Qaxlı DA VİNÇİ - Bələdiyyə sədri necə RƏSSAM OLDU?

Hazırda oxunan: Qaxlı DA VİNÇİ - Bələdiyyə sədri necə RƏSSAM OLDU?

127154

Şəhid və qazilərin rəsmlərini çərəkərək ailələrinə təqdim edən həvəskar rəssam yaşadığı bölgənin əsrarəngiz təbiətinə biganə qala bilmir. Onu təsirləndirən mənzərələri kətan üzərinə köçürməyi özünə borc bilir. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, həvəskar rəssam Rövşən Şirinov Qaxın Ləkit kəndində yaşayır və illərdir ki, doğulub boya-başa çatdığı yudun əsrarəngiz təbiət mənzərələrini, gözəllikləri öz fırçası ilə kətan üzərinə həkk edir. Elə bu səbəbdən el-obada onu Qaxın Da Vinçisi deyə çağırırlar. 

Evinin bir otağını emalatxanaya çevirən həvəskar rəssamı günün müxtəlif saatlarında kənddə, yaxud Qaxın tarixi məkanlarında görmək mümkündür. 

Rövşən Şirinov təbiət vurğunu olduğundan meylini rəssamlığa salıb. Əsərlərində Qaxın dünəni, bu günü, memarlıq abidələri, bütün fəsilləri əksini tapır. 

Bələdiyyə sədiri necə rəssam oldu?

Məktəb illərində saatlarla məşhur rəssamların əsərlərinə həsədlə baxar və öz üzərində işləyərdi. Rəssamlıq sahəsi üzrə təhsil almaq arzusunda olsa da, valideynləri onu kənd təsərrüfatı sahəsinə yönəldirir. Briqadir kimi çalışsa da,  kənd bələdiyyəsinə sədrlik etsə də rəssamlığa olan böyük həvəsi onu yenidən uşaqlıq arzularını reallaşdırmağa istiqamətləndirir.

Ötən günləri belə xatırlayır:

“Həyat elə gətirdi ki, mən kənd təsərrüfatı sahəsi üzrə təhsil almalı oldum. Amma ən böyük arzum rəssam olmaq idi. Təbiət mənzərələrini çox sevirəm. Həmişə arzulamışam ki, gördüyüm ecazkar mənzərələrin rəsmini çəkim, onları özüm gördüyüm kimi tabloya köçürüm. 2000-ci ildə nəhayət işə başladım”. 

İlk qəhrəman...

Doğulduğu Ləkit kəndinin, Qaxın bənzərsiz təbiət gözəllikləri, kənd mühiti, əmək adamları onun rəngkarlıq əsərlərinin əsas mövzusunu təşkil edir. Həvəskar rəssam kənd mövzusunda bir sıra maraqlı əsərlər yaradıb, doğma diyara olan sevgisini tablolara köçürür. Onun emalatxanasına daxil olanda bir daha bunları görmək mümkündür. 

İlk vaxtlar yalnız xəyalında canlandırdığı mövzuları kətan üzərinə köçürərmiş. Lakin peşəkar rəssamlar ona mövzuları xəyali deyil, canlı təbiətdən götürməyi məsləhət görür. Rövşən bu məsləhətə qulaq asır, çəkdiyi rəsmləri Bakıya apararaq tanınmış rəssamlara təqdim edir, onlardan faydalı məsləhətlər alır.

“Əsasən təbiət mənzərələri çəkəndə çalışmışam ki, onların səhər tezdən cizgilərini eləyim. Səhər günəş dağın arxasından çıxanda təbiət həm təmiz olur həm də gözəl görünür. Burda həm işıq, həm də kölgə əla görünür. İşıqla –kölgəni düzgün verəndə əssər yaxşı alınır”...

Vətən borcu

Onun əsərlərində Vətən sevgisi, doğulub boya-başa çatdığı diyara, torpağa, tarixi keçmişimizə bağlılıq xüsusilə qabarıq şəkildə özünü büruzə verir. Ləkit kəndindəki qədim alban abidələri, köhnə yaşayış məhəllələri, Qaxın əsrarəngiz təbiət gözəllikləri Rövşənin əsərlərinin əsas mövzusunu, süjet xəttini təşkil edir. Son dövrlər onun yaradıcılığında fərqlilik müşahidə olunur.

Rəssam Vətən Müharibəsinin şəhid və qazilərini əsərlərində çanlandırmağı özünə vətəndaşlıq borcu sayır. 

“Vətən müharibəsində qələbəmizdən sonra məndə həvəs yarandı ki, döyüşlərdə iştirak edən qəhrəmanlarımızın, şəhidlərimizin əsərlərni yaradım. Bir neçə əsər yaratmışam. Həm həm qazilərə həm də şəhidlərin... Bir rəssam kimi öz töhfəmi verirməyə çalışıram. Çox əsərlərimi də həmin adamlara, ailələrinə hədiyyə eləmişəm”.

Rövşən Şirinov müxtəlif janrlarda 300-dən çox əsər yaradıb, 5 dəfə fərdi sərgisi açılıb. Bu sərgilərdən 3-ü Qax rayonunda, biri İranda, digəri isə 2012-ci ildə Bakıda Xətai Sənət Mərkəzində təşkil edilib. Qarşıdakı aylarda Qaxda növbəti sərgisini təşkil etməyə hazırlaşır.

Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin