Siyasət və tibbin bir-birindən olqudca uzaq sahələr olduğu mövzusunda yəqin ki əksəriyyət həmfikirdir. Ancaq Azərbaycan siyasi arenasına nəzər saldıqda fərqli mənzərənin şahidi oluruq.
Çünki istər siyasi partiya sədrləri, istərsə də parlementin deputatları içərisində ixtisasca həkim olanların sayı xeyli çoxdur.
Hətta, say tərkibi olaraq da baxdıqda, tibb təhsilli siyasilərin politologiya üzrə təhsil almış siyasətçilərdən heç də az olmadığını görə bilərik.
Bizim.Media siyasi cameənin həkimlərini araşdırıb.
Əhliman Əmiraslanov
Cərrah-onkoloq, tibb elmləri doktoru, professor Əhliman Əmiraslanov N.Nərimanov adına Dövlət Tibb Univeristetinin müalicə-profilaktika fakültəsinə daxil olub. Tələbəlik dönəmində Bakı şəhər Kliniki Onkologiya Xəstəxanasında tibb qardaşı vəzifəsində çalışmağa başlayıb.
Universiteti bitirdikdən sonra həmin xəstəxananın cərrahiyyə şöbəsində həkim-ordinator və şöbənin müdiri vəzifələrində çalışıb, 1992-ci ildən 2015-ci ilədək Tibb Universitetinin rektoru olub.
Rəşad Mahmudov
Tibb elmləri doktor Rəşad Mahmudov ürək-damar cərrahıdır. Türkiyədə 9 Eylül Universitetinin tibb fakültəsində oxuyub və 1997-2003-cü illərdə isə həmin universitetin ürək-damar cərrahiyyəsi Elmi Mərkəzinin doktoranturasında təhsil alıb.
2006-cı ildə Ali Attestasiya Komissiyasında namizədlik dissertasiyası müdafiə edərək tibb elmləri namizədi alimlik dərəcəsi alıb. 1997-2002-ci illərdə Türkiyədə Ege Universitetinin ürək-damar cərrahiyyəsi mərkəzində, 2003-2004-cü illərdə Şifa Xəstəxanalar Qrupunda, 2004-2005-ci illərdə İzmir şəhərindəki Kent xəstəxanasında, 2005-ci ildən indiyə qədər Mərkəzi Neftçilər Xəstəxanasının Ürək-damar cərrahiyyəsi şöbəsinin müdiri və ürək-damar cərrahı işləyir.
Müşfiq Məmmədli
Azərbaycan Dövlət Tibb Universitetinin Pediatriya fakültəsini bitirmiş, Sankt-Peterburq Dövlət İqtisad Universitetinin Ali İqtisad Məktəbində MBA proqramı çərçivəsində Səhiyyə təşkilatlarının menecmenti ixtisasına yiyələnib.
1996–1997-ci illərdə Sumqayıt Şəhər Uşaq Xəstəxanasında internatura keçmiş, 1997–2000-ci illərdə qəbul şöbəsinin həkimi vəzifəsində işləyib. 2000– 2003-cü illərdə Türkiyənin İstanbul şəhərində Bəylərbəyi Sağlıq Sarayının, daha sonra Bayramoğlu Bələdiyyə Xəstəxanasının həkim-pediatrı olub. 2006–2008-ci illərdə Sumqayıt şəhərində Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkim-pediatrı, 2008–2015-ci illərdə Sumqayıt Şəhər Uşaq Xəstəxanasının həkim-pediatrı, 2015–2016-cı illərdə pediatriya şöbəsinin müdiri vəzifələrində çalışmıb. 2016-cı ildən Sumqayıt Şəhər Uşaq Xəstəxanasının baş həkimidir.
Məlahət İbrahimqızı
Məlahət İbrahimqızı Azərbaycan Dövlət Tibb İnstitutunun pediatriya fakültəsini bitirib. Lakin fəaliyyətini bu sahədə davam etdirməyib və Bakı Dövlət Universitetinin hüquq fakültəsinə daxil olaraq ikinci ixtisasa yiyələnib və bu istiqamətdə fəaliyyət göstərib.
Ülvi Quliyev
Azərbaycan Dövlət Tibb İnstitutunun əczaçılıq fakültəsini bitirən Ülvi Quliyev də sonradan Bakı Dövlət Universitetinin hüquq fakültəsində təhsil alıb.
Sədaqət Vəliyeva
Milli Məclisin digər həkim-deputatı Sədaqət Vəliyevadır. O 1972-ci ildə Dövlət Tibb Universitetinin müalicə-profilaktika fakültəsinə daxil olub, 1978-ci ildə bitirib. Əmək fəaliyyətinə döş qəfəsi cərrahiyyəsi xəstəxanasında tibb bacısı işləyərək başlayıb. Suraxanı 6 saylı Vərəm Xəstəxanasında həkim-ftiziatr, baş həkim, müxtəlif illərdə Suraxanı və Sabunçu rayonlarında səhiyyə şöbələrinin müdiri işləyib. 2006-cı ildən Sabunçu rayon 4 saylı Vərəm Əleyhinə Dispanserin baş həkimidir. Ali dərəcəli həkimdir.
Musa Urud
Şair, tibb elmləri namizədi Musa Quliyev Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsini bitirib. İkinci təhsilini Dövlət İdarəçilik Akademiyasının dövlət və bələdiyyə idarəetməsi fakültəsində alıb. Əmək fəaliyyətinə təyinatla göndərildiyi Gəncə şəhərində, A.Səhhət adına 1 saylı xəstəxanada həkim kimi başlayıb. Gəncə Narkoloji Dispanserində həkim-narkoloq, Bakı şəhərindəki 7 saylı poliklinikada həkim nevropatoloq, Yasamal rayonunda həkim əmək ekspert komissiyasında ekspert nevropatoloq işləyib.
Qənirə Paşayeva
Həkim, jurnalist, deputat olan Qənirə Paşayeva isə Tibb Universitetinin pediatriya fakültəsini bitirib. Lakin o, öz ixtoisası üzrə deyil, əvvəlcə jurnalist kimi fəaliyyət göstərib, daha sonra Milli Məclisə deputat seçilib. İkinci təhsilini isə Bakı Dövlət Universitetinin beynəlxalq hüquq fakültəsində alıb.
Asim Mollazadə
Həkim deputat, Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə 1980-1992-ci illərdə Moskva (Rusiya) Seçenov adına Tibb Akademiyasında Nevrologiya və davranış psixofiziologiyası ixtisası üzrə təhsil alıb. 1992-ci ilin iyun-dekabr aylarında Azərbaycan nevroloji psixogen və psixosomatik xəstəliklər mərkəzinin direktoru olub.
Sərdar Cəlaloğlu
Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu 1970–1977-ci illərdə Azərbaycan Tibb İnstitutunda ali tibb təhsili alıb. Partiya sədri ixtisasca məhkəmə-tibb ekspertidir. Sərdar Cəlaloğlu 1978-ci ildən Naxçıvan Muxtar Sovet Sosialist Respublikası Səhiyyə Nazirliyinin məhkəmə-tibbi ekspertiza bürosunda ekspert kimi işləyib.
Əli Əliyev
Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev 1984-cü ildə Azərbaycan Dövlət Tibb İnstitutuna daxil olub. 1991-ci ildə institutu fərqlənmə diplomu ilə bitirib. 1991-ci ildə Azərbaycan Tibb Universitetinin Biokimya kafedrasında işləməyə başlayıb. Biologiya elmləri namizədidir.
Əli İnsanov
Sabiq səhiyyə naziri, Haqq-Ədalət Partiyasının sədri Əli İnsanov da ixtisasca həkim olan siyasətçilərdəndir. 1965–1972-ci illərdə Azərbaycan Tibb İnstitutunun (indiki ATU-nun) müalicə-profilaktika fakültəsində təhsil alıb. 1984-cü ildə müdafiə edərək tibb elmləri doktoru alimlik dərəcəsinə layiq görülüb.
1985-ci ildən 1993-cü ilədək Azərbaycan Elmi Tədqiqat Ağ ciyər xəstəlikləri institutunun direktoru olub, 1991-ci ildən həm də Azərbaycan Tibb Universitetində Ağ ciyər xəstəlikləri kafedrasında müəllimliyə başlayıb və 1998-ci ildən həmin kafedranın müdiri olub. O, tibb sahəsi üzrə 15 monoqrafiya, kitab və dərsliyin, 200-dən çox elmi məqalənin müəllifidir.
Qeyd edək ki, Ali Sovetin sabiq sədri, bir müddət Prezident səlahiyyətlərini icra etmiş, Yaqub Məmmədov, AMİP-in sabiq sədr müavini və millət vəkili Şadman Hüseyn də ixtisasca həkim olublar.
Murad Əhmədov, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
09:00 / 10.03.2023
Həkimlikdən siyasətə gələn KİMLƏRDİR? – ARAŞDIRMA
Hazırda oxunan: Həkimlikdən siyasətə gələn KİMLƏRDİR? – ARAŞDIRMA
Hazırda oxunan: Həkimlikdən siyasətə gələn KİMLƏRDİR? – ARAŞDIRMA
124633
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.