Son illər paytaxtda iqlimə uyğun olmayan və təbii mühitin qorunmasına xidmət etməyən ağaclar əkilir. Küçə və parklarda, eləcə də xiyabanlarda bir qayda olaraq şam ailəsinin həmişəyaşıl iynəyarpaqlı ağacı sayılan yolkadan istifadə olunur. Əlbəttə ki, yolka agaci təkcə bayramın simvolu deyil, həm də bağlar və parklar üçün əla bəzəkdir. Amma ekoloji balansın bərpası, təbii mühitin qorunması və atmosferin oksigenlə zənginləşdirilməsində o qədər də effektli deyil.
Maraqlıdır ki, şəhərin yaşıllaşdırma işində ən böyük “nailiyyət”i məhz Bakının yolka ağaclarına bürünməsidir. Son 20 ildə paytaxtın hər bucağında bir qayda olaraq bu ağac növünün əkilməsinə daha çox üstünlük verilir.
Tanınmış ekoloq Ənvər Əliyev Bizim.Media-ya açıqlamasında vaxtilə şəhərdə yaşıllığın salınmasında AMEA-nın Botanika İnstitutunun mütəxəssislərinin təcrübələrindən və tədqiqat işlərindən geniş istifadə olunduğunu bildirib:
MÖVZU İLƏ BAĞLI:
Meşə fondu torpaqlarında 30 mindən artıq ağac əkildi - FOTO
“Görkəmli akademik Həsən Əliyev və İbrahim Səfərov bu işlərlə məşğul olurdu. İndi kim nə gəldi, necə gəldi ağac əkir. Bakı şəhəri yarımsəhra- quru çöl iqlim şəraitində olduğuna görə burada çətirli ağacların əkilməsi vacibdir. İlk növbəfə kölgə məsələsi var. Aşağıdan 70 dərəcə asfalt, yuxarıdan 40-50 dərəcə isti yaşlı şəxslər və uşaqlar üçün problem yaradır. Ən vacibi isə odur ki, ağacların üzərinə avtomobillərdən külli miqdarda tullantı tökülür. Bu tullantıların təxminən 40 faizi yağış suyu ilə yuyulur.
Qalanı isə insan orqanizminə daxil olur və qaraciyərdə ciddi fəsadlara səbəb olur. Yolka ağacları ilboyu yaşıl olsa da, onların kölgəsi yoxdu və ən çox toz yığan ağaclardan hesab olunur. Çiçəklənmə və tozlanma vaxtı yolka ağacından çıxan külli miqdarda tullantı braun edərək insanların nəfəsinə daxil olur. Təbii ki, yaşıllıq vacibdir, amma bir qayda olaraq yolka ağacından istifadə problemlər yaradır. Həmçinin ərazidə eyni tipli ağacın olması düzgün deyil.
Yolka ağacının bir başqa fəsadı da var. Yolkaya toplanan maşın tullantısı ağacın qətranı ilə birləşərək altında dayanan insanın nəfəs borusuna daxil olur, hətta geyiminə ləkə salır. Yaxşı olar ki, bu tip həmişəyaşıl ağaclar parklarda əkilsin. Teretuarların ortasında və boş yerlərdə isə qamətli ağaclara üstünlük verilsin. Bu ağacların həm havanın sərinləşməsində, həm də təmizlənməsində ciddi rolu var”.
Hər ağacın mənfi və müsbət cəhəti olduğunu vurğulayan ekspert onlardan balanlaşdırılmış şəkildə istifadə etməyin vacibliyini qeyd edib:
“Ağacların əkilməsində növbəlilik prinsipi nəzərə alınmalıdır. Təbii ki, şəhərin görünüşü və əhatələnməsində həmişəyaşıl ağacların olması vacibdir. Yayda çətirli ağacların olması əvəzsizdir. Məsələn, palıd və ya şərq çinarı 3 nəfərlik ailənin 1 illik oksigenini verir. Bu ağacların yayda oksigen konsentrasiyası çoxalır. Bütün gün işıqlı vaxtda bu ağaclar fasiləsiz olaraq oksigen verir. Gündəlik insan boyda hər avtomobilin daxili yanma mühərriklərindən hiss tökülür.
Bu tullantı nəfəs borusunu, bronxları və bütövlükdə orqanizmi məhv edir. Çətirli ağaclar bu tullantılan 50 faizini özünə yığır, yağış yağanda isə yuyulub gedir. Bu məsələdə bir yarış da keçimək lazımdır. İnsanlar yaşadıqları şəhərin ekologiyası, təmiz havası və atmosferinin çirklənməsinin qarşısının alınma proseslərindən xəbərdar olub, bu işə müəyyən köməkliklərini göstərə bilsinlər. Bu işlə Bakı şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi məşğul olur. Qurum isə işinin öhdəsindən lazımi qaydada gələ bilmir”.
Ekoloq əlavə edib ki, Bakının magistral yollarının kənarında və küçələrində qətiyyən meyvə ağacları əkmək olmaz:
“Son vaxtlar yapon əzgili əkilir ki, onun da meyvələri mazutun içində olur. Tut ağaclarına da rast gəlirik. Orqanizmə həddindən artıq xeyirli olan tut ağacını gətirib mazutlu və sozanaqlı yerdə əkmək, insanları zəhərləmək düzgün deyil. Bu ağaclar yoldan, maşından kənarda və xüsusi bağlarda əkilməlidir. Maşınların daxili yanma mühərrikindən atmosferə 200-dən artıq tullantı atılır. Bütün bunlar ağaclara qonur. Meyvə ağaclarının üzərindən isə bu tullantıları təmizləmək mümkün olmur”.
Alçina Amilqızı, Bizim.Media