Deputat əlində silah olsa, nə edəcək? – Dörd millət vəkilinin BİR CAVABI

Hazırda oxunan: Deputat əlində silah olsa, nə edəcək? – Dörd millət vəkilinin BİR CAVABI

127818

Ötən gün Millət vəkili Fazil Mustafaya qarşı edilən silahlı hücum yenidən deputatların asayişi məsələsini gündəmə gətirib. Onlardan biri də millət vəkillərinin silah və mühafizəçi ilə təmin olunması məsələsidir.

“Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 12-1. maddəsinə əsasən deputatın təhlükəsizliyini təmin etmək məqsədi ilə ona Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada xidməti silah verilə bilər:

“Deputatın öz səlahiyyətlərini icra etdiyi bütün müddət ərzində qanunvericiliklə nəzərdə tutulmuş qaydada və hallarda xidməti silahı saxlamaq, gəzdirmək və təyinatı üzrə istifadə etmək hüququ vardır, zəruri hallarda onun təhlükəsizliyi təmin edilir”.
Bəs, hazırda deputatlarımız fərdi mühafizələri üçün silahdan istifadə edirlərmi?

Sualımıza ilk cavabı Millət vəkili Sabir Rüstəmxanlı verdi. Bizim.Media-ya açıqlamasında o bildirdi ki, bir ara mənə də silah vermişdilər:

“Çünki, mənim haqqımda da ölüm fətvası verilmişdi. Söhbət Nardaran hadisələri zamanından gedir. O ara silahım oldu. Bir müddət silah gəzdirdim. Sonra geri verdim. Əlbəttə ki, deputatlar qanunla silah gəzdirmək hüququna sahibdirlər. Məncə buna heç ehtiyac da yoxdur. Çünki, terrorçular kifayət qədər hazırlıqlı olurlar. Onlar heç sənə imkan verməz ki, əlini silaha atasan”. 

Millət vəkili Fəzail Ağamalı isə bunları dedi:

“Qanunvericiliklə deputatın silah gəzdirmək hüququ var. Bir vaxtlar millət vəkillərinə silah verilirdi. Sonradan isə o silahlara ehtiyac duyulmadı. Səbəb də o idi ki, ölkəmizdə ictimai sabitlik tam təmin olunmuşdu. Hüquq mühafizə orqanları həm xalqımızın, həm də millət vəkillərinin təhlükəsizliyi yüksək səviyyədə təmin edirdi. Yaranmış ictimai sabitlik deputatların silah gəzdirmək zərurətini aradan qaldırdı. Mən heç zaman cangüdəndən istifadə etməmişəm. Buna ehtiyac duymamışam. Amma 90-cı illərdə bir müddət mən də silah verilən millət vəkillərindən biri olmuşam. Sonradan həmin silahı təhvil vermişəm. Və son 20-25 ildə silaha ehtiyac duymamışam”.

Millət vəkili Cavanşir Paşazadə düşünür ki, əgər deputata hansısa təhdid varsa, o zaman deputat silah və mühafizəçi ilə təmin oluna bilər:

“Amma mən heç zaman bu hüquqdan istifadə etməmişəm. Çünki, heç zaman özümə qarşı hansısa təhdid görməmişəm. Amma 90-cı illərdə bu hüquqdan istifadə edən deputatlar olub. Bilirziniz ki, o zamanlar ölkədə bir qədər vəziyyət sabit deyildi. Terror və qəsd hadisələri olurdu. Lakin, son 25 ildə ölkəmizdə yaranmış ictimai-siyasi sabitlik deputatlarımıza silahla və mühafizəçi ilə gəzmək zərurətini aradan qaldırıb. Uzun illərdir ki, ölkəmizdə ictimai-siyasi sabitlik hökm sürür, Hüquq-mühafizə və xüsusi xidmət orqanları asayişimizin keşiyində ayıq-sayıq dayanır. Ona görə də nə silaha, nə də ki, mühafizəçiyə ehtiyac duymuram”.

Millət vəkili Musa Urud Bizim.Media-ya bunları bildirdi:

“Uzun illər deputat olsam da nə silahdan, nə də ki, mühafizəçidən istifadə etməmişəm. Sadəcə buna ehtiyac duymamışam. Çünki, asayişimiz yüksək səviyyədə təşkil olunub. Sonuncu dəfə 90-cı illərdə rəhmətlik deputatımız, dəyərli ziyalımız Ziya Bünyadova qarşı qəsd olub. Ondan sonra heç bir deputat belə halla üzləşməyib. Ona görə də hər zaman silahsız və mühafizəçisiz gəzmişəm”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin