Novruzun ilk çərşənbəsindən yazlıq əkinə start verilir. Kənd təsərrüfatı ilə məşğul olan əhali adətən ilk çərşənbədən torpaqların şumlanmasına və əkiləcək toxumların hazırlanması işinə başlayırlar.
Eyni zamanda sahələrə köçürüləcək ştillər üçün istixanalarda qızğın hazırlıq olur.
Elə rayonlar var ki, orada bəzi bitkilər (baş soğan, kartof) mart ayının ilk günlərindən torpağa əkilir. Kəndlilər torpağın arat işini də bu aylarda həyata keçirirlər.
Kənd Təsərrüfatı Nazirliyindən Bizim.Media-ya verilən məlumatda isə bildirilir ki, yazlıq əkin adətən apreldə başlayır, indi heç bir iş görülmür.
MÖVZU İLƏ BAĞLI:
Sabah Novruzun ilk çərşənbəsidir
KTN-in ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Vüqar Hüseynov bildirdi ki, nazirik bu işdə hər hansı planlama aparmır:
“Yazlıq əkini fermerlər özləri müəyyənləşdirirlər. Bundan sonra Elektron Kənd Təsərrüfatı informasiya alt sistemində məlumatları yerləşdirəcəklər.
Hələlik isə əkinlərə başlanılmayıb. Alt sistemə məlumatlar daxil olandan sonra biləcəyik ki, onlar nələr əkəcəklər.
Dövlət planlı şəkildə əkin aparmadığı üçün hansı məhsulun əkilməsini əvvəlcədən deyə bilmərik. Yazlıq əkin standartdır. Adətən hamı pambıq, günəbaxan, qarğıdalı əkir. Əkin işi may ayına qədər davam edir”.
Gülşanə Mustafayeva, Bizim.Media