Bu ölkələrdən heyvandarlıq və quşçuluq məhsullarının idxalına məhdudiyyət qoyuldu

Hazırda oxunan: Bu ölkələrdən heyvandarlıq və quşçuluq məhsullarının idxalına məhdudiyyət qoyuldu

127948

Qida Təhlükəsizliyi Agentliyi başqa ölkələrdən respublikamızın ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından (WOAH) daxil olan məlumatlar əsasında dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər həyata keçirir. 

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən Bizim.Media-ya verilən məlumata görə, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının rəsmi məlumatlarına əsasən, İngiltərənin Kornuoll dairəsində süngərvari ensefalopatiya, Türkiyənin Ərzurum və Van vilayətlərində, Liviyanın Al-Butnan, Bayda, Derna və Əl-Cəbəl-əl-Əxdar dairələrində dabaq, Moldovanın Kişineu şəhərində Nyukasl, İsveçrənin Sürix inzibati ərazi vahidində, İsveçin Skane əyalətində, Macarıstanın Noqrad inzibati ərazi vahidində, Danimarkanın Paytaxt regionunda və Almaniyanın Reynland-Pfalts vilayətində yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb. 

Respublika ərazisinin həmin yoluxucu xəstəliklərdən qorunması məqsədilə İngiltərənin Kornuoll dairəsindən bütün növ diri iribuynuzlu kənd təsərrüfatı heyvanları və onlara aid məhsulların, o cümlədən genetik materialların, tərkibinə heyvan mənşəli zülal və sümük unu əlavə olunan yemlərin idxalına, Türkiyənin Ərzurum və Van vilayətlərindən və Liviyanın Al-Butnan, Bayda, Derna və Əl-Cəbəl-əl-Əxdar dairələrindən diri heyvanların, heyvan mənşəli məhsulların və xammalın idxalına, həmçinin tranzit daşınmasına, WOAH-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən, zonalaşma prinsipi nəzərə alınmaqla, Moldovanın Kişineu şəhərindən diri quş və inkubasiya yumurtalarının, quş əti və hər növ quşçuluq məhsulları (Nyukasl viruslarının məhv edilməsini təmin edən termik emala məruz qalan mallar istisna olmaqla), quş yemləri və quş üçün yem əlavələrinin (bitki mənşəli, kimyəvi və mikrobioloji sintez yolu ilə alınmış yemlər və yem əlavələri istisna olmaqla), quşların saxlanması, kəsilməsi və emalı üçün istifadə olunmuş avadanlıqların idxalına və ölkə ərazisindən tranzit daşınmasına məhdudiyyət qoyulub. 

Eləcə də İsveçrənin Sürix inzibati ərazi vahidindən, İsveçin Skane əyalətindən, Macarıstanın Noqrad inzibati ərazi vahidindən, Danimarkanın Paytaxt regionundan və Almaniyanın Reynland-Pfalts vilayətindən diri quş və inkubasiya yumurtalarının, quş ətinin, tərkibində quş emalı məhsulları olan quş ətindən və bütün növ quşçuluq məhsulundan alınan hazır ət məhsullarının (quş qripi viruslarının məhv edilməsini təmin edən termik emala məruz qalan mallar istisna olmaqla), quş yemləri və quş üçün yem əlavələrinin (bitki mənşəli, kimyəvi və mikrobioloji sintez yolu ilə alınmış yemlər və yem əlavələri istisna olmaqla), quşların saxlanması, kəsilməsi və emalı üçün istifadə olunmuş avadanlıqların idxalına müvəqqəti məhdudiyyət tətbiq olunub. 
Eyni zamanda nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə həmin ərazilərdən gələn, yaxud tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət edilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin