Bakıda bu qədər silah haradandır? - Artan kriminal hallarla bağlı polis rəisindən AÇIQLAMA 

Hazırda oxunan: Bakıda bu qədər silah haradandır? - Artan kriminal hallarla bağlı polis rəisindən AÇIQLAMA 

125049

Azərbaycanda silahlı basqın və odlu silahla törədilən cinayətlərin sayının artdığı müşahidə olunur. Bu da İkinci Qarabağ müharibəsi zamanı istifadə olunan silahların bir qisminin mütəşəkkil cinayətkar qruplaşmaların əlinə keçməsi ilə bağlıdır.

Bizim.Media xəbər verir ki, bu fikirləri Bakupost.az-a sabiq polis rəisi, polkovnik Əlövsət Əliyev bildirib.

Onun sözlərinə görə, müharibə şəraitindən istifadə edərək, qanunsuz yollarla odlu silah əldə edən şəxslər onları cinayətkarlara satırlar. Qeyri-qanuni silah alveri onilliklər ərzində problem olaraq qalacaq:

“Son günlər törədilən cinayətlər də qeyri-qanuni silahlarla bağlı problemin aktual olduğunu təsdiqləyir. Təcrübə göstərir ki, müharibə zamanı və ya müharibədən sonra odlu silah satışı və onun ölkədən qaçaqmalçılıq yolu ilə çıxarılması halları artır.
Hətta 30 il əvvəl başa çatmış müharibələrdən qənimət kimi əldə olunmuş silahlar hələ də tam olaraq dövriyyədən çıxarılmayıb”.

Ekspert vurğulayıb ki, qanunsuz odlu silah saxlama və silah qaçaqmalçılığının miqyasını təxmin etmək çox çətindir:

“Buna baxmayaraq Avropa Birliyinə üzv dövlətlərin hüquq-mühafizə orqanları mütəmadi olaraq qanunsuz əldə edilən silahların dövriyyəsi ilə bağlı hesabatlar hazırlayırlar. 2017-ci ildə Avropa Birliyi ölkələrində 35 milyon nəfərin qeyri-qanuni yollarla odlu silah əldə etdiyi təxmin edilirdi. Bu göstərici qanuni mülkiyyətdə olan odlu silahların sayından çoxdur”.

Əlövsət Əliyev hesab edir ki, Azərbaycanda qanunsuz yolla odlu silahlar əsasən müharibə vaxtı döyüş bölgələrindən əldə edilib:

“Düşməndən qənimət kimi götürülən silahlar qeydiyyatdan gizlədilib. Eyni zamanda yaralanan, ölən və ya itkin düşən hərbçilərimizin döyüş zamanı yoxa çıxan silahları, habelə müharibə vəziyyətindən yaralanan, vəzifəsindən sui-istifadə edən hərbi qulluqcuların çıxdaş etdikləri silahlar qanunsuz dövriyyədədir. Qarabağ müharibəsi başa çatandan sonra “Odlu silahlarla bağlı yol xəritəsi “ hazırlayıb hüquq-mühafizə orqanlarına gündərmişdim. Orada müharibə zamanı yoxa çıxdığı ehtimal olunan və ya qanunsuz olaraq əldə edilən silahların sayı və növünü, itdiyi tarixi müəyyən etməyin, həmin silahların izlənməsinin zəruriliyini qeyd etmişdim. Keçmiş təcrübəmə və izlədiyim məlumatlara əsaslanaraq deyə bilərəm ki, qanunsuz odlu silahların daşınmasında daha çox avtomobillərdən istifadə olunur. Həmin silahların satışı və saxlanması ilə mütəşəkkil cinayətkar qruplar və ya ayrı-ayrı şəxslər məşğul olur. Bu şəxslər əsasən keçmiş hərbçi və polislər, əsir və girovların qeyri-rəsmi danışıqlar yolu ilə dəyişdiriməsi ilə məşğul olan şəxslərdir”.

Müsahibimiz bildirib ki, hazırda müharibə olan bütün ölkələrdə qeyri-qanuni odlu silahların sayı artmaqdadır:

“Avropada aparılan təhqiqatlara görə, Qərbi Balkan ölkələrindən qanunsuz yolla gətirilən odlu silahlar satılmaqda davam edir. Ukraynadan qaçaqmalçılıq yolu ilə AB-yə silah gətirilməsini iddia edənlər də az deyil.
Münaqişələr və silah istehsalının artması odlu silahla törədilən cinayətlərin çoxalması riskini artırır.

Buna görə də, birincisi, hüquq-mühafizə orqanları döyüş bölgələrindən qənimət kimi götürülən silahların hamısının qeydiyyata alınmadığını daim nəzarətdə saxlamalıdır. İkincisi, silahlarla bağlı qanunlar, eləcə də qanunsuz odlu silah saxlama faktına görə cəzalar sərtləşdirilməlidir”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin