Mətbuat Şurası Oqtay Əliyevin ölümünün mediadakı təqdimatına ETİRAZ ETDİ 

Hazırda oxunan: Mətbuat Şurası Oqtay Əliyevin ölümünün mediadakı təqdimatına ETİRAZ ETDİ 

127034

Azərbaycan Mətbuat Şurası Oqtay Əliyevin ölümü ilə bağlı media qurumlarına müraciət edib. 

Bizim.Media xəbər verir ki, müraciətdə Əməkdar mədəniyyət işçisi, tanınmış rejissor və prodüser Oqtay Əliyevin yol qəzasında dünyasını dəyişməsi ilə bağlı ayrı-ayrı media orqanlarındakı təqdimatlarda, sosial şəbəkə paylaşımlarında nəinki Azərbaycan Jurnalistlərinin Etik Davranış Qayadalarının pozulması halları, ümumən, insani normalara ciddi sayğısızlıq elementlərinin müşahidə edildiyi qeyd olunub:

“Xüsusən mərhumun yaxınlarının emossional durumunun təsviri ziyalılar, söz və fikir adamları arasında haqlı narazılıq doğurub.

Özünü peşəkar sayan və ya peşəkarlığa iddia edən heç bir kütləvi informasiya vasitəsi və jurnalist bir insan faciəsini cəmiyyətə belə xoşagəlməz formada təqdim etməməliydi. Təəssüf ki, biz bu durumun şahidi olduq. 

Azərbaycan Jurnalistlərinin Etik Davranış Qaydalarının “Şərəf və ləyaqətin qorunması, şəxsi həyatın toxunulmazlığı” adlı 3-cü prinsipinin 3.6-cı bəndində göstərilir ki, "bədbəxt hadisələr və ya cinayət nəticəsində zərər çəkmiş şəxslərin razılığı olmadan onların adları açıqlanmamalı, şəkilləri verilməməlidir. Bu, yalnız xüsusi məqamlarda və zərərçəkənin ictimai fiqur olduğu hallarda mümkündür. Əgər cinayəti yeniyetmələr və ya uşaqlar (18 yaşı tamam olmamış şəxslər) törədibsə, bu zaman da cinayətkarın adını açıqlamaqdan və şəklini yaymaqdan çəkinmək lazımdır". 

Müraciətdə o da qeyd olunur ki, göründüyü kimi, bədbəxt hadisə - yol-nəqliyyat qəzası baş verib. Qəza ilə üzləşənlər, bilavasitə, ictimai fiqur anlayışının əhatə dairəsinə daxil olmasalar da, hər halda, ölkədə kifayət qədər tanınan şəxslərdir.

Bu mənada medianın hadisəyə maraq göstərməsi təbii sayıla bilər:

“Ancaq faciənin təsiri ilə anlaqsız hala düşmə səhnələrinin görüntülənməsində heç bir ictimai motiv yoxdur. AJEDQ-nın həmin prinsipinin 3.2-ci bəndində göstərilir ki, "jurnalist görüşdüyü, haqqında yazdığı hər bir şəxsin şərəf və ləyaqətinə, şəxsi həyatının toxunulmazlığı prinsipinə hörmətlə yanaşmalıdır". İndiki halda mərhum O.Əliyevin doğmalarının şəxsi həyatlarına kobud müdaxilə var. Yenə həmin prinsipin 3.3-cü bəndində bildirilir ki, "jurnalist vətəndaşların şəxsi həyatına aid faktları, onlar cəmiyyətin maraqlarına toxunmursa, hüquqa zidd deyilsə və ya ictimai əhəmiyyət kəsb etmirsə, özlərinin razılığı olmadan yaya bilməz. 
Hesab etsək ki, O.Əliyev, onun ailə üzvləri sıradan vətəndaş deyillər, bildirdiyimiz kimi, cəmiyyətdə tanınmış şəxslərdir, hətta, bu halda da məlum təqdimatlar vətəndaşın şəxsi həyatına aid məsələlərin açıqlanması kimi qeyri-peşəkarlıq kontekstində qiymətləndirilməyə layiqdir. Çünki insan emossional durumunun, üzüntü təsvirlərinin hazırkı təqdimatında hər hansı fayda yoxdur.

Belə təqdimatlar mərhum Oqtay Əliyevin ruhuna ehtiram, yaradıcılığına dəyər nümunəsi deyil, əksinə, dəyərin və ehtiramın ikinci plana çıxarılmasıdır.   

Azərbaycan Mətbuat Şurası bir daha media orqanlarına, jurnalistlərə müraciət edərək, insanların üzləşdikləri faciəli durumların və onlarla əlaqədar məqamların yayımlanmasına həssas yanaşmağa çağırır. Həssaslıq ən böyük peşəkarlıqdır”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin