Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzi tərəfindən Bərdə şəhər 4 nömrəli tam orta məktəbində “Fövqəladə halların nəticələrinin aradan qaldırılması zamanı qəza-xilasetmə və digər təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi” mövzusunda təlim keçirilib.
Bu barədə Bizim.Media-ya FHN-dən məlumat verilib.
Bildirilib ki, tədbirdə FHN-in Qarabağ Regional Mərkəzi və Bərdə Rayon Yanğından Mühafizə Hissəsinin, Rayon Polis Şöbəsinin, Təcili Tibbi Yardım Stansiyasının şəxsi heyəti, Bərdə Rayon İcra Hakimiyyətinin, Qarabağ Regional Təhsil İdarəsinin məsul şəxsləri, məktəbin müəllim və şagird kollektivi, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Təlimin keçirilməsində əsas məqsəd təlim iştirakçılarının fövqəladə hadisələr zamanı fəaliyyət üzrə bilik və bacarıqlarının artırılması, bu sahədə praktik vərdişlərin formalaşdırılmasından ibarət olub.
Dövlət himninin səsləndirilməsi ilə başlayan məşqin nəzəri mərhələsində təbii və texnogen xarakterli fövqəladə hadisələr zamanı davranış qaydalarına dair məktəbin kollektinə ətraflı məlumatlar verilib, suallar cavablandırılıb.
Təlimin praktik mərhələsində isə xüsusi təyinatlı texnikalar və canlı qüvvənin iştirakı ilə şərti olaraq baş vermiş yanğının söndürülməsi, zərərçəkmişlərin xilas edilməsi, şərti zəlzələ zamanı təxliyə və ilkin tibbi yardımın göstərilməsi əməliyyatları həyata keçirilib.
Sonda məktəbin kollektivinə texnikaların, xilasetmə alət və avadanlıqlarının istifadə qaydaları, taktiki-texniki göstəriciləri barədə məlumat verilib.
Təlim prosesi uğurla başa çatıb, qarşıya qoyulmuş məqsədlərə nail olunub.
Bizim.Media