Bu gün Mətbuat Şurasının 20 yaşı tamam olur. Azərbaycanda medianın özünü tənzimləməsini həyata keçirən orqan – Mətbuat Şurası 2003-cü ilin 15 martında yaradılıb. Ölkə jurnalistlərinin birinci qurultayında 180-dək aparıcı KİV-in təsisçiliyi ilə yaradılan Mətbuat Şurasının məqsədi jurnalistlərin öz peşə fəaliyyətlərində qanunvericiliyin tələblərinə, peşə prinsiplərinə əməl etməsinə ictimai nəzarətin həyata keçirilməsi, dövlət orqanları və ictimaiyyətlə mətbuat arasında əlaqənin və etimadın möhkəmləndirilməsi, söz, fikir və məlumat azadlığına daha geniş imkanlar yaradılmasından ibarətdir.
Əlamətdar gündə Bizim.Media Mətbuat Şurasınının sədri Rəşad Məcidlə həmsöhbət olub.
Həmin müsahibəni təqdim edirik:
- Rəşad müəllim, əvvəla yubiley münasibəti ilə Sizi təbrik edirik.
- Çox sağ olun.
- Rəşad müəllim, 20 ildə Mətbuat Şurasından gözləntilər özünü doğrultdumu?
- Mətbuat Şurasından gözləntilər həmişə böyük olub. Mən 15 mart 2003-cü ildə keçirilmiş təsis qurultayını xatırlayıram. Həmin vaxt müxtəlif qütblərdən olan jurnalistlər qurumda təmsilçilik uğurunda mübarizə aparırdılar. Qurultay gecə saatlarında bitdi. Gərginlik var idi. Bu, gözləntilərin böyüklüyündən irəli gəlirdi.
Ümumən, qaldırdığınız məsələyə iki aspektdən yanaşmaq istərdim. Əgər gözləntilərin böyüklüyünə nəzərən qiymətləndirsək, təbii ki, onların hamısını doğrultmaq mümkün olmadı. Burada obyektiv şərtlər də istisna deyil. Ancaq sırf öz funksiyası daxilindəki fəaliyyətindən söhbət gedirsə, bu zaman, bəli, Şura üzərinə düşənlərin böyük əksəriyyətini reallaşdırdı. Mətbuat Şurasının işi, bir növ, peşəkarlığın gözlənilməsinə yönələn ictimai çağırışın ifadəsidir.
Fikrimcə, bu çağırış kifayət qədər yüksək səsləndi. Jurnalistika prinsiplərinin qorunmasının vacibliyi ilə bağlı, belə demək mümkünsə, immunitet formalaşdı. Prinsipləri pozanlar, hətta bunu təkrarlayanlar da hansı yanlışlığa yol verdiklərini anladılar. Buna görə Mətbuat Şurasının, ümumən, gözləntiləri doğrultduğunu söyləmək mümkündür. Nəzərə alaq ki, Şura, bacardığı qədər, medianın bütün spektrini əhatə etməyə çalışdı. Cəmiyyətdə nüfuz qazandı, beynəlxalq müstəvidə, medianın özünütənzimləmə qurumu kimi, tanınmağa müvəffəq oldu.
- Bugünkü jurnalistikanın peşəkarlığı və obyektivliyi barədə nə deyə bilərsiniz?
- Ötən müddətdə Mətbuat Şurasına müxtəlif media orqanlarının fəaliyyəti ilə bağlı ümumilikdə 15 minə yaxın şikayət daxil olub. Şikayətlərin, təxminən, 60-70 faizi, eyni zamanda, məhkəmə müstəvisində mübahisələndirilə bilər. Yəni, bu o deməkdir ki, onlarda peşə prinsipləri ilə yanaşı, qanunvericiliyin də tələbləri gözlənilməyib. Amma ayrıcalıq etmək istəməzdim. Çünki, prinsip etibarilə, əksər hallarda, peşə prinsiplərini pozmaq, elə qanunvericiliyin pozulması meyilini formalaşdırır.
