“2 ilə yaxındır skopiya aparatı işləmir və heç kim də problemin həllinə təşəbbüs göstərmir”.
Bu fikirləri sosial şəbəkədə Bərdə rayon Mərkəzi Xəstəxanasının həkim-radioloqu Rüxsarə Salmanova səsləndirib. O bildirib ki, onun otağındakı rentgen aparatının işləməsi barədə etdiyi bütün müraciətlər bu günədək cavabsız qalıb.
Məsələ ilə bağlı Bərdə rayon Mərkəzi Xəstəxanası ilə əlaqə saxladıq.
Xəstəxananın baş həkimi Vüsal Məmmədov Bizim.Media-ya bildirdi ki, hazırda Bərdə rayon Mərkəzi Xəstəxanasında 4 ədəd stasionar rentgen, 1 ədəd portativ rentgen və 1 ədəd GEqoll fəaliyyət göstərir:
MÖVZU İLƏ BAĞLI:
COVİD-dən sonra Kürdəmirdə şəkərli diabet xəstələrinin sayı artıb - HƏYACAN TƏBİLİ
“Yəni xəstəxanamızda yetərli qədər rentgen aparatı var və tam ehtiyacları da ödəyir. O xanımın otağında köhnə bir rentgen aparatı olub.
Bu dəqiqə o aparatı işlətməyə nə zərurət, nə də maliyyə baxımından ehtiyac var. O həkimə dəfələrlə təklif olunub ki, digər bölmələrdə işləsin. Yəni hər həkimə bir rentgen aparatı verilməsinə nə ehtiyac var? Ona da demişik ki, buyurun gəlin o biri kabinetlərdə işləyin. Amma gəlmir. Səbəb də odur ki, o ayrıca təminat istəyir. Ayrıca rentgen otağı olsun və orda xəstələri qəbul etsin. Ən pisi də odur ki, o özü təkcə xəstələri rentgen müşahidəsindən keçirmir, həm də onlara resept yazır. Bu da yolverilməzdir. Yenə deyirəm ki, heç bir bölgə xəstəxanasında bizdə olan qədər rentgen aparatı yoxdur. Hətta bu yaxınlarda aldığımız ən son rentgen aparatının qiyməti 200 min manatdan bahadı. Quraşdırıldığı da heç 2 ay deyil”.
Baş həkim onu da əlavə etdi ki, Rüxsarə xanım hazırda işdə deyil:
“Xəstəlik vərəqəsi açdırıb. Bildiyim qədər də gedib Sumqayıtda hansısa özəl xəstəxanada çalışır. Bir ara bizə təklif etdi ki, mən USM də baxmaq istəyirəm. Amma onun bununla bağlı sertifikatı olmadığına görə razılaşmadıq. Yəni bizim yetərli sayda radioloqumuz da var, rentgen aparatlarımız da var. Başqa xəstəxanalardan da maraqlana bilərsiniz ki, görün onlarda bizdəki qədər rentgen aparatları var, ya yox”.
Surxay Atakişiyev, Bizim.Media