“Sənədsiz evlərin satışına qadağa qoyulması mənzil bazarında çox böyük qiymət artımına səbəb ola bilər”.
Bunu Ombudsmanın yeni tikilən binalardakı çıxarışsız mənzillərin satışına qadağa qoyulması ilə bağlı təklifini dəyərləndirən daşınmaz əmlak üzrə ekspert Elnur Fərzəliyev deyib.
Bizim.Media-ya açıqlamasında o bildirib ki, bu qərar əsasən köhnə mənzillərin bahalaşmasına gətirib çıxara bilər:
MÖVZU İLƏ BAĞLI:
“Bu ərazilərdə yerləşən həyət evlərinə çıxarış verilməyəcək” - VİDEO
“Eyni zamanda, mənzil bazarında ciddi təlatüm yaranar. Mənzil tikintisinə də zərbə olar. Çünki, hazırda tikilməkdə olan binalarda mənzillərin alqı-satqısı sadəcə müqavilə ilə həyata keçirilir. Yalnız bina tikilib təhvil verildikdən sonra mənzillərə çıxarışlar verilir. Bu proses bəzən 3-5 il çəkir. Belə vəziyyətdə vətəndaş öz mənzilinə qeydiyyata düşə bilmir, evini girov predmetinə çevirə bilmir və həmin mənzil sığortalanmır. Eləcə də, alqı-satqı zamanı dövlətə vergi ödənilmir. Burda itirən tərəf vətəndaşla dövlətdir. Ona görə də çıxarışsız mənzillərin satışına qadağa qoymaq çıxış yolu deyil”.
Ekspert Ombudsmanın təklifinin səbəblərindən də danışıb:
“Vaxtilə çıxarışı olmayan mənzilləri bir neçə nəfərə satılıb. Nəticədə yüzlərlə insanın əmlak hüququ pozulub. Həmin insanlar da müvafiq instansiyalara, o cümlədən Ombudsmana müraciət ediblər. Amma təklif bu günkü reallıqla üst-üstə düşmür. Çünki, hazırkı mexanizm o qədər də işlək deyil.
Yenisi yaradılmamış köhnəni də ləğv etmək çox böyük problemlər yarada bilər. Yaxşı olar ki, çıxarışsız mənzillərin hüquqi tənzimlənməsi ilə bağlı yeni qurum yaradılsın. Çünki, Abşeron yarımadasında 500 mindən artıq sənədsiz mənzil var. Ona görə də satışa qadağa qoymaq yox, bu sahədə yeni mexanizm hazırlayıb tətbiq etmək lazımdır. Əgər sənədsiz mənzillərin alqı-satqısı MTK-lar tərəfindən deyil hansısa dövlət qurumu tərəfindən aparılsa onda bu daha ədalətli və problemsiz olar. Ən başlıcası bütün mənzillərin vahid reyestri aparılsa, heç bir problem yaşanmaz”.
Surxay Atakişiyev, Bizim.Media