Yediyimiz qara çörəklərə meyit dərmanı vurulur? – ŞOK TƏFƏRRÜAT

Hazırda oxunan: Yediyimiz qara çörəklərə meyit dərmanı vurulur? – ŞOK TƏFƏRRÜAT

126064

“Sağlam qidalanmaq istəyən çörəyini evdə bişirməlidir”.

Ölkəmizdə daha çox “zavod çörəyi” adı ilə tanınan çörəyin qiymətinin beş qəpik ucuzlaşması cəmiyyətdə müsbət qarşılanmaqla yanaşı bu qida məhsulunun keyfiyyəti məsələsini də gündəmə gətirdi. 

Bu gün piştaxtalarda müxtəlif  zavod və sexlərdə istehsal olunan məhsullar mövcuddur. Problem isə çörəklərin əksəriyyətinin keyfiyyətinin aşağı, qida kimi yararsız olmasındadır. Bu da alınan məhsulun itkiyə çox getməsi ilə yanaşı, insan sağlamlığına birbaşa təsir edir. Çörəyi çox istehlak edən ailələr daha çox zavod çörəyinə üstünlük verslər də mağazada təndir çörəyinin ətrinə aldanıb qaynar-qaynar alıb yeyənlər də az deyil. Diyetoloqlar dəfələrlə qaynar çörəyin mədə-bağısağa necə zərər verdiyini vurğulasalar da, digər çörəklərə nisbətdə təndir çörəyi daha arzuolunandı. 
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanlıların çox çörək yeməsi psixoloji TRAVMADIR - BMT-nin açıqlamasına ekspert RƏYİ 


Alıcını qınamaq da olmaz. Çünki indi bişirilən zavod çörəkləri, eləcə də müxtəlif formalı, qiyməti də kifayət qədər yüksək olan çörəklər sağlamlığı qaynar çörəkdən daha çox təhdid edir.

“Rezin” kimi zavod çörəyi

Çörək almaq üçün piştaxtaya yaxınlaşan və çörəklərin o tərəf bu tərəfinə baxan alıcılar arasında kiçik bir sorğu keçirdik. Əksəriyyəti çörəklərin içinin yapışqan olmasından, çeynəməyin, dişləməyin çətinliyindən şikayət etdilər.

Alıcılar vaxtilə üstün verdikləri  “Nur” zavod çörəklərinin “rezin” kimi olduğunu deyir: 

“Çörəyin üzəri o qədər bərk, dartılan formadadır ki, sanki üzərinə karton və ya polietilen qoyub bişirirlər.  “Binə”, “Xırdalan”, “Bakıxanov”- fərqi yoxdur, hansı ad altında olursa-olsun çörək zavodlarımız məhsulunu sanki ayda-ildə bir dəfə keyfiyyətli bişirmək öhdəliyi götürüb. Bir dəfə alırsan, düşünürsən ki, artıq bu, yaxşıdır. Növbəti dəfə alanda baxırsan ki, ya içi xəmirdir, ya xəmir yaxşı qarışmayıb,  ya da çörəyə o qədər yağ vurublar ki, əlimizdən bu yağları təmizləmək o qədər də asan olmur.

Hələ yanıb qaralmış çörəkləri demirik. Ona görə də hər dəfə mağazaya girəndə keyfiyyətli çörək markası axtarışında oluruq. Üstəlik aldığımız məhsul cəmi bir gün qaldıqdan sonra yapışqan olur və xoşagəlməz qoxu yaranır. Demək olar ki, güvənib ala biləcəyimiz çörək brendimiz yox dərəcəsindədir ”.

Mütəxəssislər nə məsləhət görür?

