Ötən gün Bakı Nəqliyyat Agentliyi paytaxtın aparıcı yollarında sürət həddini aşağı salıb. BNA-nın bu qərarı cəmiyyətdə birmənalı qarşılanmayıb. Bəziləri hesab edir ki, sürət həddinin aşağı salınması tıxacların çoxalmasına səbəb olacaq.
Məsələ ilə bağlı nəqliyyat üzrə ekspert Eldəniz Cəfərovun fikirlərini öyrəndik. Bizim.Media-ya açıqlamasında o BNA-nın qərarını təqdir etdi:
MÖVZU İLƏ BAĞLI:
Bakının bu yollarında sürət həddi birdəfəlik endirilir - SİYAHI
“Son vaxtlar baş verən dəhşətli qəzaların başlıca səbəbi avtomobillərin yüksək sürətlə idarə edilməsidir. Amma süni tıxacların yaranmasının səbəbi sürət həddində deyil, sürücülərin qeyri-peşəkar və qeyri-etik davranışlarıdır. Dünya praktikasında belədir ki, hər şəhərin öz xüsusiyyətlərinə görə yollarda sürət həddi müəyyənləşdirilir. Məsələn Avropa İttifaqına üzv ölkələrdə şəhəriçi sürət həddi o qədər də yüksək deyil. Çünki, sürət həddi yüksək olanda velosipedçilərin, mobil vasitə istifadəçilərin, moped sürənlərin hərəkətinə maneəçilik törədilir. Yəni qəza risqi daha çox olur”.
Ekspert öz təklifini də bildirdi:
“Çox istərdim ki, şəhərdaxili yox, şəhərlərarası yollarda sürət həddi artırılsın. Çox təəssüf ki, magistral yollarda əsaslanmış və əsaslandırılmamış yerlərdə radarlar quraşdırılıb. Məsələn, Ələt-Astara yolunda xeyli sayda radar var. Bakı-Gəncə-Qazax yolunda həddindən çox radar quraşdırılıb. Bu da sürücüləri çaşdırır. Çünki, sürücünün bir gözü mütləq qaydada yolun kənarında qalır ki, görəsən sürət həddi burda neçədir. Şəhərlərarası yollarda aşağı sürət həddi iqtisadi cəhətdən də səmərəli deyil. Yəni yüklər, sərnişinlər daha gec mənzil başına çatır. Buna da baxılsa yaxşı olar”.
Surxay Atakişiyev, Bizim.Media