Müxtəlif baxışlar var. Bəzən ictimai qınaq tədbirlərinin yetərsizliyi üzərində dayananlar olur. Amma fikrimcə, əsl jurnalistlər ictimai qınaqdan nəticə çıxarırlar, ona həssas yanaşırlar. Mətbuat Şurasının missiyasına da həmçinin. Hər halda ötən 20 ili yalnız ictimai nəzarətlə keçirməmişik. Həmkarlarımızdan dəstək görmüşük.
Söhbət sırf peşəkarlıq və obyektivlikdən gedirsə, hesab edirəm ki, buna zidd təmayüllərin meydanda olması, heç də yalnız jurnalistikanın problemi deyil. Əlbəttə, peşəkarlıq obyektivlikdir, məsuliyyətdir, həssaslıqdır. Bu keyfiyyətlərin daşıyıcıları olan, jurnalistika prinsiplərinə sadiq həmkarlarımız yetərincədir. Həmişə onlara nəzərənmi, Azərbaycan jurnalistikası ilə bağlı təsəvvür formalaşır, bax, burada müəyyən problemlər var. Qeyri-adekvat yanaşmaların mövcudluğu cəmiyyətin təsəvvürlərindən qaynaqlanır. Əlbəttə, biz məqbul olmayan baxışları dəyişmək naminə də mübarizə aparmalıyıq.
- Hazırkı jurnalist-məmur münasibətlərini Siz necə dəyərləndirirsiniz? Sizə elə gəlmir ki, jurnalistlər məmurlardan çox uzaq düşüb. Ən yaxşı halda jurnalistin əli Mətbuat xidmətinin rəhbərinə çatır.
- Məmur-jurnalist münasibətləri təkcə Azərbaycanda deyil, dünyanın hər yerində problematik səciyyə daşımaqdadır. Məmurlar jurnalistlərdən qaçırlar, onlara müsahibə vermək istəmirlər və s. Bu sayaq hallar, heç də həmişə məmurun öz işinə məsuliyyətsiz yanaşdığından, mediaya demək üçün sözünün olmaması məntiqindən qaynaqlanmır. Bir çox hallarda proses instinktiv baş verir. Məmur heç bir səbəb olmadan jurnalistin suallarından yayınır. Fikrimcə, Azərbaycanda da belə meyillər var. Ancaq mediaya kifayət qədər açıq məmurlar da görürük.
Qeyd etdiniz ki, jurnalistlər məmurlardan uzaq düşüb. Ola bilər, əksini söyləmək istəyirdiniz. Hər bir halda fərqi yoxdur. Çünki təsir bütövlükdə cəmiyyətədir... Kimsəni qınamaq istəməzdim.
Ümumən, bir çox problemlərin düzəlməs üçün zamana ehtiyac var. Amma biz jurnalistlər, ilk növbədə, özümüzə diqqət yetirməliyik. Öz səhvlərimizdən nəticə çıxarmalı və onları düzəltməyə çalışmalıyıq. Mətbuat Şurasının ötən 20 ildəki fəaliyyət fəlsəfəsini də məhz bunun vurğulanması idi.
Biz məsələn, öyrənmək istədik ki, nəyə görə jurnalistlər özlərini məmurlardan uzaq salıb və ya nəyə görə məmurlar jurnalistlərdən yayınır. Hərçənd, deməzdim ki, böyük ölçüdə hər iki qütb bir-birindən çox uzaqdır. Ancaq problemlər var. Dediyim kimi, onların bəziləri zamanla yoluna düşəcək.
Biz çalışaq ki, peşəkar olaq. Peşəkarlıq həm də məmurla və ya hansısa digər müsahib kimi seçilmiş şəxslə ünsiyyət qurmaq bacarığıdır. Məmurun işində nöqsana yol verdiyinə dair əsaslı şübhə varsa, jurnalist bunu cəmiyyətə peşəkar tərzdə çatdırmağı bacarmalıdır. Bu olmayacaqsa, cəmiyyət nöqsanları görə bilməyəcək, deməli, itirəcək.
O ki qaldı, jurnalistin mətbuat xidməti ilə münasibətinə, əlbəttə, birincinin istəyi informasiya almaqdırsa, ikincini axtarmalıdır. Eləcə də mətbuat xidməti jurnalisti axtarmalıdır. Hesab edirəm ki, dövlət qurumlarımızın mətbuat xidmətləri mediaya kifayət qədər açıqdırlar. Bu, kifayət qədər pozitiv mənzərənin olduğundan xəbər verir.
- Bu gün mətbuat əsas 3 missiyasından birindən-maarifçilikdən uzaq düşüb. Mətbuat ancaq xəbər verir və əyləndirir. Marifləndirməksə ya yada düşmür, yada heç kim maariflənmək istəmir. Sizcə problem bunun hansındadır?
- Məncə, problemə kompleks yanaşaq. Yəni, hesab edirəm ki, medianın hansısa missiyasından uzaq düşməsi presedenti varsa, bu, ümumi məsələdir. Əgər maarifləndirmə yoxdursa, istər-istəməz yük əyləncəyə və xəbərə düşəcək. İndiki halda, biz şou xarakterli məlumatların timsalında əyləndirmə missiyasının öndə olduğunu görürük. Hər halda, hiss etdiyim qədərilə, sualınız da bundan qaynaqlanır.
Əlbəttə, media fəaliyyəti ictimai əhəmiyyət daşıyır. Buna görə maarifləndirmə əsasdır. Ancaq digər tərəfdən, bazarın şərtlərinə də diqqət yetirək. Nəzərə alaq ki, bu şərtlər həm də dövrün özündən irəli gələn semantikaya malikdir. Əgər, şou xarakterli bilgilər daha çox maraq kəsb edirsə, istər-istəməz, media da ona doğru qaçacaq. Dünyanın hər yerində durum təxminən eynidir.
Ancaq ziyalı kəsim olaraq, biz bu duruma müsbət yanaşırıqmı? Əlbəttə yox. Demək ki, bacardıqca ciddi auditoriya formalaşdırmağa çalışmalıyıq. Auditoriyamızın intellektual zənginlik palitrasının qayğısına qalmalıyıq. Bayağı paylaşımlarımızla ciddi insanları özümüzdən uzaqlaşdırmamalıyıq. Düşünməliyik ki, cəmiyyətin yükü belə insanları çiyinlərindədir, nəinki hansısa müğənninin. Əgər buna önəm verib çalışacağıqsa, maarifləndirmək missiyasını ön plana çıxara biləcəyik.
- Bu gün ürəklə demək olarmı ki, Azərbaycanda müstəqil mətbuatın iqtisadi dayanıqlılığı təmin olunub?
- Özünü maliyyələşdirməyi bacaran media orqanlarımız var. Ancaq demək olmaz ki, ümumən, medianın iqtisadi durumu yaxşıdır. Burada obyektiv amillər də diqqətdən yayınmır. İlk növbədə, düşünək görək media adına iddialılar nə qədərdir və onların fəaliyyəti jurnalistikaya etimad mühiti baxımından nə dərəcədə məqbuldur. Nəzərə alaq ki, bazar münasibətlərindən çox şeyi qarşılıqlı etimad həll edir. İkincisi, ölkədə, ümumən, reklam bazarı zəifdir. Bu isə medianın reklam gəlirlərinin azlığı reallığını doğurmaqdadır. Mövcud durumda, əlbəttə, onun iqtisadi dayanıqlılığında da zəiflik qeydə alınır.
Hesab edirəm ki, göstərdiyim iki cəhətə kompleks yanaşılmalıdır. İlk növbədə, konkretləşməlidir ki, media adına iddialılar kimlərdir. Bu istiqamətdə dövlətin tədbirləri var. Fikrimcə, Media Reyestrinin tərtib edilməsi mövcud sahədə intizam formalaşdıracaq. Bundan sonra digər stimullaşdırıcı tədbirlərin həyata keçirilməsi mümkündür. Mən nikbinəm.
