Siyasilərdən millimizin ünvanına SƏRT TƏNQİDLƏR – “Aşsüzən dövrünə yenidən qayıtdıq” 

Hazırda oxunan: Siyasilərdən millimizin ünvanına SƏRT TƏNQİDLƏR – “Aşsüzən dövrünə yenidən qayıtdıq” 

127571

Xəbər verdiyimiz kimi, martın 27-də “Avro-2024”-ün seçmə mərhələsində növbəti görüşünü keçirən futbol üzrə milli komandamız İsveçə “5-0” hesabı ilə məğlub olub. Əvvəlki görüşdə isə yığmamız Avstriya kollektivinə “1-4” hesabı ilə məğlub olmuşdu.

Ardıcıl iki oyunda 9 qol buraxan millimiz mübarizə apardığı F qrupunda sonuncu pillədə qərarlaşıb.

Uğursuz nəticələr qazanan yığma komanda təkcə azarkeşlərin deyil, siyasətçilərin də tənqid hədəfinə tuş gəlib.

Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa məğlubiyyətlə bağlı bunları bildirib:

“Futbolumuz Aşsüzən dövrünə yenidən qayıtdı. Yalandan Byazinin boynuna yıxmayın. Milli komandada oynamanın məsuliyyətini futbolçu anlamırsa və fədakarlıq etmirsə, hansı məşqçını gətirsəniz də belə davam edəcək. Azərbaycanda böyük mənada futbol yoxdursa, milliyə oyunçu götürmə alternativləri hədsiz məhdud olacaq. 

Qurban Qurbanovu intriqalara qurban verərək uzaqlaşmağa məcbur etdilər ki, millimiz həmişə bu cür sınıq-salxaq durumda qalsın. Komandanın liderinin olmaması ilə yanaşı, həm də xarakteri yoxdur. Bərabər səviyyədə 70-ci dəqiqəyədək davam edən oyunda son 30 dəqiqədə tam bir acizlik mənzərəsi ortaya qoyuldu.
Udub-uduzmaqdan da önəmli deyil, bütün hallarda əzmkarlık göstərmək lazımdı. Əvəzində tam doqquzluğa vurdular. Bəs nə etməli? Gürcüstan və Ermənistan millilərinin oyunlarını diqqətlə izləyib, ən azı aşsüzən olmamanın yolunu tapmaq yaxşı olardı”.

Azərbaycanın Bosniya və Herzoqovinadakı səfiri Vilayət Quliyev isə futbolun həm də milli təəssübkeşlik tələb etdiyini vurğulayıb:

“Deməli, milli komandamız dünən də 5-0 uduzdu. İsveçə. Qürrələnməli məsələ deyil. Amma gərək olanı yazasan. Azərbaycan millisindən düz 18 il bundan əvvəl, 2005-ci il martın 26-da Varşavada keçirilən Polşa-Azərbaycan matçından sonra əlimi üzmüşəm. Həmin oyunda 8-0 hesabı ilə məğlub olduq.

Komandanı Varşavaya gətirən çarter reyslə mən də bir neçə günlüyə Bakıya qayıtdım. Təyyarədə futbolçuları müşahidə etmək çox maraqlı idi. Elə bil 8-0 uduzan onlar deyildi. Həvəslə yeyib-içirdilər. Uduzduqları oyundan başqa hər şeydən - dolların kursundan, polyak qızlarından, nə almaqlarından danışırdılar. 

Yanaşı oturduğumuz məşqçi Novruz Diniyev isə guya özünə haqq qazandırırmış kimi:
- Uduzacağımızı bilirdim. Amma day belə hesabla yox...-dedi.

Uduzmaq əhval-ruhiyyəsi ilə gələn komanda təbii ki, qələbə qazana bilməz. Niyə uduzduğunu özünə dərd eləmirsənsə, səbəblərini axtarmırsansa, növbəti oyunlarda da məğlubiyyətə məhkumsan. Futbol həm də vətənpərvərlik, milli təəssübkeşlik tələb edir...”

Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə isə məğlubiyyətlərdə baş məşqçini günahlandırıb:

“İki oyunda 9 qol buraxan “komandanın” dələduz baş məşqçisi və onun kimiləri illərdi Azərbaycan futbolunun başına gətirənlər görək bu dəfə hansı nağılları danışacaqlar? Dövlət büdcəsindən ayrılan yüz milyonlarla vəsaiti ölkəmizin imicini bu qədər aşağılamağa  xərcləyənlərə bir dur deyən olacaqmı?”.

Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin