“Dieta xatirinə oruc tutmaq ibadəti batil edir” – QMİ-nin sədr müavinindən AÇIQLAMA

Hazırda oxunan: “Dieta xatirinə oruc tutmaq ibadəti batil edir” – QMİ-nin sədr müavinindən AÇIQLAMA

127837

Ramazanda ayında bəzi insanlar arıqlamaq məqsədi ilə oruc tutduqlarını bildirirlər. Bəziləri bunu normal qəbul etsə də, bir çoxları ibadətdənkənar məqsədlərlə oruc tutmağın yanlış olduğu qənaətindədirlər.

Bəs, arıqlamaq üçün oruc tutmaq dini baxımdan doğrudurmu?

Sualı Bizim.Media üçün cavablandıran Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev bəzi insanların, həqiqətən də oruc tutmağı pəhriz hesab etdiklərini qeyd edib:

“Lakin bu düzgün bir yanaşma deyil. Oruc tutmaq Allahın əmridir, ibadətdir. İnsan allahın əmri və ibadəti ilə niyyət etməlidir oruc tutanda. Əgər bir insan orucu pəhriz, dieta xatirinə saxlamaq niyyəti ilə etsə, o orucunun dərəcəsini aşağı salar və orucunu batil edər. Yəni, Allah dərgahında o niyyət qəbul olunmaz. Çünki ibadətlərdə niyyət önəmlidir. 

Orucluq heç də pəhriz saxlamaq və arıqlamaq üçün edilən bir şey deyil. Amma təbii ki, oruc tutan şəxs arıqlaya da bilər, zəifləyə də. Bu təbii bir haldır ki, insan 1 ay az yemək yedikdə və istədiyi kimi qidalana bilmədikdə bədəni zəifləyə və arıqlaya bilər. Amma yenədə vurğulamaq istəyirəm ki, orucluq heç də arıqlamaq üçün istifadə olunan bir vasitə deyil."

Qurum rəsmisi fikirlərinin davamında oruc tutmağın əsl mahiyyətindən də söz açıb:

“Bu ibadət ilə biz həm sağlamlığımızı qoruyuruq, həm də mənəviyyatımızı qidalandırırıq. İnsan Allahın əmri olaraq orucu ibadət qəbul edir və şərtlərinə əməl etməlidir. İftar açdıqdan sonra səhərə qədər yemək də olmaz. Oruc tutduqda gün ərzində qida qəbul etmədiyimiz üçün mədə sıxılır və iftardan sonra biraz yemək yedikdə dərhal doyuruq. 

Bu da insana mənən başa salır ki, dünya malına aludə olmaq lazım deyil. 

Bilməliyik ki, Allahın bəxş etdikləri yalnız bizim deyil, paylaşmaq lazımdır. Hətta iftar süfrəsində özümüz üçün aldığımız ərzaqdan belə qonşulara, yoxsullara pay ayırmalı, xəstələrə baş çəkməliyik. Bu ayın özünəxas ibadət və duaları var ki, onlar icra olunmalıdır”.

Ziya Yaqubzadə, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin