Ötən gün sosial şəbəkələrdə Polşadan gələn turist Kamil Toursla ingilis dilində səlis danışması ilə məşhurlaşan Xınalıq kənd məktəblisi İbrahim Zeynalovdan yeni xəbər var.
Rüfət Kəlbiyev adına Xınalıq kənd tam internat məktəbinin 6-cı sinif şagirdi İbrahim Zeynalov Bizim.Media-ya elə ingilis dilində müsahibə verib. İbrahim Zeynalov bu dəfə Laçın- Xankəndi yolunda 88 gündür ekoloji aksiya keçirən fəallarımıza dəstəyini ifadə edib. O, Ermənistandan Azərbaycanın təbii sərvətlərinin talanmasına son qoymasını tələb edib və ermənilərin hərəkətlərini pisləyib.
MÖVZU İLƏ BAĞLI:
Xınalıqdan olan uşaq polşalı turistə ingiliscə müsahibə verdi - VİDEO
İbrahim Zeynalov Xınalığa gələn əcnəbiləri ilk qarşılayanlardandır. Onlara dünyada yeganə olan Xınalıq dili və kəndin təbiəti, relyefi barədə həvəslə məlumat verir. Təbii ki, o bütün bunları dərslərinə mane olmadan edir. Gələcək planlarına gəlincə məqsədi, hüquqşünas ixtisası üzrə ali təhsil almaqdır. Bunun üçün dərslərinə çox ciddi hazırlaşır.
Xınalıq kənd internat tam məktəbinin ingilis dili müəllimi İldırım Zeynalov isə deyir ki, məktəblərində ingilis dilini yaxşı bilən tək İbrahim deyil:
“Kənddə 10-a yaxın şagird var ki, ingilis dilini mükəmməl bilir. Bu, xarici turistlərin Xınalığa tez -tez gəlmələrindən, onların kəndimizin tarixi, mədəniyyəti, dili, insanlarımızın məşğuliyyəti ilə çox maraqlanmalarından irəli gəlir. Şagirdlərimiz bu səbəbdən həm xarici dilləri öyrənir, həm də Xınalığı dünyada tanıtmağa çalışırlar. Biz belə şagirdlərimizlə təbii ki, fəxr edirik".
Qeyd edək ki, xınalıqlı məktəbli ilə polşalı turist Kamil Toursun ingilis dilində dialoqu 2022-ci ilin payız ayında çəkilib. Həmin videonu turist ötən gün özü sosial şəbəkədə paylaşıb.