Qaradağlı kəndində erməni quldurları insanlığa sığmayan vəhşiliklər törədib. Qaradağlı kəndi Xankəndi və Xocavənd şəhərlərini birləşdirən asfalt yolun üstündə yerləşən və 800 evdən ibarət olan böyük bir Azərbaycan kəndi idi”. 

Lətafət Beybutova onu da bildirir ki, 2020-ci il sentyabrın 27-də başlayan növbəti erməni hərbi təcavüzünə cavab olaraq, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında başladığı böyük zəfər yürüşünə dözməyən düşmən təxribatlara əl ataraq, günahsız mülki insanları hədəfə almaqla hərbi cinayətlər törədib:
"Ermənistan ordusu dəfələrlə döyüş meydanından uzaq olan, hərbi obyektlərin olmadığı və mülki vətəndaşların məskunlaşdığı Azərbaycan torpaqlarını hədəf alaraq raket və mərmilər vasitəsilə kütləvi itkilərə səbəb olan hadisələr törədib.

Beynəlxalq hüquqa, müharibə qanunlarına  zidd olan müddəaları  pozan ermənilər cəbhə zonasından  kənarda  yerləşən  Bərdəni, eləcə də Azərbaycanın ikinci ən  böyük şəhəri olan, 500 mindən çox dinc əhalinin yaşadığı Gəncəni raket atəşinə tutdular. 

Ümumilikdə, Ermənistan hakimiyyətinin tapşırığı əsasında təkcə Gəncə və Bərdə deyil, eyni zamanda, Yevlax, Beyləqan, Tərtər, Qəbələ, Goranboy, Ağcabədi, Xızı və digər şəhər və rayonlarımızı ballistik raketlər və digər ağır artilleriya qurğularından vurulub, nəticədə onlarla mülki şəxs həlak olub və yaralanıb. Ona görə də həm tarix və gələcək, həm də beynəlxalq aləm üçün ermənilərin son 120 ildə Azərbaycan xalqına qarşı tərətdikləri bütün vəhşiliklər sənədləşdirilməlidir".

Bəli, 200 illik tarixi olan ermənilərin Azərbaycanlılara qarşı törətdiyi soyqırımı xalqımız unutmur, soyqırım qurbanlarını hörmət və ehtiramla yad edir. Bu, bizim qan yaddaşımız, qan tariximizdir.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin