Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkliatçılığı ilə qeyri-islam dini icmaların nümayəndələri və onların dəvəti ilə ölkəmizə gələn xarici qonaqlar Qubaya səfər edib.
Bizim.Media-nın bölgə müxbiri xəbər verir ki, onların Qubaya səfəri Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərovun müşayiəti ilə baş tutub.
Qonaqlar səfər çərçivəsində Quba İH başçısı Ziyəddin Əliyevlə görüşüb. Rayon rəhbəri dağ yəhudilərinin kompakt yaşadığı Qırmızı qəsəbədə yerləşən Ümumdünya Dağ Yəhudilərinin Tarix-Etnoqrafiya muzeyində Qubaya gələn xarici qonaq və qeyri-islam din təmsilçilərinə Qırmızı qəsəbə haqda geniş məlumat verib.
Qırmızı qəsəbədəki "Giləkli"sineqoquna, Quba şəhərindəki Cümə məscidinə baş çəkən qonaqlar sonra Quba "Soyqırımı Memorial Kompleksi"ndə olublar.
Kompleksin direktoru Rəxşəndə Bayramova ermənilərin vəhşiliyinə canlı nümunə olan "Soyqırımı Memorial Kompleksi" barəsində səfər iştirakçılarına ətraflı açıqlama verib.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu.