“Papaq atmaq namussuzluqdur” deyən Elçin Şıxlıya etnoqrafdan maraqlı CAVAB 

Hazırda oxunan: “Papaq atmaq namussuzluqdur” deyən Elçin Şıxlıya etnoqrafdan maraqlı CAVAB 

125850

Əməkdar jurnalist Elçin Şıxlı Novruz bayramında papaq atmaq ənənəsi ilə bağlı qalmaqallı açıqlama verib.

O, hesab edir ki, Azərbaycanda papaq namus, qeyrət simvoludur. Qapıya papaq atmaq isə namussuzluqdur:

“Tarix boyu heç bir kişi papağını çıxarıb qapıya atmayıb. O vaxtlar evlərin bacası olub, bacadan evin içinə torba atıblar. Amma indi evlərin bacası yoxdur. Papaq atma isə millətə təhqirdir”, - deyə o, vurğulayıb.
Elçin Şıxlının bu fikirləri ciddi müzakirələrə səbəb olub. Hətta jurnalistin “heç bir kişi papağını çıxarıb qapıya atmır” ifadəsi əvvəlki fikirləri ilə təzad da yaradıb. Təbii ki, tarix boyu hər hansı kişi papağını çıxarıb qapıya atmayıb. İstər keçmişdə, istərsə də indi bu ənənəni icra edənlər uşaqlardır və bu, sadəcə oyundur.

Bizim.Media-ya mövzu ilə bağlı danışan AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, etnoqraf Bəhmən Əliyev məsələni tarixi faktlara əsaslanaraq şərh edib:

“Hər il Novruz bayramında papaq atma ilə bağlı müəyyən fikirlər səslənir. Azərbaycanda papaqla bağlı bir çox uşaq oyunları var. Papaqla bağlı oyunlarda iştirak edənlər məhz elə papaq uğrunda vuruşurlar. Məsələn, Aran dağ oyunu var. Bu oyunu quzu otaran uşaqlar oynayır. Çomağın üzərinə papaq qoyulur. Kənardan həmin papağa başqa çomaqlar atılır. Çomaq papağa dəyirsə, həmin adam qalib olur.

Bunları namussuzluq, qeyrətsizlik saymaq olar? Sadəcə oyundur... Vacib məsələ odur ki, istər çərşənbələrdə, istərsə də Novruz bayramında bu oyunu oynayanlar 8-12 yaşlı uşaqlardır. Burada namussuzluq axtarmaq lazım deyil”. 
Bəhmən Əliyevin sözlərinə görə papaq atdı adəti və mərasimi orta əsrlərdən yaranıb:

“Məsələn, “Dəli Kür” filmində də Novruzla bağlı bir epizod var. Orada da yeniyetmə oğlan papağın içində yumurta gətirir. Bunu necə qeyrətsizlik saymaq olar? Düzünə qalsa, bu fikri söyləmək şəxsən məndə təssüf doğurur. Bu, Azərbaycanın etnoqrafiyasına, bizim mənəvi mənəviyyatımıza, hətta maddi mədəniyyətimizə dərindən diqqət yetirməmək məsələsidir”.

Alçina Amilqızı, Bizim.Media  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin