103 yaşlı Şabranlı Meynas nənə: “Yetim böyüdüm, amma 137 davamçım var\"

Hazırda oxunan: 103 yaşlı Şabranlı Meynas nənə: “Yetim böyüdüm, amma 137 davamçım var\"

124412

"Mən gəncliyimdə çörək bişirəndə evdən 4 şiş əti də gətirib qoyurdum yanıma. Çörəyi bişirdikcə həmin əti də kabab eləyib yeyirdim. Bu da mənə gün ərzində çox güc-qüvvət və taqət verirdi". 

Şabranın Ağbaş kəndində ömrünün 103-cü ilini yaşayan Meynas Maqsudova Bizim.Media-ya uzun ömürlüyünün sirrini danışıb. 

Ömrü boyu zəhmətlə, fiziki işlə məşğul olan ağbirçək Şabranın Baş Əmirxanlı kəndində doğulub:

“Anamı 2 yaşında itirmişəm, dayım baxıb mənə. Yetimliklə böyüyüb, həm işləyib, həm də öz ailəmin qayğıları ilə məşğul olmuşam”. 

Meynas nənənin hazırda 58 yaşında kiçik oğlu Etibar danışır ki, anam mərhum atam Məmmədlə balıq vətəgəsində tanış olub:

“Atam onu Təkiyə kəndinə gətirib və evləniblər".

Menyas Maqsudova ailə qurandan sonra da təsərrüfat işlərində çalışıb. Belinə körpə uşağını bağlayıb sahədən soğan çıxarıb, uşağı cərğələrin arasında qoyub işini görüb, çünki uşağı evdə saxlayan olmadığından dolanmaq üçün işləməyi vacib bilib, yer belləyib, mal-qara saxlayıb.

Ağbirçək Şabran sakini söyləyir ki, ailə qurandan sonra Təkiyə kəndindən Şabranın (o vaxt rayon Dəvəçi adlanırdı) Ağbaş kəndinə köçüb burada məskunlaşıblar.

Müharibənin acsını görüb çətinliklə həyatını yaşamış Meynas nənə burada da zəhmət çəkməkdən usanmayıb. Ömrü boyu zəhmətlə məşğul olan Meynas Maqsudova səhhətindən heç vaxt şikayətlənməyib:

“Çünki, "iştah diş altındadır", yeməsən, özü də doğru qidalanmasan yaşaya bilməzsən. Basıb yemək də bir şey deyil. Həmişə vaxtında, qədərində bvə sağlam qidalanmaq lazımdır”. 

Oğlu Etibar deyir ki, anam heç vaxr broyler toyuğun ətini, kolbasa və sosiska yeməz:

“Həmişə təbii nehrə yağı, təmiz heyvan əti qəbul edir. İndi mal-qara saxlamaq çox çətin olsa da çalışırıq, anam təbii ərzaq və çərəz qəbul eləsin. Özü də çox şeyi yemir. Necə deyərlər, ağzının dadını bilir".

Şabranın ən uzunömürlü sakini Meynas Maqsudova 10 övlad -5 oğul, 5 qız anasıdır. Sovet dövrünün qəhrəman anasıdır:

“Hazırda 35 nəvəm, 78 nəticəm və 14 kötükcəm var. 2 yaşından yetim böyüdüm, amma şükür olsun Allaha, indi 137 nəsil davamçım var”.

Meynas nənə Ağbaş kəndində kiçik oğlu Etibarın ailəsi ilə yaşayır. İşə-gücə öyrəncəli olduğundan tez-tez həyətə düşür, toyuq-cücəyə dən səpir, həyəti süpürür, son günlər isə ağacların yaz hazırlığını görür, budaqlarını kəsir. 

Sonda şabranlı Meynas nənə Mehriban Əliyeva başda olmaqla bütün Azərbaycan xanımlarını 8 Mart Beynəlxalq qadınlar bayramı münasibəti ilə təbrik etdi:

"Hamıya can sağlığı arzulayıram".

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin