2 gün işıqlığa çıxdılar, ona da oğrular imkan vermədi... – Xırdalandakı İŞIQ PROBLEMİ – FOTO/VİDEO 

Hazırda oxunan: 2 gün işıqlığa çıxdılar, ona da oğrular imkan vermədi... – Xırdalandakı İŞIQ PROBLEMİ – FOTO/VİDEO 

127796

Xırdalan şəhərinin Həsən Əliyev küçəsində yaşayan sakinlər küçənin işıqlandırılmamasından şikayətçidir.

Sakinlərdən redaksiyamıza daxil olan şikayətlərə görə, artıq iki ilə yaxındır ki, küçə zülmətə qərq olub.

“Yolun işıqlandırılması əvvəllər daha yaxşı idi. Arada külək olanda kəsilsə də, gəlib düzəldirdilər. Abşeron rayon İcra Hakimiyyətinin başçısı dəyişildikdən bir müddət sonra yollardakı əvvəkli işıq dirəkləri söküldü və yerinə yeniləri qoyuldu. Sakinlər də sevindi ki, bundan sonra daha yaxşı olar. Amma sevincimiz az sürdü. Bir neçə ay yeni işıqlandırmanın qurulması çəkdi. Nəhayət, işıqları vurdular və cəmi iki gün sonra bütün işıqlar söndü. Bir həftə, bir ay və ildən çox keçdi, amma işıqlar bir daha yanmadı”, -deyə şikayətdə bildirilib.

Sakinlər onu da bildirib ki, problemlə bağlı dəfələrlə Abşeron rayon İcra Hakimiyyətinə müraciət etsələr də, bir faydası olmayıb.

Məsələ ilə bağlı İcra hakimiyyəti ilə əlaqə saxladıq. İcra Hakimiyyəti başçısının Xırdalan şəhəri inzibati ərazi dairəsi üzrə nümayəndəsi Malik Məmmədov Bizim.Media-ya problemlə bağlı maraqlı açıqlama verdi:

“Həmin ərazidə işıqlandırma başa çatdıqdan bir neçə gün sonra bütün kabellər kəsilərək oğurlandı. Buna görə küçə qaranlıqda qaldı. Oğurluq hadisəsi ilə bağlı o zaman polisə də məlumat verdik. Amma hələ ki, kabelləri oğurlayanlar tapılmayıb”. 

Təbii ki, kabellərin oğurlanması o demək deyil ki, insanlar, eləcə də avtomobillər qaranlıq yolda hər gün təhlükə ilə üz-üzə qalmalıdır.

M.Məmmədov bu məsələyə belə aydınlıq gətirib ki, 2023-cü ildə, yəni bu il yolun işəqlandırılması bərpa ediləcək: 

“Bu işlər bir az vaxt aparır. Sənədləşmə, tender və s. məsələlər var. Amma bu ilin sonuna kimi küçənin işıq problemi həll olunacaq”.

Sual yaranır:

Əgər bu bir neçə aya həll olunası problem idisə, nə üçün sakinlər artıq iki ilə yaxındır qaranlıqda qalıb?

Bir zəruri qeydi də əlavə edək ki, adıçəkilən küçədə Bakı Mühəndislər Universiteti də yerləşir. Yolun qarşı tərəfi isə Ceyranbatan su anbarının ərazisidir. Əvvələr anbar ərazisinin bufer zonasında zəif bir işıqlandırma da mövcud olub ki, o əraziyə kimsə toxunanda təhlükə barəsində siqnal verib. Hazırda həmin işıqlandırmadan da əsər-əlamət yoxdur. Zülmət yoldan isə  dayanmadan yüksək sürətlə avtomobillər, yük maşınları keçir. Yolun bu cür olması həm piyadalar, həm avtomobillər, həm də su anbarının təhlükəsizliyi baxımından ciddi problemdir . 
Yəni, “oğrular kabeli oğurlayıb” cavabı problemin həlli istiqamətində sadəcə bəhanəyə bənzəyir.

Mövzunu diqqətdə saxlayacağıq...

Aygün İbrahimli, Bizim.Media
 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin