Taksi sürücülərindən narazı qalan sərnişinlərin DİQQƏTİNƏ - Şikayətinizi bu qurumlara edin 

Hazırda oxunan: Taksi sürücülərindən narazı qalan sərnişinlərin DİQQƏTİNƏ - Şikayətinizi bu qurumlara edin 

127561

Paytaxtda taksi xidməti ilə məşğul olan kifayət qədər taksi şirkəti, taksi operatorlar var. Say çox olsa da, keyfiyyət haqqında bunu demək çətindir. “Gənclikdən Masazıra getmək üçün *2111-dən taksi sifariş etdim. VAZ 2107 avtomobil gəlib.

Gənc yaşda sürücü, qrip idi. Amma əsl problem yola düşdükdən sonra ortaya çıxdı. Məlum oldu ki, sürücü yolu qətiyyən tanımır. Məhəllə arası yollara, dalanlara daxil olur. Noviqatorla belə hərəkət edə bilmirdi.

“Şəhəri tanımadığın halda nə üçün səni işə götürüblər” sualına isə “öz avtomobilim olduğu üçün” cavabını verdi. Yanımda iki azyaşlı uşaq var idi. Sürücü sanki təşvişə düşmüşdü. Əl-ayağı əsir, avtomobili də yüksək sürətlə sürürdü. Taksi çağırmağıma peşman oldum”. 

Bu sözləri Bizim.Media-ya şəhər sakini Vüsalə Muradova danışıb. O, deyir ki, sürücülər yaşlı olanda daha çox güvənirdim, yaşadığım vəziyyətdən sonra bu fikrimdə daha da israrlıyam. Bu gün kifayət qədər taksi kimi xidmət göstərən bu cür xidmətlər var.

Çağırırsan ya avtomobilin içi təmiz olmur, ya sürücü normal davrana bilmir, ya da ki, avtomobil texniki cəhətdən nasazdı və s. Bəs bu halların qarşısını nə üçün alan yoxdur?

Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov mövzu ilə bağlı Bizim.Media-ya bildirib ki, Azərbaycanda taksi fəaliyyətini tənzimləmək üçün qanunverici baza mövcuddur, bu sahəni tənzimləmək üçün qurumlar da var:

“Belə qurumlardan biri Bakı şəhəri İcra Hakimiyyətinin tabeliyində olan Bakı Nəqliyyat Agentliyi, digəri Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi” publik hüquqi şəxsdir.

Nazirlər Kabinetinin 2019-cu ildə təsdiq edilmiş “Bakı şəhərində sərnişindaşımada istifadə olunan avtobuslara və taksi minik avtomobillərinə, onların sürücülərinə, sərnişindaşıma fəaliyyətini həyata keçirən daşıyıcılara, nəqliyyat mübadilə mərkəzlərinə, avtobuslar üçün dayanacaq məntəqələrinə və taksi minik avtomobilləri üçün duracaq yerlərinə dair” qərarı var.  
Orada bütün qayda-qanunlar göstərilib. Bu sahədə olan vəziyyəti normallaşdırmaq üçün həmin reqlamentə əməl olunmasına nəzarət etmək lazımdır.

Məsələn, bu reqlamentdə göstərilib ki, taksi sürücüsü işləyən şəxsin yaşı 21-dən, təcrübəsi isə iki ildən az olmamalıdır. Taksi şirkətlərinin borcudur ki, sürücü kimi işə qəbul etdikləri şəxslər bu parametrlərə uyğun gəlsinlər”.

Ekspert bildirib ki, taksi şirkətləri var ki, (öz qarajları, işçiləri olanlar) onlar işçini qanunlara uyğun şəkildə götürürlər, lakin taksi operator şirkətləri taksi sürücülərini işə cəlb etdikdə bu reqlamentə əməl etmirlər:

“Bu xidməti verənlər qanunları kobud şəkildə pozurlar. Bu qaydalara əməl etmək üçün sadəcə Nazirlər Kabinetinin məlum qərarına baxmaq və əməl etmək lazımdır. Əgər onlar əməl etmirlərsə, bu sahədə tənzimləyici qurumlar yaradılıb və onlar taksi-operator şirkətləri ilə işləməli, bu sahədə nizam-intizam yaratmalıdırlar”. 

Ekspert onu da bildirib ki, sürücü yolu tanımayanda, hansısa neqativ davranış etdikdə vətəndaşın əlində sadəcə iki metod var ki, onlardan istifadə edə bilər:

“Vətəndaş taksi-operator şirkətinə sürücü haqqında şikayət edə və yaxud  İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə şikayət edə bilərlər”.

Aygün İbrahimli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin