Bu gün Azərbaycan təhlükəsizlik orqanlarının yaranmasından 104 il ötür

Hazırda oxunan: Bu gün Azərbaycan təhlükəsizlik orqanlarının yaranmasından 104 il ötür

127548

Martın 28-də Azərbaycanın milli təhlükəsizlik orqanlarının yaradılmasının 104-cü ildönümü tamam olur. Bu əlamətdar tarix Azərbaycan Xalq Cümhuriyyətində dövlət təhlükəsizliyinin təmin olunması məqsədilə 1919-cu il martın 28-də kəşfiyyat və əks-kəşfiyyat xidmətinin yaradılması ilə bağlıdır.

Bizim.Media xəbər verir ki, artıq 26 ildir ölkəmizin təhlükəsizlik orqanlarının əməkdaşları 28 mart tarixini peşə bayramı günü kimi qeyd edirlər.
 

MÖVZU İLƏ BAĞLI:

BİZİM TƏQVİM: Dövlət Təhlükəsizlik Xidmətinın yaradılmasından 104 il keçir


Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin 1997-ci il martın 23-də imzaladığı Sərəncamla hər il martın 28-i Azərbaycan Respublikasının təhlükəsizlik orqanlarının əməkdaşları tərəfindən peşə bayramı kimi qeyd olunur.

Ölkəmizdə milli təhlükəsizlik orqanının tarixi 1919-cu il martın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin hərbi naziri Səməd bəy Mehmandarovun əmri ilə Hərbi Nazirliyin Baş Qərargahı nəzdində kəşfiyyat və əks-kəşfiyyat bölməsinin təşkil olunması ilə başlayıb.

Ümummilli Lider Heydər Əliyevin 1967-ci ildə Dövlət Təhlükəsizlik Komitəsinin sədri təyin edilməsi ilə Azərbaycanın təhlükəsizlik orqanlarının tarixində tamamilə yeni mərhələ başlanıb. Mənalı və şərəfli ömrünün 25 ilini milli təhlükəsizlik orqanlarında xidmətə həsr edən Ümummilli Lider o illər ərzində təhlükəsizlik sistemində əsaslı dönüş yaradıb, milliləşdirmə siyasətinin əsasını qoyub və bu məqsədə nail olub.

Ulu Öndərin əsasını qoyduğu bu siyasət müstəqil Azərbaycanda dünya tərəfindən qəbul edilən və təqdir olunan sabitliyin bərqərar olmasında müstəsna rol oynadı. Xüsusi xidmət orqanlarının səmərəli fəaliyyəti üçün onun müəyyənləşdirdiyi meyarlar DTX-nin əməliyyat heyəti tərəfindən həmişə rəhbər tutulur.

Bu sahədə ciddi keyfiyyət dəyişikliklərinin əldə olunması Prezident İlham Əliyevin də diqqət mərkəzindədir. Ölkədə güclü ordu quruculuğu siyasəti yürüdən dövlətimizin başçısının uğurlu islahatları sayəsində təhlükəsizlik orqanlarının fəaliyyəti yeni müstəviyə qalxıb. Təhlükəsizlik məsələsinə hər zaman kompleks və sistemli yanaşan Prezident İlham Əliyev bu sahədə struktur islahatlarının aparılmasını da diqqət mərkəzində saxlayır. Bu islahatların mühüm tərkib hissəsi kimi, Azərbaycan Prezidenti İlham Əliyevin 2015-ci il 14 dekabr tarixli Fərmanı ilə Milli Təhlükəsizlik Nazirliyinin ləğv olunaraq onun əsasında Dövlət Təhlükəsizliyi Xidmətinin və Xarici Kəşfiyyat Xidmətinin yaradılması, ilk növbədə, xüsusi xidmət orqanlarının fəaliyyətinin səmərəliliyini artırmağa, yeni dövrün tələblərinə uyğunlaşdırmağa və dövlət idarəetmə strukturunu təkmilləşdirməyə yönəlib.

Bu islahatlar antiterror koalisiyasının fəal üzvlərindən olan Azərbaycanda sabitliyin təmin olunmasına, terrorçuluğa və qaçaqmalçılığa qarşı mübarizə tədbirlərinin daha da gücləndirilməsinə geniş imkanlar açıb.

Əminliklə demək olar ki, Azərbaycanın milli maraqlarına yönələn bütün təhdid və hər cür cəhdlərin qarşısı Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə DTX-nin şəxsi heyəti tərəfindən bundan sonra da qətiyyətlə alınacaq, ölkədə davamlı sabitlik və əmin-amanlıq təmin ediləcək.

Azərbaycanın dövlətçilik tarixindəki mühüm rolu olan milli təhlükəsizlik orqanları əməkdaşlarını bu əlamətdar gün münasibətilə təbrik edir, çətin və şərəfli xidmətlərində onlara uğurlar arzulayırıq.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin