Gəncədə Yaşıl Şəhər Fəaliyyət Planı ilə bağlı növbəti müzakirə keçirilib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, Heydər Əliyev Mərkəzində baş tutan tədbirdə Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini, YŞFP layihəsinin şəhər üzrə koordinatoru Səməd Tomuyev, Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Kamran Məhərrəmov, YŞFP-nın ölkə üzrə rəhbəri Yaşar Kərimov, Gəncə YŞFP üzrə layihə rəhbəri Katalina Qalleqo, Gəncə YŞFP üzrə komanda rəhbəri Jon Barber, ekspert qrupunun üzvləri və maraqlı tərəflər iştirak ediblər.
Tədbirdə çıxış edən Səməd Tomuyev bildirib ki, ölkə Prezidenti İlham Əliyevin tapşırığı ilə 2020-ci ildə Azərbaycanda ilk olaraq, məhz Gəncə şəhəri Avropa Yenidənqurma və İnkişaf Bankının "Yaşıl şəhərlər" proqramına qoşulub.
Dövlət başçımızın Gəncəyə göstərdiyi bu diqqət və qayğı, bizim üçün həm böyük fəxr, həm də məsuliyyətdir.
Səməd Tomuyev qeyd edib ki, AYİB-in "Yaşıl şəhərlər" proqramı çərçivəsində icra olunacaq layihələr Gəncə şəhərinə ən aktual ekoloji problemləri, iqlim dəyişikliyi risklərini müəyyən etmək və prioritetləşdirməkdə kömək edəcək. Səməd Tomuyev iştirakçıları keçiriləcək panel müzakirələrində aktiv olmağa səsləyib və tədbirin gedişatına uğurlar arzulayıb.
Sonra Gəncə YŞFP üzrə komanda rəhbəri Jon Barber Yaşıl Şəhər Fəaliyyət Planının hazırlanması istiqamətində bugünədək görülən işlər barədə məlumat verib, ilkin qiymətləndirmə hesabatını təqdim edib.
Daha sonra təklif olunan strateji baxış və hədəflər, eyni zamanda fəaliyyətlər siyahısı nəzərdən keçirilib.
Bildirilib ki, nəzərdə tutulan Gəncə YŞPF strateji baxışı 15 illik bir zamanı əhatə edir. Bu dövrdə Gəncədə çirklənmiş ərazilərin təmizlənməsi, ağıllı texnologiyalardan istifadə etməklə enerji səmərəliliyini artırmaq və ekoloji probemləri həll etməklə sənaye potensialını inkişaf etdirmək imkanı əldə olunacaq.
YŞFP yüksək keyfiyyətli və mükəmməl şəkildə əlaqələndirilmiş yaşıl ərazilərin salınmasına, yeni ictimai nəqliyyat şəbəkəsinin, içməli su və çirkab su xəttləri infrastrukturunun yaradılmasına, həmçinin bərk məişət tullantılarının idarə edilməsi kimi ictimai xidmətlərin yaxşılaşdırılmasına töhfə verəcək.
Görüş ekspert qrupunun üzvlərinin və maraqlı tərəflərin iştirakı ilə keçirilən tematik sessiyalarla davam edib.
Bizim.Media