“Mən artıq 20 ildir ki, doğulduğum, boya-başa çatdığım diyardan məcburiyyətdən didərgin düşmüşəm. Anamı cavan yaşında itirmişəm, onun məzarı Azərbaycandadır. Onun məzarını ziyarət etmək istəyirəm”.
Bu sözləri 20 ildir Almaniyada yaşayan bloqer Həbib Müntəzir Bizim.Media-ya özəl müsahibəsində deyib.
Həbib Müntəzir öz açıqlamaları ilə gündəmi zəbt edən bloqerlərdən biri olduğunu desəm yanılmaram. Bəlkə də məhz bu xüsusiyyəti onun əsl kimliyini kölgədə qoyub.
Onun əslində hansı daxili aləmə malik olduğu insanlara gizli qalıb.
Bizim.Media Həbib Müntəzir ilə maraqlı müsahibəni təqdim edir:
-Həbib, maraqlıdır, bildiyim qədər siz Almaniyada yaşayırsız, amma bloqunuzda, sosial media səhifələrinizdə ölkəmizlə bağlı çox ilginc xəbərlər olur, insanlar Azərbaycanda oturub xəbərləri sizdən alırlar. Sizə necə çatır bu xəbərlər, hardan alırsınız? Axtarırsınız, yoxsa “qapınıza gətirənlər” var?
-Mən artıq 19 ildir ki, Almanıyanın Berlin şəhərində yaşayıram. Jurnalist fəaliyyəti ilə məşğulam. Meydan TV-nin həmtəsisçilərindən biriyəm. Hazırda rəsmi vəzifəm Meydan TV-nin sosial media meneceridir. Artıq bu işlərlə təxminən 17-18 ildir məşğulam, belə deyək, artıq püxtələşmişəm.
İstər-istəməz müəyyən qaynaqlar, mənbələr var. Azərbaycanda vətəndaş jurnalistika cığırını açmışam. Çalışıram ki, vətəndaşların mənə göndərdiyi məlumatları dəqiqləşdirib, Azərbaycan ictimaiyyəti ilə bölüşüm.
Bundan başqa Azərbaycan agentlikləri və dövlət qurumlarının paylaşdığı xəbərləri oxuyub təftiş edirəm. Bu mənbələrdəki xəbərləri araşdırıram. Bu araşdırmaların nəticələrini sosial media hesablarımda paylaşıram. Mən insanlara doğru, düzgün və dolğun informasiyaları ötürməyə çalışıram. Yoxsa, belə “qapıma” nəsə gətirən yoxdur.
-Bloqunuz məşhurdur, bunu qazanc mənbəyinə çevirə bilmisiz? Ümumiyyətlə, necə dolanırsınız?
- Mənim iki fəaliyyət yönüm var. Biri Meydan TV-də peşəkar, digəri isə şəxsi bloqerlik fəaliyyətimdir. Şəxsi bloqumdan heç bir qazanc əldə etmirəm. Bloq fəaliyyətimi sırf hobbi kimi reallaşdırıram. Bu mənim ictimai fəaliyyətimin bir hissəsidir. Dolanışığım isə peşəkar məşğul olduğum işdəndir. Orada işimi görüb, aylıq əməkhaqqı alıram.
- Gündəlik başqa işləriniz də varmı? Fəaliyyətinizi əsasən nə üstündə qurmusuz?
- Qeyd etdiyim kimi araşdırmaçı jurnalist kimi fəaliyyətim var. Bunun başqa işlərimə aidiyyatı yoxdur. Əgər redaktorlar tərəfindən bəyənilsə, beynəlxalq jurnalistika qaydalarına uyğun olsa, orada mənbə, faktlar, ekspert rəyi və.a tələb olunan qaydalara əməl olunsa, peşəkar səhifələrdə, saytlarda və araşdırma jurnalistikası mərkəzlərində dərc olunur.
Belə olanda bəzən oradan da əlavə qazanc əldə edirəm. Hazırda hər yerdə pandemiya şəraitidir, evdən işləyirik. Boş zamanlarımda dostlarımla görüşürəm.