Qida üzrə mütəxəssis Ağa Salamov Bizim.Media-ya müsahibəsində çörəyin “rezin” kimi olmasının səbəbini belə izah edib: 

“Çörəyin “rezin” kimi olmasının səbəblərindən biri xəmirin düzgün hazırlanmamasıdır. Xəmirə suyu həddən çox əlavə edəndə və normasından artıq yoğuranda bu hal baş verir. Başqa bir amil isə nisbi rütubətliyin nəzərə alınmamasıdır. Çox səbəblər var. Zavodlar bu halları nəzərə almalıdır. Bəzi zavodlar mayadan (droj) az istifadə etdiklərini reklam edirlər. Əgər mayadan az istifadə olunursa, səhər xəmirə əlavə etmək üçün acımış xəmir saxlanmalıdır. Bunu etməyəndə çörək yapışqan olur. Çörəyin fermentasiya (acıtma) müddəti uzun olmalıdır. Bəzən zavodlar bu prosesi etmirlər. Acıtma müddətinin az olması da çörəyin “rezin” kimi olmasına səbəb olur”.

Müsahibimiz deyir ki, sağlam qidalanmaq istəyən çörəyini evdə bişirməlidir: 

“Ən sağlam çörək evdə bişirilən tam buğda unundan olan çörəkdir. Çünki bu çörək bağırsaqlar tərəfindən mənimsənilir, serotonin hormonunun ifraz olunmasına səbəb olur. Hansiki tərkibində rüşeymi var. Vitamin və mineralları qalıb. Əla növ undan hazırlanan çörəklər boş karbohidratlardır və insana heç bir faydası yoxdur. Bu çörəklərin hazırlandığı unda faydalı elementlər yoxdur. Belə çörəkləri nəniki dişləmək, heç həzm etmək də olmur. Qaraciyər piylənməsi, mədənin yüklənməsi baş verir. Nəticədə qan-damar sistemi sıradan çıxır. Sonra da deyirlər ki, infarktların sayı çoxalıb”.  

Qeyd edək ki, çörəklərin qalan kimi iylənməsi, qara çörəklərin tərkibinə müxtəlif kimyəvi maddələrin qatılması kimi hallar var ki, bu da istehlakçıları ciddi narahat edir. Mütəxəssislər bildirir ki, xüsusilə qara pəhriz çörəklərinin tərkibinə müxtəlif kimyəvi maddələr qatılır:

“Əslində qara çörəyin tərkibi çovdar unu, ikinci növ qara un, maya, duz və ədviyyatdan ibarət olmalıdır. Lakin bu çörəyin rəngini qaraltmaq üçün süni kimyəvi maddələrdən istifadə olunur. Bu maddələrdən biri də "E-240 formaldehid" maddəsidir. Bu maddədən cəsədlərin uzun müddət  saxlanması üçün istifadə edilir. Belə kimyəvi  tərkibli çörəklər 1 gün qaldıqda  içərisi yapışqanlı olur və pis iy verir. Çörəyin rəngini tündləşdirmək üçün ağ unun tərkibinə müxtəlif liflərdən alınmış boyalar, kakao və dəmlənmiş çay da qatılır. Uzun müddət bu cür məhsuldan  istifadə edildikdə mədə-bağırsaq sistemində ciddi fəsadlar yaranır”. 

Çörəklə bağlı dəhşətli faktlardan biri də artıq qalmış çörəklərin əksər sexlərdə təkrar emal olunaraq yenidən satışa çıxarılmasıdır. 

Qeyd edək ki, mövzu ilə bağlı “Nur” çörək zavodundan münasibət öyrənməyə çalışdıq. Əlaqə yaradacaqlarını bildirsələr də, sonradan telefona cavab verilmədi.

Ağa Salamovun sözlərinə görə, çörəyin isti-isti paketlənməsi nəmişlik yaradır. Çörəyin tez kiflənməsi və tez xarab olması nəmişlikdən asılıdır. Ona görə də isti çörəkləri alıb evə gətirəndə soyuducuda saxlamaq məsləhətdir.


Hər halda biz azərbaycanlılar üçün çörək müqəddəs nemətdir. Həm istehlak üçün vacib, həm də mənəvi yükü var. Sözün bütün mənalarında isə “çörəklə oynamazlar”.

Aygün İbrahimli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin