Qızılaxtaranlar Mustafa Xanın sarayını viran qoyub – Tikilinin SON GÖRÜNTÜLƏRİ

Hazırda oxunan: Qızılaxtaranlar Mustafa Xanın sarayını viran qoyub – Tikilinin SON GÖRÜNTÜLƏRİ

127439

İsmayıllı rayonu ərazisində yerləşən sıldırım qayaların üzərində, dəniz səviyyəsindən 1600 metr yüksəklikdə, meşənin əhatəsində sirli Qırxotaq abidəsinin tanınmasına və bərpa olunmasına böyük ehtiyac var. Bu qala illərdir diqqətdən kənarda qalıb. 

Qalaya yetişmək üçün Muğanlı- İsmayıllı yolundan ayrılıb, Basqal qəsəbəsi ərazisindən keçməklə Sulut kəndinə qədər asfalt yolla avtomobillə hərəkət edilir, kənddən qalaya qədər yolu isə piyada getməli olursan.

Qırxotaq tarixi abidəsi dərələrdən, təpələrdən, çaylardan keçməklə Sulutdan 6 km Şimal-Qərb  istiqamətdə, Hərəm çayının sağ  sahilində, əlçatmaz  sıldırım qayaların üzərində yerləşir. Abidə divarlarının və ərazidə rast gəlinən tikililərin inşasında yerli  qaya  daşlarından istifadə edilib. Qalanın hörgüsündə həm gəcdən, həm də  əhəngdən  istifadə  olunub. Divar qalıqları, inşaatçıların yüksək   peşəkarlığından və bu binanın mühüm statusundan xəbər verir. El arasında Hərəm qalası da adlanan 40 otaq abidəsi 1795-ci ildən 1824-ci ilə qədər saray kimi fəaliyyət göstərib. Beləki,1820-ci ildə Mustafa xan müəyyən səbələrdən bu binanı tərk etdikdən sonra 1824-cü ilə Çar Rusiyasının adamları burada yaşayıb və 1824-cü ildən sonra onlarda buranı tərk edərək Şamaxıya köçüb və bina sahibsiz qalıb. 

Müsahibimiz, Sulut kənd sakini Sübhan İdrisov deyir ki, qala Şirvanşahların xanı Mustafa xanın adı ilə bağlıdır. Abidə Qırxotaq adlansa da, oradakı otaqların sayı 40-dan çox  olub. 

Tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli isə Bizim.Media-ya müsahibəsində bildirib ki, Mustafa xan dövrünün ən imkanlı şəxslərindən olub və bu saray onun evi olub: 

“Sarayın ölçüsü 1500 kvadrat metrdi. Həmçinin Mustafa xanın ailəsi digər xanlara nisbətən çox böyük idi. Belə ki, Mustafa xanın 9 xanımı olub və bu xanımlardan olan 13 oğlu özündən sonra onun mülkünə sahib olub. Bundan başqa onun çoxlu sayda qızları da vardı”. 

Tarixçi qeyd edir ki, bu binanın tədqiqi və bərpası o dövrün həm tarixi hadisələrinin həm də Mustafa xanın həyatının öyrənilməsi baxımından vacibdir: 

“Bu sarayın dağılmasının əsas səbəbi Mustafa xanın xəzinəsi ilə çox bağlıdır. Belə ki, Mustafa xan bu sarayı tərk edib Cənubi Azərbaycana gedərkən onun haqqında ruslar arasında yayılmış bir şayiə olub ki, Mustafa xanın xəzinəsi bu sarayda qalıb. Həmin xəzinəni tapmaq üçün ruslar bu binanı dəlik-deşik ediblər. Bundan sonra bu xəbəri eşidən yerli sakinlər də burada axtarış aparıblar. Nəticədə saray yarasız vəziyyətə düşüb”. 

Hazırda qalanın örtük konstruksiyaları tam dağılıb. Tarixçi bildirir ki, əgər qalanın bərpası mümkün olsa, həm tariximiz yer üzündən silinməz, həm də bura gələn yerli və xarici turistlərin sayı durmadan artar.

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin İsmayıllı rayonu uzrə abidə mühafizəçisi Elnur Nurməmmədov bildirib ki, Qırxotaq sarayı tez-tez yerli və xarici qonaqların səfər etdiyi tarixi abidələrdən biridir. 

“Hər dəfə turistlərlə, eləcə də yerli sakinlərlə maarifləndirici söhbətlər aparılır. Abidələrlə davranış qaydası və onları qorumaqla bağlı ətraflı məlumat verilir. Abidənin bərpasına gəldikdə isə qurum rəsmisi bildirb ki, gələcəkdə bu abidənin də bərpası nəzərdə tutulur”.
























Aqil Əsədov, Bizim.Media Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin