Novruz bayramı ilə əlaqədar əhalinin təhlükəsiz, vaxtında və rahat şəkildə bölgələrə səyahətinin təmin edilməsi üçün ‘’Azərbaycan Dəmir Yolları’’ (ADY) QSC 18 mart tarixindən 26 mart tarixinə kimi gücləndirilmiş iş rejimində fəaliyyət göstərib.
Bizim.Media xəbər verir ki, ölkə tarixində ilk dəfə olaraq Bakıdan şənbə, Qəbələdən isə bazar günləri hərəkət etməklə martın 18-də Bakı-Qəbələ-Bakı marşrutu üzrə sürətli qatarlarla sərnişin daşımaya start verilib.
Bayram günlərində artan sərnişin tələbatı nəzərə alınaraq, Bakı-Qəbələ-Bakı marşrutu üzrə günaşırı əlavə reyslər təyin olunub. Bayram günlərində 1148 sərnişinə xidmət göstərilib.
Həmçinin, martın 18-dən gündəlik qrafik əsasında fəaliyyət göstərən Bakı-Ağstafa-Bakı marşrutu üzrə artan sərnişin tələbatı nəzərə alınaraq hər istiqamətə əlavə 16 reys təyin olunub. 18-26 mart tarixlərində müvafiq marşrut üzrə 10900 sərnişin rahat və təhlükəsiz şəkildə mənzil başına çatdırılıb.
Qeyd edək ki, Abşeron dairəvi dəmir yolu üzrə bayram günlərində ümumilikdə 64811 sərnişinə xidmət göstərilib. 2023-cü ilin ilk rübünün statistikasına əsasən, 1 yanvar tarixindən 26 mart tarixinə kimi müvafiq marşrut üzrə 1330297 sərnişin daşınıb. Bu göstərici ötən ilin birinci rübü ilə müqayisədə 43% çoxdur.
Xatırladaq ki, 2022-ci ilin ilk rübündə Abşeron dairəvi dəmiryolu ilə 933234 sərnişin daşınıb.
Bizim.Media