Bundan başqa evdə “Playstation” oynayıram və ya “Netflix”dən film seyr etməyi sevirəm. Yəni günümü bu cür keçirməyi üstün tuturam. Yeni yaranan sosial media var “clubhouse”. Orada azərbaycanlılarla toplanıb, müxtəlif mövzularda müzakirələr edirik.
Son günlər bu sosial mediadan istifadə edirəm. Burada maraqlı viktorinalar, bilik yarışmaları olur, mən də iştirak edirəm. Orada da çalışıram vaxtımı səmərəli keçirim. Yeni dostlar əldə edirəm, öz biliklərimi onlarla paylaşmağa çalışıram. Sizin redaksiyadan istifadə edib, insanları bu paltformadan istifadə etməyə, sosaillaşmağa çağırıram.
- Hələ subaysınız, yoxsa orada evlənmisiz?
- Bəli, subayam. Heç vaxt evlənməmişəm. Hazırda Berlində ailəmlə atam, qardaşımla bir yerdə yaşayıram. Digər bacım və qardaşım ailəlidir və öz evləri var.
- Orada yaşadıqca daha çox nəyi dərk edirsiniz? Yaşadığınız yerdə “Avropa dəyərləri” adlı fikrinizdə dəyişikliklər olmayıb ki?
- Bu neçə ildə çox şey dərk etmişəm. Mən əvvəl çox mühafizəkar və konservativ biri olmuşam. İstər siyasi, mentalitet, istərsə də ictimai şüur anlamında başqa biri idim. Bura gəldikdən sonra isə fikrim çox dəyişib. Düşünürəm ki, məndəki dəyişiklik müsbətə doğrudur.
Burada dövlətin vətəndaşına, insanların bir-birinə olan münasibəti, davranışı, həyat tərzi tam fərqlidir. Bundan başqa dövlət məmurunun vətəndaşa, valideynlərin övladlarına münasibətlərini yenidən gözdən keçirmişəm.
Nəticədə, qərb ölkələrinin indiki mədəniyyətə, inkişafa çatmasında bu münasibətlərin, dəyərlərin çox böyük rolu olduğunu anladım. Əlbəttdə ki, tam sıfırdan həmin o Avropa dəyərlərinin bizə inteqrasiya etməsinin tərəfdarı deyiləm. Ancaq əgər siyasi, ictimai və sosial mənada inkişaf etmək istəyiriksə, bizdə də köklü şəkildə yeniliklər, islahatlar olmalıdır.
Bunun üçün bir çox müqəddəs saydığımız dəyərlərdən imtina etməliyik. Əks halda biz inkişaf edib, irəli gedə bilməyəcəyik. Dünya sürətli şəkildə dəyişib, inkişaf edir. Burada nanotexnologiyadan tutmuş, ən son elmi nailiyyətlərə qədər proseslər sürətlə irəliləyir. Ona görə də biz bir azərbaycanlı kimi müasir dünyaya ayaq uydumalı, bəşəri dəyərlərə hörmətlə yanaşaraq onu öz həyatımızda tətbiq etməliyik.
- Almaniyada ermənilərlə münasibətiniz necədir, özünüz kimi düşünən erməni dost-tanışlarınız varmı? Sosial media üzərində normal müzakirələr apardığınız sağlam düşüncə sahibi erməni olurmu? Necə düşünürsüz azərbaycanlılar və ermənilər bir yerdə yaşamağa hazırdılarmı?
- Bir-iki istisnaları çıxmaq şərtilə mənim şəxsən ermənilərlə heç bir kontaktım olmayıb. Siyasi anlamda da heç bir erməni ilə komunikasiya və ya diskusiyam olmayıb. Çünki bunun mənasız olduğunu hesab edirəm.
Əlbəttə erməni dostu olanları da heç cür qınamıram. Mən insanları xalqa, onun etnik kimliyinə görə ayırmıram. Ayıranlara məsləhət görərdim ki, özlərini inkişaf etdirsinlər. İnsana dininə, etnik mənsubluğuna, cinsinə, irqinə görə qiymət vermək bugünkü dünyamızla ayaqlaşmır.