- Mətbuat Şurası informasiya cəmiyyətinin sağlamlaşdırılması üçün hansı planlar üzərində işləyir?
- Azərbaycan jurnalistlərinin ötən ilin sentyabrında keçirilmiş VIII qurultayında Mətbuat Şurasının İdarə Heyətinin yeni tərkibi seçildi. Şuranın komissiyaları da yenidən formalaşdırıldı. Biz Etika Komissiyasını yaratdıq. Orada media sahəsindəki nüfuzlu şəxslər, o cümlədən, tanınmış ictimaiyyət nümayəndələri də təmsil olunurlar. Onlar mütəmadi şəkildə media məkanındakı tendensiyaları izləyirlər. Ayrı-ayrı məsələlərlə bağlı reaksiyalar verirlər ki, bu da ictimaiyyət tərəfindən müsbət qarşılanmaqdadır.
Digər tərəfdən, informasiyalı cəmiyyət anlayışı kifayət qədər genişdir. Biz onun əsasən media seqmentinə diqqət yetiririk. Bu istiqamətdəki pozitiv və neqativ meylləri qruplaşdırır və ictimai müzakirəsini təşkil edirik. Mətbuat Şurasının missiyası da elə bundan ibarətdir.
Əlbəttə, missiyamız ictimai əhəmiyyət daşıyır. Müxtəlif vətəndaş qruplarının media ilə bağlı narazılıqlarını nəzərdən keçirir, ayrı-ayrı kütləvi informasiya vasitələrinin yol verdikləri nöqsanları diqqətə çatdırır, tövsiyələr ünvanlayırıq. Hesab edirəm ki, gündəlik fəaliyyətimiz də informasiyalı cəmiyyətin sağlamlaşdırılmasını hədəf seçib.
- Mətbuat Şurası, MEDİA Ağentliyi və AJB- bu 3 qurum bir-birini təkrarlamır ki? Bu 3 qurum arasında “sərhəd pozuculuğu” baş vermir ki?
- Hesab etmirəm ki, qeyd etdiyiniz qurumların fəaliyyəti bir-birini təkrarlayır. Medianın İnkişafı Agentliyi dövlət qurumudur, özünün konkret fəaliyyət sferası var. Adından da göründüyü ki, dövlətin medianın inkişafına baxış bucağını müəyyənləşdirir. Yeri gəlmişkən, ötən il Mətbuat Şurası ilə MEDİA arasında anlaşma memorandumu imzalanıb. Hesab edirəm ki, bu sənəd qarşılıqlı əməkdaşlığımızın ümumi maraqlar naminə səfərbərliyində müstəsna əhəmiyyət daşımaqdadır.
Azərbaycan Jurnalistlər Birliyi ölkəmizin köklü jurnalist strukturlarındandır. İşi daha çox ayrı-ayrı jurnalistlərin yaradıcılıq mübadiləsinin təşkili üzərindədir. Bu missiya da vacibdir.
Mətbuat Şurasına gəldikdə isə, qurumun dünya üzrə fəaliyyət spesifikasında başlıca yeri şikayətlərin araşdırılması təşkil edir. Dünyada mətbuat şuralarının medianın özünütənzimləməsindəki missiyası kifayət qədər dərk edilir və qəbul olunur. Bir daha deyim ki, Mətbuat Şurasının fəaliyyəti fərqlidir. Onu da deyim ki, ölkəmizdə media fəaliyyəti ilə bağlı işlək təşkilatların sayı nə qədər çox olsa, bir o qədər faydalıdır.
- Maraqlı müsahibə üçün çox sağ olun.
QEYD: Material Media Agentliyinin elan etdiyi müsabiqənin qaydalarının 8-ci Maliyyə yardımının göstərilməsi müddəasının - 6.3.2. fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi - bəndinə uyğun olaraq hazırlanıb.
Surxay Atakişiyev, Bizim.Media