Hacı Şahinin vəsiyyətinə kimlər əməl etmir?

Hazırda oxunan: Hacı Şahinin vəsiyyətinə kimlər əməl etmir?

124260

Bir neçə gün öncə Azərbaycanın tanınmış ilahiyyatçı alimi, din xadimi Hacı Şahinin vəfatı şübhəsiz ki, özünü mömin hesab edən hər kəsi dərindən sarsıtdı. Sağlığında bir çox insanı haqq yoluna dəvət edən, din və imanı yüksək mərtəbəyə ucaldan Hacı Şahinin vəfatına necə kədərlənməyəsən axı. İstər şəxsiyyəti, istərsə də yaşadığı mənalı ömür yolu Hacı Şahini bütün Azərbaycan xalqının qəlbində özünəməxsus yer tutmasının əsas səbəbidir.

“Nə zaman ki, biz dini söz ilə yox, əməl ilə təmsil edəcəyik, o zaman haqq-ədalət bərqərar olacaq.”

Hacı Şahin Həsənlinin hələ sağlığında dediyi bu sözləri onun bizlərə son vəsiəti kimi dəyərləndirsək, yəqin ki, yanılmış olmarıq. Bəs görəsən haqqın dərgahına qovuşmuş Hacı Şahinin düşüncələrini, onun inanclı insanlara etdiyi vəsiəti nə dərəcədə yaşada bilirik?

Deyilən sözlərin, səsləndirilən fikirlərin və ibadətin həqiqi mənasını başa düşə bilirikmi? 

Hörmətli və qəlbində Allah sevgisi ilə yaşayan bir insanı öz əməllərimizlə haqq dünyasında sevindirə bilirikmi? Təəssüf ki, fani dünyada yaşayanlar olaraq bu mövzuda o qədər də uğurlu olduğumuzu düşünmürük. Ən azından Hacı Şahinin dəfn mərasimindən sonra baş verən hadisələri izlədikcə əməllərimizi bir daha düşünmək ehtiyacı hiss edirik. İnanclı şəxslərin Hacı Şahinin vəfatını dini təbliğat və emosianallıq vasitəsinə çevirməsi, nəticədə özləri də fərqində olmadan din və imana zərər vurmaları hər kəs kimi bizi də narahat edir.

Müqəddəs dinimiz İslam ölümü yeni bir dünyanın başlanğıcı kimi görür və hər inanc sahibin əməllərinə görə dəyərləndirəcəyi ilahi ədalətə açılan qapı adlandırır.

Bəs bizləri fani dünyadan haqqın dərgahına yüksəldəcək bir məqamı emosional və radikal şəkildə dəyərləndirmək, açıq şəkildə Allahla bəndə arasındakı xəlvəti pozmağa çalışmaq doğrudanmı iman göstəricisidir?

Ölümlü dünyadan əbədiyyətə ucalan Hacı Şahinin müqəddəs ruhunu dünyəvi maraqlara alət etmək necə? Bizlər üçün saf və səmimi inancın göstəricisi ola bilərmi?

Xalqımızın dəfn adətlərindən və İslam dininin köklü ənənələrindən uzaq, şou xarakterli və heç bir dini əsası olmayan rituallara müraciət etməyin kimlərə və hansı maraqlara xidmət etdiyini mənalandırmaq çətindir.

Əgər belədirsə, nə mərhuma, nə də tövbəyə ehtiyacı olan bizlərə xeyiri olmayan davranışlar sərgiləməyin, Allah qatında şirk və bidət hesab olunan əməllərə imza atmağın mənası nədir. Dinimizin mahiyyətindən və tariximizdən uzaqlaşmaq, bizə yad adətləri və ritualları ixrac etmək, saf inanc əvəzinə “dini şou” yaratmağa nə ehtiyac var.

Doğrudanmı bu bizik?

Doğrudanmı əsrlərdir əzizlərimizi, yaxınlarımızı, ana-atamızı, şəhidlərimizi haqq dünyasına bu cür yola salmışıq? Əgər etməmişiksə, bu gün bütün bu yeni trendlərin, şouların, emosianallığın, dinə uyğun olmayan davranışların məqsədi və məramı nədir?

Dünyəvi zövqlərin əsirinə çevrilmiş bizlərin Hacı Şahin kimi hörmətli din xadimləri və ilahiyyatçılardan pənah umması, onların xatirəsini yaşadaraq qurtuluşa ümid etməsi olduqca təbiidir. Lakin Hacı Şahinin təbliğ etdiyi dəyələrə və ideyalara uyğun yaşamaq, onun məzarı üzərində emosional dini ritual icra etməkdən, sinə vurmaqdan, üz çırmaqda daha xeyirli deyilmi? Hacı Şahinin vəsiət etdiyi kimi bir ömür doğru və dürüst həyat yaşamaq, bütün gecə məzar başında ağlamaqdan daha böyük ibadətdir.

İnanmaq istəyirik ki, Hacının məzarı başında “dini ritual” icra etmək ehtiyacı duyan şəxslər onun şəxsiyyətinə və ruhuna qarşı da eyni həssaslığı göstərəcəklər.

Hacı Şahinin əbədi sükutunu pozmadan, onun ruhunu narahat etmədən və dirilər üçün vəsiətinə əməl edərək yaşamağı seçəcəklər. Dünyəvi maraqlarını Hacı Şahinin məzarı üzərində reallaşdırmaq əvəzinə, ona olan hörmətlərini həyatları və seçdikləri doğru yolla göstərməyi seçəcəklər.

Çünki məhz bu yol həm dinimiz İslama, həm mənəvi dəyərlərimizə, həm də Hacı Şahinin ruhuna ən böyük hörmətimizin göstəricisi ola bilər.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin