Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində bir vaxtlar bu xüsusi təyinatlı hərbi təhsil müəssisəsinin “Zabit ixtisas kursu”nu bitirmiş Azərbaycan Ordusunun şəhid zabiti mayor Rəhim Qədir oğlu Hüseynovun anım mərasimi keçirilib.
Bizim.Media xəbər verir ki, mərasimdə şəhidin həyat və döyüş yolundan söhbət açılıb.
Bildirilib ki, zabitimiz Çexiya, Almaniya, Macarıstan, Amerika Birləşmiş Ştatları, Türkiyə, Bolqarıstan, Gürcüstan, Bosniya və Herseqovina və Rumıniyada beynəlxalq əhəmiyyətli kurslarda iştirak edib.
İngilis, rus, erməni dillərini mükəmməl bilib. Xidmət müddəti ərzində NATO təlimləri və kursları çərçivəsində keçirilən beynəlxalq tədbirlərdə Azərbaycan Silahlı Qüvvələrini layiqincə təmsil edib.
Sağlığında “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)”, “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)”, “Qüsursuz xidmətə görə” 2-ci dərəcəli, "Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)”, “Əfqanıstanda sülhməramlı missiyaya görə” medalları ilə təltif olunan igid tabor komandiri 2020-ci il oktyabrın 20-də Qubadlının azad olunması uğrunda döyüşlərdə qəhrəmancasına həlak olub və ən yüksək məqama – şəhidlik zirvəsinə ucalıb.
Diqqətə çatdırılıb ki, Əfqanıstanda həyata keçirilən “Qətiyyətli Dəstək” qeyri-döyüş missiyasında mayor R.Hüseynov 2020-ci il yanvarın 21-dən 2020-ci il avqustun 12-dək Azərbaycanın Sülhməramlı Kontingentinin, eyni zamanda, Hamid Karzai beynəlxalq hava limanında “NKIA” Qüvvə Mühafizəsi Qrupu Taborunun komandir müavini və komandiri vəzifələrini icra edib.
Əfqanıstandakı "Qətiyyətli Dəstək" missiyasının və ABŞ Qüvvələrinin Komandiri (ABŞ Quru Qoşunlarının generalı) Austin Skott Miller igid həmyerlimizin təltif olunması ilə bağlı təqdimatında onun ləyaqətli xidmətinin təfsilatını bu cür dəyərləndirib:
"O, şəxsi heyət arasında güclü ünsiyyət qabiliyyəti və peşəkar hərbi intizamı vasitəsilə üstün liderlik bacarığını nümayiş etdirib, olduqca gözəl işçi münasibət yaradıb.
Bununla o, düşmənin nəzərə çarpan təhdidləri, eləcə də koronavirus epidemiyasının gətirdiyi özünəməxsus çətinlikləri əhatə edən son dərəcə ağır dövrdə NKIA-nın Qüvvə Mühafizəsi Qrupunun vəziyyətdən xəbərdarlıq səviyyəsinin yüksəkdə saxlanılmasına zəmin yaradıb.
Mayor Hüseynovun nümayiş etdirdiyi işçi keyfiyyətlər NATO əməliyyatlarının yüksək ənənələrini qoruyur və o, NATO-nun "Ləyaqətli xidmət" medalına (əməliyyat üzrə) layiq görülür”.
NATO-nun Baş katibi Yens Stoltenberqin imzaladığı sənəddə göstərilir ki, mayor Rəhim Hüseynov NATO-da təyin olunduğu vəzifəsinin icrası ərzində müstəsna xidmətinə görə NATO-nun "Ləyaqətli xidmət" medalı ilə təltif olunub.
Tədbirdə qeyd olunub ki, həmin medal və sertifikat artıq Azərbaycandadır və NATO tərəfi Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə məktub ünvanlayaraq, həmin təltifin qəhrəman tabor komandirinin ailəsinə təntənəli şəkildə təqdim olunmasını xahiş edir.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
11:19 / 20.02.2021
NATO şəhid mayorumuzu "Ləyaqətli xidmət" medalı ilə təltif etdi
Hazırda oxunan: NATO şəhid mayorumuzu "Ləyaqətli xidmət" medalı ilə təltif etdi
Hazırda oxunan: NATO şəhid mayorumuzu "Ləyaqətli xidmət" medalı ilə təltif etdi
12445
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.