Azərbaycan qadınları hər zaman mübarizliyi, fədəkarlığı ilə seçilib.
Qədim Azərbaycan tayfalarından olan massagetlərin məşhur qadın hökmdarı, sərkərdə Tomrisdən başlamış, ilk diplomat qadın kimi tanıdığımız Sara Xatuna qədər yüzlərlə ad çəkmək olar ki, onlar xanımlarımızın nəyə qadir olduğunu ortaya qoyub.
Bizim.Media Azərbaycanın tanınmış, öz sahəsində ilkə imza atan qadınlarından bəziləri haqqında məlumat təqdim edir.
MÖVZU İLƏ BAĞLI:
Xanımlara 8 MART HƏDİYYƏSİ - Pulsuz müayinə üçün Məlhəm hospitalına müraciət edin - VİDEO
Məhsəti Gəncəvi. Məhsəti Gəncəvi XI əsrin sonları-XII əsrin əvvəllərində yaşamış böyük Azərbaycan şairidir. O, ilk məşhur Azərbaycan şairi, ilk şahmatçı qadın, ilk görkəmli qadın musiqiçidir. Onun ilk qadın bəstəkar olduğu ehtimal olunur.
Xurşidbanu Natəvan. XIX əsr Azərbaycanın görkəmli şairəsi Xurşidbanu Natəvan parlaq istedada və qabaqcıl ideallara malik olan şəxsiyyət olub. O, Azərbaycan mədəniyyətində və ictimai həyatında dərin izlər qoymuş zəmanəsinin görkəmli şəxsiyyətlərindən olub. O təkcə Azərbaycanda deyil, bütün Zaqafqaziyada xeyirxahlığı və mesenatlığı ilə tanınıb. O, kasıblara əl tutub, Şuşaya su kəməri çəkdirib.
Xurşidbanu Natəvan Şuşada "Məclisi üns" ədəbi məclisinin təşkilatçısı olub. 1973-cü ildə Şuşaya su kəmərini çəkdirib.
Züleyxa Seyidməmmədova. O, Azərbaycan SSRİ ictimai təminat naziri, ilk azərbaycanlı qadın təyyarəçi, II Dünya müharibəsində hərbi təyyarəçi olub. Kapitan Züleyxa Seyidməmmədova 1938-ci ildə imtahan verərək Moskvada Jukovski adına Hərbi-Hava Akademiyasına qəbul olunan ilk şturman qız olur.
O, ikinci dünya müharibəsində qırıcı təyyarəçi və qadınlardan ibarət qırıcı aviasiya polkunun komandir müavini olub, 500-dən artıq döyüş uçuşu keçirib. O, sosial tәminat naziri postunda çalışan ilk qadın nazir olub.
Ayna Sultanova. İctimai-siyasi xadim Ayna Sultanova Azərbaycan SSRİ-nin Maarif Xalq Komissarı, "Şərq qadını" jurnalının redaktoru, Azərbaycan tarixinin ilk qadın naziri, Xalq Ədliyyə Komissarı və Ali Məhkəmə sədri vəzifələrində çalışıb.
1930-1937-ci illərdə Azərbaycan SSR xalq maarif komissarının müavini, maarif komissarı və bir qədər sonra ədliyyə komissarı və digər vəzifələrdə çalışıb. 1938-ci ildə A.Sultanova qardaşı Qəzənfər Musabəyov və həyat yoldaşı Həmid Sultanovla birlikdə repressiyaya məruz qalıb və xalq düşməni kimi güllələnib.
Qəmər Salamzadə. 1908-ci ildə anadan olan Azərbaycanın ilk qadın kinorejissoru, ssenaristi Qəmər Salamzadə şair Əliqulu Qəmküsarın qızıdır.
Qəmər xanım Moskvada Ali Kinematoqrafiya İnstitutunu bitirib. O, ötən əsrin əvvəllərində dünyada məşhur olan rejissorlarla görüşüb, onların emalatxanasında rejissorluq sənətini öyrənib. Arzusu milli kinomuzun inkişafına xidmət olsa da 30-cu illərin repressiyaları onun geniş fəaliyyət göstərməsinə mane olub.
Şəfiqə Axundova. O, Şərqdə ilk opera yazan bəstəkar qadındır. Azərbaycanın xalq artisti Şəfiqə Axundova 1972-ci ildə "Gəlin qayası" operasını yazmaqla Şərqin ilk opera yazan qadın bəstəkarı olub. Onun Azərbaycan şairlərinin şeirlərinə bəstələdiyi gözəl lirik mahnıları və romansları xalq tərəfindən çox sevilir.
Zərifə Əliyeva. O, Azərbaycan SSRİ-nin əməkdar elm xadimi, tibb elmləri doktoru, Azərbaycan Milli Elmlər Akademiyasının akademiki olub. 1947-ci ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunu bitirən Zərifə xanım Azərbaycan Elmi-Tədqiqat Oftalmologiya İnstitutunda elmi işçi, 1969-cu ildən isə Ə.Əliyev adına Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunda göz xəstəlikləri kafedrasının dosenti, professor, görmə orqanlarının peşə patologiyası laboratoriyasının müdiri, oftalmologiya kafedrasının müdiri) vəzifələrində çalışıb. Yüksək elmi nailiyyətlərinə görə SSRİ Tibb Elmlər Akademiyasının M.İ.Averbax adına mükafatına layiq görülüb.
Mehriban Əliyeva. O, müasir Azərbaycanın əsil lider qadınıdır. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Arif qızı 1964-cü il 26 avqustda Bakı şəhərində ziyalı ailəsində anadan olub. O, yazıçı, ədəbiyyatşünas, Azərbaycanın Əməkdar elm xadimi, filologiya elmləri doktoru (1947), professor Mir Cəlal Paşayevin və görkəmli jurnalist, pedaqoq, Əməkdar elm xadimi Nəsir İmanquliyevin nəvəsidir.
Mehriban xanım Heydər Əliyev Fondunun prezidenti, Yeni Azərbaycan Partiyası sədrinin birinci müavinidir. O, 1988–1992-ci illər ərzində Moskvada akademik Krasnovun rəhbərliyi altında Göz Xəstəlikləri Elmi-Tədqiqat İnstitutunda işləyib.
Aktiv ictimai fəaliyyətə 1995-ci ildə hal-hazırda rəhbərlik etdiyi Azərbaycan Mədəniyyət Fondunu yaratmaqla başlayıb. 1996-cı ildə Azərbaycan mədəniyyətinin geniş təbliğ olunması məqsədi ilə üç dildə (Azərbaycan, ingilis və rus) çap olunan "Azərbaycan-İrs" jurnalını təsis edib.
2002-ci ildə Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilib, 2005 və 2010-cu illərdə Azərbaycan Respublikasının Milli Məclisinə keçirilən seçkilərdə deputat seçilib.
Azərbaycan dövlətçiliyi tarixində ilk dəfə olaraq "birinci xanım" statusunu məhz Mehriban Əliyeva formalaşdıraraq cəmiyyətin həyatına birinci xanım ənənəsini gətirib. YUNESCO və İSESCO-nun xoş məramlı səfiri statusunu daşıyır.
Bu siyahıya Azərbaycanın ilk qadın yazıçılarından, maarifçi Şəfiqə Əfəndizadənin, general A.Şixlinskinin həyat yoldaşı, 1-ci dünya müharibəsində ilk tibbi yardıma başçılıq edən Nigar Şıxlinskayanın, ilk azərbaycanlı kimyaçı-qadın İzzət Orucovanın, ilk həkim-ginekoloq Ədilə Şaxtaxtinskayanın, Azərbaycanın ilk bəstəkar qadını Ağabacı Rzayevanın, ilk peşəkar opera müğənniləri Fatma Muxtarova və Şövkət Məmmədovanın, ilk heykəltəraş qadınlar olmuş Elmira Hüseynova və Münəvvər Rzayevanın, yazıçılarımız Əzizə Cəfərzadə və Ələviyyə Babayevanın, Azərbaycanın ilk maarifçi qadınlarından, xeyriyyəçi, tərcüməçi Həmidə Cavanşirin (Məmmədquluzadə), Azərbaycanın ilk qadın pediatr alimi, dünya şöhrətli alim, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, SSRİ Tibb Elmləri Akademiyasının müxbir üzvü Adilə Namazovanın, Türkiyədə ilk qadın vəkil olan Əhməd bəy Ağaoğlunun qızı Sürəyya Ağaoğlu kimi qadınlarımızın adını fəxrlə çəkə bilərik.
Aygün İbrahimli, Bizim.Media