Artıq Azərbaycanın ərazi bütövlüyü beynəlxalq hüquqda təsbit olunduğu qaydada öz həllini tapıb. İnanıram ki, tezliklə BMT-nin qəbul etdiyi beynəlxalq hüquqi normalar çərçivəsində Azərbaycanın ərazi bütövlüyü reallaşar. Bundan sonra ölkəmizdə yaşayan erməni əsilli Azərbaycan vətəndaşları da digər etnik kimliyə mənsub insalar kimi, bərabərhüquqlu olar. Bir bayraq, eyni qanun altında yaşamalıyıq. Onlar da azərbaycanlılarla eyni dövlətin çətiri altında yaşamağa məcburdular.
Bunun üçün azərbaycanlılarla ermənilər bir yerdə yaşamağa hazır olmalıdırlar. Mən başa düşürəm həm yaxın tarixdə, həm də uzaq tarixdə bir çox faciələr, soyqırımlar baş verib. Əlbəttə bunları unutmaq lazım deyil. Ancaq bu bizdə kin və nifrət yaratmamalıdır.
Çünki bu kinin böyük itkilərə səbəb olduğunu görürük. Hər iki xalqda qisasçılıq, kindən vaz keçib bir yerdə yaşamağa çalışmalıdır.
Çünki biz qonşu xalqlarıq, heç birimiz başqa yerə köçə bilmərik. Biz regionda sülhün bərqərar olmasını, gələcək nəslin normal yaşamasını istəyiriksə, mütləq şəkildə biryerdə yaşamağı sınamalıyıq və buna hazır olmalıyıq.
- Hansısa şərtlər altında Azərbaycanda dönmək istəyərsiniz? Məsələn sizə vəzifə təklif etsələr?
-Yox, mən heç vaxt vəzifə arzulamamışam. Ancaq Azərbaycana qayıtmaq mənim ən böyük arzularımdan birincisidir. Mən artıq 20 ildir ki, doğulduğum, boya-başa çatdığım diyardan məcburiyyətdən didərgin düşmüşəm. Anamı cavan yaşında itirmişəm, onun məzarı Azərbaycandadır. Onun məzarını ziyarət etmək istəyirəm.
Mən əminəm ki, bir gün Azərbaycana geri dönəcəm, bu arzumu reallaşdıracam. Burada hər hansı bir şərt ola bilməz. Bu mənim haqqımdır. Bu haqqı mən dişimlə-dırnağımla almağa çalışacam. Bu haqqı mənim əlimdən heç kəs almamalıdır. Əksinə, bu gün əgər vətəndaş həmrəyliyindən söz gedirsə, hər bir vətəndaşın haqqı qorunmalıdır.
Mən heç bir halda qanunları pozduğumu düşünmürəm. Əksinə yazılan qanunların hər bir vətəndaş tərəfindən yerinə yetirilməsinin tərəfdarıyam. Mən hər hansı bir cinayət törətmişəmsə, onun məsuliyyətini üzərimə götürməyə də hazıram.
Ancaq mən heç bir cinayət törətməmişəm və heç bir halda da şərlənmək və haqsızlığa məruz qalmaq istəmirəm. Əksinə, başqaları haqsızlığa məruz qalanda, mən onların haqq səsi olmuşam. İctimai qınaq nəticəsində insanların haqqını bərpa etməyə çalışmışam. O üzdən düşünürəm ki, mən öz vətənimə dönə bilərəm.
Mən fürsətdən istifadə edib, sizin redaksiyanız vasitəsilə onlara səslənirəm. Azərbaycan iqtidarı bunu hər bir halda reallaşdırmalı və mənə öz haqqımı tanımalıdı.
-Səmimi cavablarınıza görə sizə təşəkkür edirəm.
-Mən sizə təşəkkür edirəm. Nailiyyətləriniz bol olsun.
Vüsalə Balayeva, Bizim.Media